Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Büdcə xərclərini ixtisar etmək deyil, səmərəli formada artırmaq lazımdır”
Azərbaycan Maliyyə Nazirliyi 2023-cü ildə dövlət büdcəsinin icrasına dair operativ məlumatı açıqlayıb. Məlumatdan aydın olur ki, ötən il dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 5 faiz və ya 1 milyard 684,3 milyon manat artıq icra olunaraq 35 milyard 574,8 milyon manat təşkil edib. Bu, 2022-ci illə müqayisədə 4 milyard 895,2 milyon manat və ya 16 faiz çoxdur.
Büdcə gəlirlərinin 45,3 faizini - 16 milyard 126,7 milyon manatını vergi daxilolmaları və dövlət rüsumları təşkil edib ki, bu da proqnoza nisbətən 1 milyard 139,7 milyon manat və ya 7,6 faiz, 2022-ci illə müqayisədə isə 583,7 milyon manat və ya 3,8 faiz çoxdur. Bu məbləğin 60,2 faizi və ya 9 milyard 707,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Bu, proqnoza nisbətən 722,9 milyon manat və ya 8 faiz, 2022-ci illə müqayisədə isə 1 milyard 571,5 milyon manat və ya 19,3 faiz çox deməkdir.
Vergi daxilolmalarının 6 milyard 418,8 milyon manatını neft-qaz sektorundan ödəmələr təşkil edib ki, bu da proqnoza nisbətən 416,8 milyon manat və ya 6,9 faiz çoxdur.
Büdcə gəlirlərinin 17,8 faizini - 6 milyard 337,8 milyon manatını gömrük rüsumları və Azərbaycan ərazisinə malların idxalına görə vergi və digər gəlirlər təşkil edib. Bu mənbədən daxilolmalar proqnoza nisbətən 609,8 milyon manat və ya 10,6 faiz, 2022-ci illə müqayisədə isə 683,2 milyon manat və ya 12,1 faiz çoxdur.
Ötən il Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11 milyard 737,6 milyon manat və ya ümumi gəlirlərin 33,0 faizi həcmində vəsait daxil olub.
Büdcə xərclərinə gəlincə, nazirliyin operativ məlumatına görə, ötən ol bu göstərici proqnoza nisbətən 99,5 faiz və ya 36 milyard 458,5 milyon manat icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4 milyard 393,9 milyon manat və ya 13,7 faiz çoxdur.
Büdcə xərclərinin 19 milyard 833,8 milyon manatı və ya 54,4 faizi cari xərclərə (2022-ci illə müqayisədə 2 milyard 94,8 milyon manat və ya 11,8 faiz çox), 15 milyard 442,2 milyon manatı və ya 42,4 faizi əsaslı xərclərə (2022-ci illə müqayisədə 2 milyard 908,6 milyon manat və ya 23,2 faiz çox), 1 milyard 182,5 milyon manatı və ya 3,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2022-ci illə müqayisədə 609,5 milyon manat və ya 34,0 faiz az) yönəldilib.
2023-cü ildə 2022-ci illə müqayisədə xərclərin funksional təsnifatına uyğun olaraq iqtisadi fəaliyyət xərclərinə 2 milyard 324,9 milyon manat və ya 33,4 faiz (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir), müdafiə və milli təhlükəsizlik xərclərinə 993,2 milyon manat və ya 20,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 817,1 milyon manat və ya 23,6 faiz, təhsil xərclərinə 428,3 milyon manat və ya 11,6 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 304,6 milyon manat və ya 12,9 faiz, səhiyyə xərclərinə 304,2 milyon manat və ya 21,5 faiz, ətraf mühitin mühafizəsi xərclərinə 77,0 milyon manat və ya 27,3 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 65,2 milyon manat və ya 24,4 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 58,8 milyon manat və ya 14,5 faiz, kənd təsərrüfatı xərclərinə 27,5 milyon manat və ya 3,0 faiz çox vəsait sərf olunub.
2023-cü ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 19,7 faizi həcmində (2022-ci illə müqayisədə 2,2 faiz-bənd çox) və ya 7 milyard 167,5 milyon manat yönəldilib ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 544,9 milyon manat və ya 27,5 faiz çoxdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5 milyard 588 milyon manat ayrılıb.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2023-cü il dövlət büdcəsindən 1 milyard 980,4 milyon manat, pensiya ödənişlərinin maliyyələşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 467,8 milyon manat ayrılıb.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 457,6 milyon manat sərf edilib.
2023-cü ilin dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2 milyard 660,4 milyon manat xərclənib. Bunun 659,8 milyon manatı elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, digər sosial-mədəni, müdafiə, hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına, 1 milyard 960,8 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 39,8 milyon manatı isə Naxçıvanda həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə sərf olunub.
Ötən il Prezidentin Ehtiyat Fondundan 300 milyon manat xərclənib. Dövlət büdcəsinin ehtiyat fondundan nəzərdə tutulan 119,5 milyon manatdan əlavə, 1 milyard 531,9 milyon manat da xərclənib. Nazirlik bildirir ki, əlavə vəsait büdcənin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsində qənaət olunmuş vəsaitdən dövlət büdcəsinin ehtiyat fonduna yönəldilib. Nəticədə büdcənin ehtiyat fondu vasitəsilə xərcləmələr nəzərdə tutulandan 15 dəfədən çox artaraq 1 milyard 640,6 milyon manat təşkil edib.
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 1 milyard 182,5 milyon manat proqnoza qarşı 1 milyard 31,9 milyon manata bərabər olub. Bunun 772,3 milyon manatını xarici dövlət borcu üzrə xərclər (254,8 milyon manat əsas borc və 517,5 milyon manat faiz borcu), 259,6 milyon manatını isə daxili dövlət borcu üzrə faiz borcu təşkil edib.
Ötən ili Azərbaycanın dövlət büdcəsi 883,7 milyon manat kəsirlə icra olunub. Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 0,7 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,8 faiz-bənd azdır. Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsi xərclərinin 166,3 milyon manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına baş verib.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri hesab edirlər ki, neft qiymətlərinin büdcədə nəzərdə tutulandan yüksək olması və qeyri-neft gəlirlərinin artımı eyni dövrdə Azərbaycanın icmal büdcəsini profisitdə saxlayacaq. Azərbaycanda cari əməliyyatlar hesabının profisiti isə (CƏH) qarşıdakı iki ildə ikirəqəmli olmaqda davam edəcək: “Müsbət cəhət odur ki, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2023-2025-ci illərdə ikirəqəmli səviyyədə qalacaq. Ölkənin xalis suveren aktivləri 2025-ci ilə qədər ÜDM-in 72 faizinə yüksələcək”.
Qeyd edək ki, büdcə artıqlığı (profisit) - büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir. Büdcə profisiti iki mərhələdə, birinci - borc xidmətinin dəyəri nəzərə alınmadan hesablandıqda və ikinci - daxili və xarici borclar üzrə ödənişlər nəzərə alınmaqla hesablanır.
Azərbaycanda yüksək neft-qaz gəlirləri şəraitində büdcənin profisitlə icra olunması istisnasız olaraq müsbət hal kimi dəyərləndirilir. Lakin müstəqil iqtisadçılar hesab edirlər ki, büdcə profisiti gəlirlərin məqsədyönlü şəkildə az proqnozlaşdırılmasından qaynaqlanır. Digər tərəfdən, büdcə xərcləmələri iqtisadiyyatın tələbindən daha aşağı sürətlə artırılır.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, büdcənin profisitlə icrası hər hansı ciddi iqtisadi uğur kimi qiymətləndirilməli deyil: “Əksinə, büdcə xərclərinin iqtisadi artımı stimullaşdıracaq həcmdə artırılması yolu ilə inkişaf etmiş ölkələr ümumi iqtisadi artımı sürətləndirirlər. Yəni qarşına təxmin olunan gəlirindən daha çox xərc qoyub, onun maliyyələşməsi üçün mənbələr tapmağa çalışmaqla iqtisadiyyatı daha sürətlə inkişaf etdirmək mümkündür, nəinki əvvəlcədən gəlirini məqsədyönlü şəkildə az hesablayıb, ilin sonunda xərcindən bir az da kəsməklə profisitli büdcə icrasına nail olmaqla. Azərbaycanda iqtisadi canlanma əsasən büdcə xərcləmələri hesabınadır. Bu şəraitdə xərclərin ilin yekununda az da olsa ixtisarına deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün daha səmərəli istiqamətlər taparaq onlar üçün daha çox xərcləmələrə getməyə çalışmaq lazımdır”.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ