İnsanlara hürriyət, millətlərə istiqlal!

Etimad Əsədovun 60 illiyi ilə bağlı möhtəşəm tədbir - FOTOLAR, VİDEO

Bu gün (17 dekabr) Nizami Kino Mərkəzində Qarabağ Qaziləri İctimai Birliyinin mərhum sədri Etimad Əsədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Musavat.com-un məlumatına görə, tədbirdə Qarabağ qaziləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları, Mətbuat Şurasının rəhbərliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, media mənsubları, çoxsaylı qonaqlar, ziyalılar iştirak edib.

Məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı tədbiri açıq elan etdikdən sonra tədbir iştirakçıları Etimad Əsədovun və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olan igidlərimizin xatirəsini sayğı duruşu ilə anıb.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev yubiley mərasiminə qatılan hər kəsi salamladıqdan sonra tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə Nizami Kino Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Etimad Əsədova yüksək etimadını bildirən təşkilat sədri çıxışını “Ruhun şad olsun, baş qazi”-deyərək bitirdi.

Ağdam rayonunun Papravənd kəndində anadan olan, SSRİ dövründə Rusiyada yaşayıb işləyən E.Əsədov 1991-ci ildə, erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin rəhbərlik etdiyi taborda döyüşüb. 1992-ci ilin martında döyüş yoldaşları ilə birgə minaya düşərək ağır yaralanıb.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2003-cü ildən vəfat edənədək Qarabağ Qaziləri İctimai Birliyinin sədri olub. Baş qazi 16 oktyabr 2018-ci ildə dünyasını dəyişib.

Bu gün E.Əsədovun ruhu şaddır, Azərbaycan bayrağı bütün ölkə ərazisində dalğalanır.

Tanıyanlar yaxşı bilirlər ki, Vətən fədaisi Etimad Əsədovun özünəməxsus xarakteri var idi. Bir çox xüsusiyyətləri ilə o, çoxlarından seçilirdi. Qarabağın azadlığını öz fəaliyyətinin amalına çevirən Etimad bəyin dinlədiyi mahnılar da Vətənlə, Vətəni xilas edəcək oğullarla bağlı idi. Onun ən çox sevdiyi mahnılardan biri də “Cənab leytenant” olub. Bu xatırlatmanı edən Şəmistan Əlizamanlı Azərbaycanda dillər əzbəri olan “Cənab leytenant”ı zaldakı iştirakçılarla bərabər ifa etdi.

Daha sonra Əməkdar artist Qoçaq Əsgərov Turan şərqisi ilə Mərd Musiqi Qrupunun ifasında “Odlar yurdu” rəqsi ifa olundu.

Vətən Müharibəsi Veteranları İctimai Birliyinin qazilərinin möhtəşəm ifası zalı coşdurdu, iştirakçılar bayraqlarımız əllərində, ayaq üstə alqışladılar Vətən qazilərini. Şəmistan Əlizamanlı zəruri əlavəsini etdi, qazilər təkcə döyüşməyi bacarmır…

Qazilər Seçki Qrupunun rəhbəri Yaşar Həziyev çıxışında “ölümündən sonra yaşamaq buna deyirlər”-söylədi. Bildirdi ki, E.Əsədov Qazilər Birliyini hökumətlə qazilər arasında körpü yaratmaq üçün qurmuşdu və buna nail oldu. Dövlətimizin qazilərə böyük dəstəyindən bəhs edən Y.Həziyev qeyd etdi ki, E.Əsədovun ruhu şaddır, çünki Qarabağ azad olunub və üzü Qərbi Azərbaycanadır yolumuz.

Bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov Rəfael Tağızadənin Etimad bəy haqqında yazdığı şeiri təqdim etdi, iştirakçıları kövrəltdi…

Qarabağ qazisi, şair Rəfael Tağızadə çıxışında qeyd etdi ki, qazilər də dünyasını dəyişəndə onlar şəhid olurlar. “Çox təəssüf ki, Etimad Qarabağın azadlığını görmədi, amma onun ruhu şaddır”-deyən R.Tağızadə iştirakçıların hər birini, xüsusilə də “Qaçqınkom”un sədri Rövşən Rzayevi və Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımovanı salamladı.
R.Tağızadə  vaxtilə Etimad Əsədov özünün müalicəsi üçün ayırdığı pulu İrana müalicə üçün aparılan, ağır vəziyyətdə olan imkansız ailənin uşağının müalicəsinə ayırdığını xatırlatdı, zalı alqış sədaları bürüdü. Bildirdi ki, həmin uşaq müalicədən sonra sağalıb və bu günədək yaşayır.

Ardınca Əməkdar artist Babək Niftəliyev “Cənab Ali Baş Komandan” mahnısını ifa etdi.

Yekunda Etimad Əsədovun ömür-gün yoldaşı, tanınmış jurnalist Məlahət Rzayeva ürək sözlərini, Etimad bəylə bağlı xatirələrini bölüşdü, təşrif buyuranlara təşəkkürünü bildirdi, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi. Məlahət xanımın “Etimad bəy xəstə idi, bir gün mənə dedi haqqını halal elə. Cavab verdim ki, sizin bizim üzərimizdə haqqınız var”-sözləri kövrək ovqat yaratdı.

Möhtəşəm tədbir E.Əsədovun maliyyə dəstəyi, Ş.Əlizamanlının ifası ilə yazılmış “Qazilər” marşı ilə yekunlaşdı.

Elşad Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR