Onlayn ictimai-siyasi qəzet
Ermənistanda yuva salmış separatçıların miskin tör-töküntüləri sülh müqaviləsinin gecikməsindən ruhlanaraq, təzədən ayaqlanmaq əzmindədir. Zavallılara heç cür çatmır ki, əgər Qarabağda on illər ərzində, çox sayda silah-sursat və ağır hərbi texnika ilə, qanunsuz silahlı dəstələrlə əllərindən heç nə gəlməyibsə, qaçıb gizləndikləri Ermənistanda analoji cəhdləri ikiqat-üçqat fiaskoya məhkumdur.
Hər halda baş nazir Nikol Paşinyan çətin ki, yeni qanunsuz silahlı birləşmələrin yaradılmasına dözüm göstərsin. Çünki bu, ən əvvəl onun öz hakimiyyəti üçün əlavə və real təhdid olardı...
Bəllidir ki, özünü oyuncaq qurumun axırıncı “lideri” sayan Samvel Şahramanyanın sentyabrın 27-də Xankəndində mifik rejimin “strukturları”nın fəaliyyətini 2024-cü il yanvarın 1-də dayandırmaq haqda “sərəncam” imzalayıb. Lakin bu günlərdə xəbərlər yayıldı ki, İrəvanda o, həmin “sərəncamı” ləğv edib.
O da məlumdur ki, Paşinyan hökuməti Şahramanyana təzyiq göstərir və onu yanvarın 1-dən qondarma “artsax”ın strukturlarını bərpa etməməyə çağırır. Əks təqdirdə Ermənistan dövlətçiliyinə təhlükənin artacağı haqda xəbərdarlıqlar edilib.
Ölkədəki radikal-revanşist çevrələr, o sırada Ermənistan parlamentindəki rusiyayönlü müxalifətin təmsilçiləri isə tam tərsinə, Şahramanyanı daha da şirnikləndirərək, onu separatçı “strukturlar”ın işinə davam etməyə təxribatçı çağırışlar edirlər...
Revanşist politoloq Qrant Melik-Şahnazaryan bu xüsusda sanki öz xalqına şad xəbər verirmiş kimi yazır (üslub saxlanılıb): “Bu günlərdə mən “artsax” və Ermənistanın bir sıra siyasi qüvvələri və xadimləri ilə görüşdüm. Onların narahatlığını və arqumentlərini dinlədim. Sizə bildirməkdən məmnunam ki, yanvarın 1-dən “artsaxın dövlət qurumları”nın fasiləsiz fəaliyyət göstərməsi üçün bütün hüquqi əsaslar mövcuddur. Mənim artıq bununla bağlı narahatlığım qalmadı. Buna görə “artsax respublikasının prezidenti” Şahramanyana və bu prosesdə iştirak edən bütün fiqurlara son dərəcə minnətdaram”.
Davamı da var: “Təəssüf ki, müəyyən risklər səbəbi ilə məsələnin təfərrüatından danışmağa ehtiyac duymuram. Sadəcə, problemi sırf emosional planda nəzərdən keçirməməyi tövsiyə edirəm. Amma “artsaxın dövlət orqanları”nın fəaliyyəti üçün hər hansı hüquqi maneə olmadığı mənə aydındır. Allah qoysa, gələcəkdə daha sevindirici xəbərlər eşidəcəyik. “Artsax dövlətçiliyi”nin qorunub saxlanmasına hər zaman dəstək və tərəfdar olan bütün insanlara təşəkkür edirəm. Bu bizim hamımızın borcudur. Hansını ki, gələcəkdə də şərəflə yerinə yetirməliyik”.
Görəsən bu daşnak qafalısı nəyə işarə vurur, artıq hökumətin də bu avantüraya əngəl olmadığınamı? Uzağı, iki günə biləcəyik...
Bu arada Ermənistanın keçmiş prezident Serj Sərkisyan da xortlayıb və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əleyhinə qızışdırıcı bəyanatlar səsləndirib. Xocalı hərbi canisi nə olur-olsun, “artsax”ı diriltməyə, Bakıya qarşı revanşa hazırlaşmağa çağırışlar edib. Hətta bunu o, “emənilərin haqqı” sayıb. Şaxramanyandan isə “özünü rüsvay etməmək üçün vəziyyətdən çıxış yolu tapmağı” tələb edib.
Beləcə, artıq şəkk-şübhə qalmsdı ki, faşist-revanşistlər yanvarın 1-dən ciddi şəkildə Azərbaycana qarşı separatçılığın yeni dalğasını başlatmağa kökləniblər. Buna ərazi iddiasını gündəmdə saxlamağın növbəti üsulu və ümid yeri, yaxud fürsət kimi baxırlar.
Demək, Paşinyan hökuməti üçün qəti qərar vermək məqamı çatıb. Əgər erməni rəsmilər Azərbaycanla sülh sazişinin yaxın zamanlarda imzalana biləcəyini tez-tez bəyan edirlərsə, o halda məntiqlə bu sənədə əngəl olacaq separatçı hərəkətlənməni “bələyindəcə” boğmalıdırlar.
Yanvarın 1-də, yaxud təzə ilin ilk günlərində hamı əminlik hasil edəcək: Nikol Vovayeviç sözünün ağasıdır, yoxsa erməni xalqını daha böyük fəlakətə sürükləmək istəyən revanşist-radikalların yedəyində gedir?..
Siyasət şöbəsi,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ