İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistanı müharibəyə hazırlayır - Şevçenkodan şok proqnoz

Aralıq dənizində Türkiyənin mövqeyini zəiflətmək üçün Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni alovlandırmalıdır; hədəf Bakı ilə Ankaranın diqqətini yayındırıb qaz yataqlarının ələ keçirilməsidir - təhlil

“Fransa Prezidenti Makron Azərbaycana faktiki olaraq müharibə elan edib”. “Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış rus ictimai xadim, Azərbaycana münasibətdə həmişə obyektivliyi ilə seçilən Maksim Şevçenko Soçi görüşü öncəsi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini şərh edərkən bildirib. Bu haqda Oxu.az-a danışan rus analitik Makronun son məlum çıxışını dəhşətli adlandırıb: “Noyabrın 15-də isə Fransa Senatı Azərbaycana qarşı sanksiyaları müzakirə edəcək. Bu anti-Türkiyə və anti-Azərbaycan sənədin qəbul ediləcəyinə şübhə edənlər azdır. Bəzi məlumatlara görə, orada "Qarabağ Ermənistandır" və sair bunun kimi şeylər də yer alacaq", - deyə analitik bildirib.

Şevçenkonun sözlərinə görə, Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə hazırlayır. Səbəbini isə o, belə izah edir: “Fransa alyansların qurulduğu Aralıq dənizinin cənub-şərqindəki qaz ehtiyatlarına görə Türkiyə ilə həlledici qarşıdurmaya girib. Birincisi Fransa-Yunanıstan-Yunan Kipri-Misir-Liviya generalı Haftardır. İkincisi, Türkiyə-Azərbaycan-Pakistan (Aralıq dənizindən uzaqda olsa da) - Liviya Milli Şurasıdır. Aralıq dənizində Türkiyənin mövqeyini zəiflətmək üçün Fransa Ermənistanla Azərbaycan arasında yeni müharibəni alovlandırmalıdır. Hədəf Bakı ilə Ankaranın diqqətini yayındırmaq və Aralıq dənizində qaz yataqlarının ələ keçirilməsi məsələsini həll etməkdir. Qaz və uranla təminat məsələsi Paris üçün strateji məsələdir”.

Politoloq ölkələrin imperialist müharibələr dövrünə qayıtdığını, başqa sözlə, yeni mərhələnin başladığını vurğulayıb: “Sizi əmin edirəm ki, Ermənistan indi partlayıcılar doldurulan detonatora çevrilə bilər. Artıq vahid Qərb yoxdur və burada, Cənubi Qafqaz regionunda Fransa, İran və qismən də ABŞ-ın mövqeləri təəccüblü şəkildə üst-üstə düşür (Vaşinqton, sadəcə olaraq, bu xaosu idarə etmək istəyir). İstənilən halda İran Ermənistanın müttəfiqi olaraq qalacaq. Tehran Türkiyə-Azərbaycan tərəfdaşlığından qorxur. Təsadüfi deyil ki, Hindistan silahlarının İran vasitəsilə Ermənistana çatdırılması ehtimalı barədə məlumatlar var”. Bəs rus ekspertin proqnozu nə dərəcədə ciddidir və Azərbaycanla Türkiyə bunu necə önləyə, hansı tədbirləri görə bilər?

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb, 6 senatorun hazırladığı qətnamə layihəsi Bakını küncə sıxışdırmaq məqsədi daşıyır: “Azərbaycan "hərbi cinayətlərdə və insan haqlarının pozulmasında" ittiham olunur. Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmaq çağırışı edilir. Ermənilərin Qarabağa “qayıdış hüququ”, işğaldan azad edilmiş ərazilərdə “erməni mədəni irsinin qorunması” kimi məsələləri özündə ehtiva edir. Noyabrın 15-də senatda müzakirəyə çıxarılacaq qətnamənin qəbul edilməsi ehtimalı böyükdür. Fransanın Azərbaycana qarşı mövcud siyasəti, xüsusilə sərhəddə son toqquşmalardan sonra Paris-Bakı xəttində baş verənlər bu gözləntini artırır. Qətnamənin müəllifləri arasında senatda əksər çoxluğa malik olan Sosialist Partiyasını təmsil edir və bu, səsvermədə həlledici ola bilər. Qətnamə qəbul edilsə belə praktiki mərhələdə işləyəcəyi gözləntisi azdır, xüsusilə Avropa üçün həyati əhəmiyyət kəsb edən enerji resursları baxımından. Hərçənd Fransa bütün körpüləri yandırmaqda israrlı görünür və belə addımlarla Cənubi Qafqazda təsir imkanlarını nə qədər artıra biləcəyi də sual altındadır".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova deyir ki, Aralıq dənizində qaz yataqları uğrunda mübarizə qlobal məsələdir: “Burada Fransa Türkiyəyə mane olmağa çalışır və yunanları prosesə cəlb ediblər. Təbii ki, Türkiyənin güclənməsi Fransanın ürəyincə deyil. Ancaq Ermənistan-Azərbaycan mövzusu Makron üçün ayrı istiqamətdir. Məqsəd həm Rusiyanı Qafqazda sıxışdırmaqdır, həm rus hərbçilərinin yerinə BMT qoşunlarını yerləşdirmək arzusudur, həm də Ermənistanı açıq dəstəkləməklə Paşinyan hakimiyyətini qorumaqdır. Bax, Fransa bu üç hədəfi prioritet seçib. Eyni zamanda sərhəd toqquşmalarında Makron Rusiyanı ittiham etdi. Dedi ki, rus hərbçiləri hara baxırdı, Azərbaycan Ordusu guya Ermənistana daxil olub. Bununla təəssürat yaratmağa çalışırdı ki, rus hərbçiləri Ermənistan sərhədlərini qoruya bilmir və bölgəyə fransız qoşunları, yaxud BMT qüvvələri cəlb olunmalıdır. Hələlik mülki missiyanı Ermənistanın Azərbaycanla sərhədinə göndərməyə nail olublar, ardınca hərbi missiya üçün vurnuxacaqlar. Fransanın regiona yerləşmək arzusu göz önündədir. Ona görə fəallaşıb. Lakin bunu önləmək tək bizdən asılı deyil, Rusiya da min ölçüb, bir biçməlidir. Təəssüf ki, Rusiya son hərəkətləri ilə Azərbaycanı itirir, Qərbə tərəf itələyir. Bu yanlış siyasəti düzəltməlidir ki, Fransa bölgəyə müdaxilə edə bilməsin”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR