Onlayn ictimai-siyasi qəzet
Son zamanlar Paris və Brüselin münasibətlərində gərginləşmə müşahidə olunur. Bəs Fransa Avropa bilriyindən çıxa bilərmi?
Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev məsələyə bu cür şərh verib:
"Fransa hökuməti Avropa Komissiyasının ABŞ ilə gömrük tarifləri üzrə apardığı danışıqlarda “təslimiyyətçi mövqe” tutduğunu bildirərək Brüsseli kəskin tənqid edib. "Politico" nəşrinin məlumatına görə, Prezident Emmanuel Makronun komandası Komissiyanın Vaşinqtonla apardığı müzakirələrdə “yalvaran kimi davranmasını” qəbuledilməz sayıb.
Fransa Maliyyə Nazirliyinin jurnalistlərə təqdim etdiyi açıqlamada bildirilib ki, Paris Komissiyanın danışıqlara yanaşmasının dəyişməsini istəyir. Fransa Ticarət naziri Loren Sen Marten isə ötən günlərdə verdiyi açıqlamada Avropa İttifaqını ABŞ-yə qarşı “güclü cavab tədbirləri” görməyə çağırıb.
Məlumata görə, Brüssel hazırda ABŞ-nin xidmət sektorunu da əhatə edəcək yeni bir qarşı tədbirlər paketi üzərində işləyir. Fransa Avropa Birliyinə daha sərt və prinsipial strategiya təklif edərək, danışıqlar masasında passiv qalmağın Avropanın maraqlarına zidd olduğunu açıq şəkildə bildirib. Fransa Sənaye naziri Mark Ferratsinin də Almaniya və İtaliya rəsmiləri ilə görüşlər keçirərək ortaq mövqe formalaşdırmağa çalışacağı gözlənilir".
Politoloq qeyd edir ki, Fransanın bu davranışı iki aspektdən önəmlidir:
"Birincisi, Makron hökuməti Şarl de Qollun əsasını qoyduğu siyasi xətti davam etdirməyə – Avropanın liderliyini ələ keçirməyə və ABŞ-nin "qoca qitə"dəki təsirini yox etməyə çalışır. Makron hökumətinin niyyəti Fransanın rəhbərliyi altında Avropanı ABŞ ilə hesablaşmayan müstəqil gücə çevirməkdir. Lakin hazırda bu imkanlar məhduddur. Çünki həm iqtisadi çətinliklər, həm də Avropanın təhlükəsizliyində yaranan dərin böhran onu ABŞ-dən asılı vəziyyətə salır.
Brüsselin apardığı siyasət ABŞ ilə dil taparaq iqtisadi dividentlər əldə etmək strategiyasına əsaslanır. Yenidən Ağ Evə qayıdan Donald Trampın Çinlə yaxınlaşmaq istəyən Avropanı rüsum siyasəti ilə təhdid etməsi, birliyin onsuz da ağır olan iqtisadiyyatında daha ciddi problemlərə yol açır. Parisin isə Brüsseldən istədiyi – müstəqil iqtisadi gücün formalaşmasıdır. Buna görə də Paris birlik rəhbərliyindən daha sərt və prinsipial mövqe tələb edir".
Zeynal Əmrəliyevin fikrincə, Fransanın indiki zamanda Avropa Birliyini tərk edəcəyi gözlənilən deyil:
"İlk növbədə, bu iqtisadi baxımdan Parisə sərf etmir. İkincisi isə, Makron hökumətinin niyyəti birliyi tərk etmək yox, buradakı liderliyi ələ keçirməkdir. Ehtimal ki, Makron Brüsselə qarşı təkbaşına hərəkət etməyəcək. Almaniya və İtaliya ilə aparılan danışıqlar Fransanın birlik daxilində yeni qrup formalaşdırmaq istəyindən xəbər verir.
Baş verənlər onu göstərir ki, Paris–Brüssel gərginliyi hələ bir müddət də davam edəcək".
Xalidə Gəray
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ