İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəxsiyyətin personası – o, nə Brazauskas, nə də Nazarbayev ola bilmədi

O, hələ 30 il bundan əvvəl, 1992-ci ilin mart ayının əvvəllərində, dövrün ən güclü siyasi təşkilatı AXC onun prezident postundan istefa verməsini tələb edəndə, hissə qapılaraq parlament tribunasından belə demişdi: “O qədər gərginlik içindəyəm ki, bəlkə heç sağ-salamat pensiyaya çıxa bilmədim”.

Amma Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov təqaüdə çıxa bildi, hətta fərdi təqaüd ala-ala uzun da yaşadı və dünən 84 yaşında vəfat etdi.

Mütəllibov sadəcə 1990-cı illərin inqilabi təlatümlərindən siyasi xadim kimi salamat çıxa bilmədi. Buna dəyişən dövranın konyukturası, şərtləri, qüvvələr nisbəti, çox şey imkan vermədi. Bəlkə də heç xalqımızı sarsıdan və bütün qəzəb vektorlarını hakimiyyətə, onun başında duran şəxsə yönəldən Xocalı faciəsi, ermənilərin törətdiyi o dəhşətli hərbi cinayət olmasaydı da, Ayaz Mütəllibov hakimiyyətdə qala bilməyəcəkdi.

Çünki o vaxtlar təkcə ölkəmiz və Qafqaz regionu yox, bütövlükdə postsovet məkanı, Şərqi Avropa qaynar qazana dönmüşdü.

23.jpg (53 KB)

                                      Şərqi Avropa ölkələrinin kommunist liderləri

 Zarafat deyildi, biri kiçik, biri böyük, iki imperiya (Yuqoslaviya və SSRİ) dağılırdı, ictimai formasiya dəyişirdi, kağız üzərindəki sosializmin yerini vəhşi kapitalizm alırdı, millətləratası nifaq pik həddəydi, bu zəmində lokal müharibələr başlanmışdı, uzun illərin qadağasından sonra meydana yeni siyasi qüvvələr çıxmışdı və onlar bütün güc və ehtirasları ilə dövlət başına keçmək istəyirdilər.

Belə bir zamanda, dünyada kommunist hərəkatının gözdən düşdüyü bir dövrdə Almaniyada Erix Honekker, Polşada Voytsex Yaruzelski, Bolqarıstanda Todor Jivkov, Rumıniyada Nikolaye Çauşesku, Macarıstanda Yanoş Kadar, Çexoslovakiyada Qustav Qusak və digər kommunist liderlər dövrün siyasi təlatümü ilə hakimiyyətdən kənarlaşmışdılar.

111.JPG (34 KB)

                                   E.Şevardnadze, K.Dəmirçiyan və H.Əliyev

SSRİ məkanındakı kommunist liderlər də öz postlarında duruş gətirə bilmirdilər. Onlar da yenilərlə əvəzlənmişdilər, amma yenilərin hərəsi də 1-2 il işləyir, rəhbərlik etdikləri respublikanı toparlaya bilmir, bir-bir vəzifədən gedirdilər. Ermənistanda Karen Dəmirçiyanın yerinə gələn Suren Arutyunyan, Gürcüstanda Eduard Şevardnadzeni əvəzləyən Cumber Patiaşvili, Azərbaycanda Kamran Bağırovdan sonra respublika rəhbəri postuna gətirilmiş Əbdürrəhman Vəzirov da “uzunömürlü siyasi rəhbər” ola bilməmişdilər.

Ayaz Mütəllibov məhz ikinci dalğada gələn liderlərdən idi. O da Qazaxıstanda hakimiyyətə gələn Nursultan Nazarbayev kimi ölkəsinin birinci postuna baş nazir vəzifəsində işlədikdən sonra gəlmişdi. Ancaq fərq ondaydı ki, Qazaxıstanda nə millətlərarası nifaq vardı, nə inqilabi hərəkətlənmə, nə də bu zəmində formalaşmış güclü müxalifət təşkilatı. Nazarbayev öz postunda rahat, Mütəllibov isə narahat idi.

Без названия (1).jpg (5 KB)

O da sələfi Vəzirov kimi Moskvaya çox bağlıydı və Kremlə çox güvənirdi. Əslində “başqa yol görmürdü, başqa variantı yaxın qoymurdu” da demək olar. Mütəllibov özünü litvalı həmkarı Algirdas Brazauskas kimi Kremlin önündə ötkəm apara bilmirdi, onun belə bir lüksü və xarakterik ştrixi yox idi. Qarabağ konflikti, həyasız və tələbkar erməni separatçıları onun ayaqlarına bağlanmış pudluq daşlar idi, tərpənməyə imkan vermirdi.

Ayaz_Mütəllibov.jpg (32 KB)

Ölkə başçısı postundan bir dəfə könüllü şəkildə istefa verməsi, sonradan yenidən, Axundovun “Aldanmış kəvakib” romanının personajı olan şah kimi müvəqqəti hökmdar Yusif Sərracı – Yaqub Məmmədovu yola salaraq geriyə, postuna qayıtmaq istəməsi onun məşum səhvi oldu. Bəlkə də o, həmin səhvi etməsəydi, bir neçə ildən sonra daha rəvan şəkildə ölkə başçısı postuna qayıda bilərdi. Ən pisi o oldu ki, 1992-ci ilin may ayının 14-15-də baş verən bu hadisələrə görə ölkənin iki strateji şəhəri – Şuşa və Laçın düşmən əlinə keçdi. Mütəllibov isə Moskvaya sığınmalı oldu.

Bu, olduqca böyük yanlış idi, xəyanətə bərabər, cinayətdən ötə hərəkət idi. Ancaq sonradan məlum oldu ki, Mütəllibov işlərin bu yerə varacağını düşünməyib və niyyəti xalqa qarşı qəsd olmayıb, elə düşünüb ki, iki ay əvvəl ona qarşı haqsızlıq olub və o, geriyə dönməli, ədaləti bərpa etməlidir.

1612073695_1612030741_212369.jpg (24 KB)

Əslində o da istəyirdi ki, Qarabağ münaqişəsi çox tezliklə və Azərbaycanın xeyrinə həll olunsun. Mütəllibov bunun yolunu Moskva ilə daha yaxşı anlaşmaqda, dil tapmaqda görürdü. 1991-ci ilin baharında Azərbaycana məxsus hərbi qüvvələrin Gəncə, Göygöl, Ağcakənd ətrafını erməni separatçılarından təmizləməsi kampaniyası Mütəllibovun Kreml rəhbərliyi ilə uğurlu anlaşması nəticəsində mümkün olmuşdu. O zaman Azərbaycan seçiciləri SSRİ-nin saxlanmasının lehinə, ermənilər isə əleyhinə səs vermişdilər və Moskva Mütəllibovu belə “mükafatlandırmışdı”. Təəssüf ki, sonradan ermənilər xeyirin haradan gələ biləcəyini bizdən daha yaxşı anladılar və öz məkrli planlarını həyata keçirmək üçün rus siyasi və hərbi maşınının imkanlarından daha düzgün faydalandılar.

45.jpg (104 KB)

Artıq Mütəllibov həyatda yoxdur. O bir çox sirləri özü ilə apardı, bəzilərini isə memuar şəklində qələmə aldı. Bunlar tarixdə qalacaq və gələcəkdə onun şəxsiyyətinə, düşüncə sisteminə ayıq və soyuq başla qiymət verilməsində böyük rol oynayacaq. Ancaq elə indidən bu faciəvi şəxsiyyətin personasına ehtirassız, qərəzsiz yanaşmaq olar.

Prinsipcə, Mütəllibov pis adam deyildi, sadəcə, pis dövrə düşmüşdü, məkrli oyunların içində çar-naçar qalmışdı. O burulğandan çox adam, bəlkə də heç kim salamat çıxa bilməzdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR