İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərli İranda deyilsə... - Bir müsəlman anaya “müsəlman” ölkənin zülmünün səbəbi

İranda itkin düşən Fərid Səfərlidən ikinci aydır heç bir xəbər yoxdur. İranın Azərbaycandakı səfirliyi martın əvvəlində Fərid Səfərlinin taleyini aydınlaşdırmaq vədinə əməl etməyib. Bundan öncə səfirlik aprelin 4-dək bunu edəcəyini tələbənin anasına söz vermişdi.

Oğlundan heç bir xəbər almayan Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, oğlunun axtarışını davam etdirir. O qeyd edib ki, Almaniyadan İrana səfər edib, oradan isə Azərbaycana gəlib. Amma hələ oğlunun taleyi ilə bağlı məlumat ala bilməyib: “Martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşdüm. Səfir müavini mənə dedi ki, ən geci aprelin 4-dək Fərid Səfərli ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab veriləcək. Mən sonradan Xarici İşlər Nazirliyi ilə də, Konsulluqla da əlaqə saxladım, dedilər ki, onlara heç bir məlumat verilməyib. Narahatam, niyə axı uşaqdan bir xəbər yoxdur. Açığı, bu məsələ uzandıqca daha çox narahat oluram. Bəlkə, uşağın başına nə isə pis bir iş gəlib, açıqlaya bilmirlər. Vaxt uzandıqca ürəyimə çox pis fikirlər gəlir”.

Fərid Səfərlinin anası: "İranda sevdiyi qız var imiş. Onunla görüşmək üçün  gedib" - BBC News Azərbaycanca

Dilarə Əsgərova: “Bəlkə, uşağın başına pis bir iş gəlib, açıqlaya bilmirlər”

Bəs görəsən bir anaya, həm də müsəlman anaya özünü müsəlman, “islam respublikası” sayan İranın bunca zülmü caizmi və nə vaxt bitəcək? Belə davranış islami dəyərlərlə nə dərəcədə uzlaşır?

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan vətəndaşının İranda itkin düşməsi dini məsələdən daha çox hüquqi mahiyyət kəsb edir: “Fərid Səfərlinin bu ölkədə yoxa çıxmasından bir aydan çox vaxt keçir. Bu müddət insan taleyinə biganə qalmayan ölkə üçün yetərli zamandır. İnsanın ölkəyə girişi ilə bağlı qeydiyyat, onun kiminlə görüşməsi və sairə məsələlər yetərlidir ki, Fərid Səfərli barədə məlumat Azərbaycan tərəfinə çatdırılsın. İki ölkə arasında hüquqi müqavilələr bu məsələnin çox rahatlıqla həllini gərəkli edir. Əgər yoxa çıxmış insanı tapmaq belə çətindirsə, müasir texnologiya, HTC məlumatları insanın haqqında bilgilərin əldə edilməsinə yardımçı ola bilər. Bunları həmin ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanlarında gözəl bilirlər”.

İlahiyyatçı əlavə edib ki, hadisənin insani və mənəvi cəhətlərinə diqqət edilsə, bir ananın övladından xəbər almadığı üçün yaşadığı iztirab və əzabları anlamaq çətin deyil: “Təkcə bu mənəvi göstərici bəs edir ki, həmin anaya övladı barədə məlumat verilsin. Əgər Fərid Səfərli barədə İranda heç bir məlumat almaq mümkün deyilsə, bu bilgiləri də Azərbaycan tərəfi ilə bölüşmək təkcə siyasi və hüquqi yanaşma deyil, həm də mənəvi məsələdir. Çünki bir insan yoxa çıxıb, həmin insanın təhlükəsizliyi yoxa çıxdığı ölkənin məsuliyyətidir. Ananı övladının intizarında saxlamaq isə heç bir dinə və insanlığa sığacaq məsələ deyil. Heç bir din bu davranışı caiz (icazəli) saymaz. İslam dininə görə isə bu yanaşma zülm etmək əməlinin sərgilənməsinin nümayişidir.

bc689263-504b-42ec-8994-53aa61d6bb42.jpg (109 KB)

Rəsul Mirhəşimli: “Ananı övladının intizarında saxlamaq heç bir dinə və insanlığa sığan məsələ deyil”

Dinimiz isə “Allah zalımları sevməz” ayəsinin Qurani-Kərimin bir neçə ayəsində bizə bildirir. Allahdan qorxan, zülm etməyi Yaradanın sevmədiyi əməl bilən, bir ananın övlad həsrətinin nə qədər acı bir duyğu olduğunu anlayan hər kəs bir an gecikmədən bu işin ədalətlə həlli üçün səy göstərər. Bir anaya oğlunun şad xəbərini vermək insanlara da xoş gələr, Allaha da".

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Dilarə Əsgərova bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.  Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə bmartın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR