İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Afrikadan qovulur – Çad və Seneqal fransız hərbi bazalarını bağlayır

Fransa keçmiş Afrika koloniyalarında təsirini itirməkdə davam edir. Artıq Çad da Parislə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Bu, Sahel bölgəsində hələ də Fransanın hərbi mövcudluğu olan sonuncu ölkədir. Oxşar qərarı Fransanın Qərbi Afrikadakı qalası sayılan Seneqal hakimiyyəti də açıqlayıb.

Bu barədə beynəlxalq mediada yer alan materiallara görə, ordunun çıxarılması bu ölkələrlə iqtisadi əməkdaşlığın məhdudlaşdırılmasına səbəb olmasa da, Saheldəki bazaların itirilməsi Fransa prezidenti Emmanuel Makronun xarici siyasətdəki uğursuzluqlarından biri sayılır.

Çad xarici işlər naziri Abderaman Kulamalla fransızlarla hərbi əməkdaşlıq yolu ilə təmaslardan imtina qərarını açıqlayıb. Fransanın bu ölkədə təxminən min nəfərlik hərbi kontingenti var idi. Bu ilin aprel ayında yerli hökumətin tələbi ilə Amerika hərbçiləri də Çadı qismən tərk ediblər.

“New York Times” qəzeti hesab edir ki, böyük ehtimalla Çad Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatı Yelisey sarayı üçün sürpriz olub. Nüfuzlu bir müşavir bu yaxınlarda Makrona Çad, Qabon və Kot-d'İvuardakı qoşunları azaltmağı təklif edib.

Çadı indi ölkənin keçid hərbi şurasının sədri Mahamat İdris Debi idarə edir. O, atası İdris Debinin döyüşdə ölümündən sonra dövlətə rəhbərlik etməyə başlayıb. Keçid şurasının hakimiyyətə gəlməsini qərbli politoloqlar dövlət çevrilişi kimi qiymətləndirirlər. Yeni hökumətin dövründə Çad Mali, Burkina Faso və Nigerdən fərqli olaraq Fransanın əleyhdarları arasında deyildi. Məlum olduğu kimi, bu ölkələrdə baş verən hərbi çevrilişlərdən sonra hakimiyyətə gələn hərbçilər Fransanın əleyhinə çıxışları ilə diqqət mərkəzinə gəliblər. Debi isə son vaxtlara qədər keçmiş metropoliya ilə birbaşa qarşıdurmaya girmirdi və indi də hər iki ölkə arasında iqtisadi əlaqələr qalmaqdadır.

Fransanın Çad hakimiyyətinin qərarını tənqid etməməsi əlamətdardır. Rəsmi Paris hərbi əməkdaşlığın ləğv edilmiş saziş çərçivəsində olmasa da, davam edəcəyinə ümid etdiyini bildirib.

Bununla belə, Fransa hakimiyyətinin tonu dəyişə bilər. Axı, Fransaya daha bir əhəmiyyətli zərbə vurulub. Seneqal prezidenti Bassirou Diomay Faye Fransa mətbuatına müsahibə verərək bildirib ki, xarici hərbi kontingentin olduğu ölkə həqiqi müstəqil ölkə sayıla bilməz.

O, sözlərini "tezliklə" Seneqalda daha fransız əsgərlərin olmayacağına dair sözlə dəstəkləyib. "Seneqal müstəqil, suveren ölkədir və suverenlik xarici hərbi bazaların mövcudluğuna imkan vermir", - Faye deyib.

Belə bir elan üçün vaxt təsadüfən seçilməyib. Dekabrın ilk günü Seneqal üçün əlamətdar bir tarixdir. 1 dekabr 1944-cü ildə Thiaroy qırğını (müasir Dakar) baş verib: fransız əsgərlər II dünya müharibəsində vuruşmuş 400-ə qədər Seneqal hərbçisini öldürüblər. Buna səbəb afrikalı əsgərlərin xidmət şəraitindən narazılıq etmələri olub. Fransa bu qətliama görə məsuliyyəti öz üzərinə götürüb, lakin təzminat ödəməkdən və insidentlə bağlı sənədləri açıqlamaqdan imtina edib.

Çad rəhbərliyi kimi, Seneqal hakimiyyəti də Mali, Niger və Burkina-Faso hökumətlərindən fərqli olaraq anti-Qərb ritorikasına əl atmayıb. Faye sərt ifadələrindən sonra ölkəsinin ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Çinlə yaxşı münasibətlər saxladığını bildirib və qeyd edib ki, bu dövlətlərin heç birinin Seneqalda hərbi bazası yoxdur.

Fransada Afrikadakı mövcudluğun azaldılmasına münasibət birmənalı deyil. Fransızlar başa düşürlər ki, bu, gec-tez baş verəcəkdi. Fransa öz müstəmləkələrini çox uzun müddət saxlayıb və geridə pis xatirələr buraxıb.

Eyni zamanda, Makronun dövründə Fransanın Afrikadakı hərbi mövcudluğunun sürətlə məhdudlaşması onun ayağına yazılır.

Əslində isə müasir fransız siyasətçilər də sələfləri kimi, Fransanın öz vassallarından məhrum olmasını istəmirlər, sadəcə, artıq Afrikadakı rejimləri ram etməyə gücləri çatmır. Bu yarımasılı ölkələrdə ard-arda dövlət çevrilişləri olur və Fransaya qarşı əsrlərcə yığılmış nifrət vulkan kimi püskürür.

Ən qəribəsi odur ki, 1-2 əsr öncəki kimi hələ də imperiya ambisiyaları ilə yaşayan bu dövlət dünyaya demokratiya və insan haqlarına dair dərs keçmək niyyətindədir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR