Onlayn ictimai-siyasi qəzet
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 19-da işini davam etdirir.
Forumun ikinci gününün ilk paneli Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi mövzusuna həsr olunub.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə "İçərişəhər" Dövlət Tarix-MemarlıqQoruğu İdarəsi İdarə heyətinin sədri Şahin Seyidzadə "Mədəni irsin qorunması, monitorinqi, inventarlaşdırılması və pasportlaşdırılması, abidənin bərpa-konservasiya təcrübəsi, ənənələr və müasir yanaşmalar" mövzusunda çıxış edib. O, qoruq ərazisindəki tarixi abidələrdən və ərazidə yaşayış şərtlərindən danışıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Mədəni irsin qorunması sahəsində qanunvericilik məsələləri" mövzusunda çıxışında mədəni irsin qorunmasında əsas istiqamət və məqsədlər barədə söz açıb. Abidələrə qanunsuz müdaxilələrdən danışan xidmət rəisi diqqətə çatdırıb ki, vətəndaşların istifadəsinə olan tarixi-mədəni abidələrimizin bir qismi baxımsız vəziyyətdədir. Burada ərazi şəraiti, yaxud kiminsə fərdi sahəsində olması və digər bu kimi amillər həmin abidələrin mühafizəsinə əngəl törədir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov "Arxeoloji abidələrin tədqiqinə yeni üsullar: müasir metodologiyalardan istifadə" mövzusunda çıxış edib. Məruzəçi arxeoloji tədqiqatlarda müasir texnologiyaların istifadəsinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi İdarə heyətinin sədr müavini Sədaqət Davudova "Mədəni irsin qorunmasında qanunvericilik məsələri" mövzusunda çıxışında mərkəzin tabeliyində olan qoruqlardakı irs obyektlərinin mühafizəsi məsələlərindən bəhs edib. Deyib ki, Qoruqları İdarəetmə Mərkəzinin əsas vəzifələri qoruqların ərazilərində yerləşən maddi mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarixi-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaq və s. ibarətdir.
"Mədəni irs abidələrinin idarə edilməsi, onların qorunmasında müasir texnologiyalar və innovasiyalar, kadrların hazırlanması" mövzusunda çıxış edən Avstriyanın "Atəşlər” Erich Pummer" şirkətinin müdir müavini Çingiz Nemanzadə minarələrin bərpasında diqqət edilməli məqamlardan, bu sahədə tətbiq edilən yeni texnologiyalardan söz açıb. Onun çıxışı minarələrin bərpa texnologiyasına dair videoçarxla müşayiət olunub.
Televiziya aparıcısı, bələdçi Fuad Axundov "Memarlıq abidələrinin qorunması və istifadəsində əhalinin sosial məsuliyyəti , dövlət və özəl tərəfdaşlıq" mövzusunda çıxışında tarixi binaların fasadlarına yersiz müdaxilələrdən danışıb.
Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.
Forumun V paneli "Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması" mövzusuna həsr olunub.
Dekabrın 19-da "Gülüstan" sarayında gerçəkləşən Mədəni İrs Forumunun növbəti paneli "Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması" mövzusuna həsr olunub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun moderatorluğu ilə keçirilən paneldə "Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsi işğaldan əvvəl və sonra", "Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən abidələrin monitorinqi və bununla bağlı çətinliklər", "Qərbi Azərbaycan ərazisində xalqımızın tarixi və mədəni irsinin qorunması, tədqiqi və mühafizəyə götürülməsinin təmin edilməsi" və "Mədəni sərvətlərin qorunması haqqında beynəlxalq konvensiyaların tətbiqi məsələləri" mövzularında çıxışlar dinlənilib.
Əvvəlcə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış panelin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizlə təşkilat arasında əlaqələrdən danışıb, bu münasibətlərin əsasında Ulu öndər Heydər Əliyevin uzaqgörən fəaliyyətinin dayandığını qeyd edib. Bildirilib ki, UNESCO-da Azərbaycanın səsinin eşidilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu olub. Diplomat ki, deyib ki, mədəni mirasımıza qarşı erməni vandallarının törətdikləri vəhşilikləri, haqq səsimizi dünyaya çatdırmaq üçün sistemli addımlar atılmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aytən Seyidova Azərbaycanın zəngin flora və faunası haqqında söz açıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 2-si qoruq, 4-ü yasaqlıq olmaqla 6 təbiət abidəsi var. İşğal dövründə ermənilər tərəfindən həmin ərazilərin böyük bir hissəsi məhv edilib.
AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa vurğulayıb ki, 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra süni surətdə "Erməni vilayəti" yaradılıb. Həmin ərazidə mövcud olmuş 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə erməni kilsələrinin ətrafında ermənilər yaşayıblar.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Fərhad Quliyev erməni işğalçılarının Qarabağ və Şərqi Zəngəzurda törətdikləri vandalizm aktları barədə danışıb. Deyib ki, işğal dövründə ermənilər hətta qəbiristanlıqları belə məhv ediblər.
Qarabağ Dirçəliş Fondu Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova fondun missiyası, fəaliyyəti haqqında məlumat verib, mədəni irsimizin qorunmasının vacibliyindən danışıb. Qeyd edib ki, bir ölkənin mədəni irsi o ölkənin tarixidir. Hansısa ölkəyə səyahət edərkən, ilk növbədə, həmin ölkənin tarixi-mədəni abidələrini araşdırırıq. Ona görə də maddi-mədəni irsimizin qorunması böyük əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Azər İbrahimov Qarabağda həyata keçirdiyi fotoçəkilişlər barədə məlumat verib. Bildirib ki, AZƏRTAC-ın əməkdaşlarından ibarət çəkiliş qrupları Vətən müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş ərazilərə yollanaraq doğma şəhər və kəndlərimizdə erməni vandalizminin izlərini beynəlxalq aləmə çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb və bu istiqamətdə işlər davam etdirilir.
Çıxışlardan sonra səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ