Onlayn ictimai-siyasi qəzet
“Türkiyənin faciəsi bizim də faciəmizdir. Xeyli sayda dünyasını dəyişən, yaralı, evlərini itirən çox sayda insan var. Vətəndaşların əmlakına böyük zərər dəyib. Bu hamımız üçün üzücü hadisədir”.
Bu sözləri millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirib. O qeyd edib ki, Türkiyənin yardımına ilk olaraq Azərbaycanın getməsi, onun yanında olması dövlətimiz adına qürurvericidir:
“Bütün Türkiyənin xəbər məkanında xüsusilə vurğulandı ki, yardıma ilk qaçan qardaş Azərbaycanın heyəti oldu, çünki bizim bir-birimizə bir vəfa borcumuz var. Bu borcu yerinə yetirmək olduqca vacibdir, zəruridir".
Millər vəkili İran rejiminin Xoyda baş vermiş zəlzələyə etinasız münasibətini də xatırladıb:
"Çox üzüldük ki, İran rejimi Xoyda baş verən zəlzələyə maraq göstərmədi, Azərbaycanın, Türkiyənin köməyindən imtina etdi. Bu, insanlıq baxımından doğru deyil. Türkiyədə isə dağıntının altından çıxarılan bir insana görə digər insanların necə böyük sevinc yaşadığını görürük, bu o deməkdir ki, bir insanın həyatını nə qədər dəyərli hesab olunur. Müasir, normal zəka ilə idarə olunan ölkələrdə yanaşma bu cürdür. Amma İranda insanların taleyinə heç əhəmiyyət vermədilər, əksinə, ört-basdır etdilər və heç kimdən kömək istəmədilər".
Fazil Mustafa qeyd edib ki, Türkiyə böyük dövlətdir, dəfələrlə bu cür faciələr və acılar yaşayıb:
"Ümid edirəm ki, Türkiyə bu sınağın da altından çıxacaq. İndiki məqamda gücümüz sadəcə "keçmiş olsun" deməyə çatır. Çox istərdim ki, dövlətin nəzarəti, yaxud Türkiyə səfirliyinin təşəbbüsü ilə mötəbər bir qurum, yardım imkanı yaradılsın, hesab açılsın, Azərbaycan vətəndaşları öz yarımlarını, maddi dəstəklərini göstərə bilsinlər. Çünki qışın bu çağında nə qədər insan soyuqdan əzab çəkəcək.
Məlum olduğu kimi, Azəbaycandan 370 nəfərlik arama-qurtarma dəstəsi artıq bölgəyə göndərilib. Əlbəttə ki, bunun ardı olacaq. Onların oradakı fəaliyyətinin bizdə mütləq işıqlandırılması lazımdır. Hər kəs görsün ki, Azərbaycan qardaş Türkiyənin həm yaxşı, həm də ağır günlərində onunla birgədir və bunu özünə vəfa borcu bilir.
Dünyasını dəyişənlərə Allah rəhmət etsin, yaralılara şəfa versin. Ümid edirəm ki, Yaxın zamanlarda Türkiyəmiz bu faciənin nəticələrini ortadan qaldıracaq və yaralarını sarıyacaq”.
Xalidə Gəray,
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ