İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı”

Milli Məclisin iclasında növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı hakim partiyanı təmsil edən deputatların təşəbbüsündən danışan parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa təşəbbüsü dəstəkləyib.

Musavat.com-un xəbərinə görə, “Parlamentdəki müxalifət partiyalarından birinin təmsilçisi kimi siyasi və hüquqi cəhətdən əsaslandırılmış təşəbbüs kimi qiymətləndirirəm və dəstəkləyirəm” deyən F.Mustafa bildirib ki, parlament seçkiləri ilə bağlı iki yol qalırdı: ya seçkiləri irəli çəkmək, ya da seçkilərin vaxtını uzatmaq.

Komitə rəhbəri COP29-un Azərbaycan üçün mühüm tədbir olduğunu vurğulayıb:

“Milli Məclisə seçkilərlə bu tədbirin eyni vaxta düşməsi seçkilərin keçirilməsini imkansız edir. Konstitusiyanın 84-cü maddəsinə görə, ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də Allaha şükür, müharibə yoxdur, torpaqlarımızı azad etmişik. Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulyasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar”.

Fazil Mustafa qeyd edib ki, Milli Məclis bu tərkibli fəaliyyəti dövründə bir çox kataklizmləri yaşayıb.

Deputat xatırladıb ki, COVID-19 məhz bu çağırış fəaliyyətə başladığı zaman yayıldı.

“2020-ci ildə Tovuz hadisələri baş verən zaman da parlament öz üzərinə düşənləri yüksək səviyyədə yerinə yetirdi. Milli Məclis rəhbərliyinin dəyanətli duruşu nəticəsində bu təxribatın qarşısı alındı”, - Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, 2020-ci ildə Azərbaycan Prezidentinin qətiyyəti ilə torpalarımızın azad olunmasına başlanmasının ilk günündən bu günə qədər parlament üzərinə düşən vəzifələri layiqincə icra edir:

“Bütün bunlar o deməkdir ki, Milli Məclis siyasi cəhətdən öz funksiyasını yüksək səviyyədə yerinə yetirib”.

Fazil Mustafa fevralın 9-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın, ailə üzvlərinin Xankəndidə səs verdiklərini də xatırladıb. O bildirib ki, sevindirici haldır, seçicilər Milli Məclisin namizədlərinə də işğaldan azad olunmuş ərazilərdə səs verəcəklər.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR