Onlayn ictimai-siyasi qəzet
Son altı həftə ərzində Macarıstan Avropa İttifaqının Avropa Sülh Fondu (ASF) vasitəsilə Ermənistana ayrılması nəzərdə tutulan 10 milyon avro məbləğində hərbi yardımı bloklayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb və Aİ-nin blok xaricinə hərbi yardım göndərmək üçün istifadə etdiyi maliyyə mexanizmlərindən biridir. Fond yaradıldıqdan bəri əsas diqqət Ukraynaya yönəlib, lakin 2024-cü ildə Ermənistana da 10 milyon avro məbləğində yardımın ayrılması təsdiqlənib.
Lakin bu vəsaitin verilməsi Macarıstan tərəfindən bloklanıb.
Nəşr yazır ki, Budapeşt sonda ölkədə minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün Bakıya ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərti ilə etirazını dayandırıb.
Bununla belə, bazar ertəsi Macarıstanı yardımın bloklanmasından imtina etməyə razı salmaq üçün əlavə müzakirələr aparılıb. Lakin "Azadlıq Radiosu"nun mənbələrinin bildirdiyinə görə, bu müzakirələrdə heç bir irəliləyiş əldə olunmayıb.
Qeyd olunur ki, Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallasın təşəbbüsü ilə təklif olunan yardım Avropa Sülh Fondu vasitəsilə Ermənistana qeyri-döyüş müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ