Onlayn ictimai-siyasi qəzet
Fermerlərin bitməyən problemləri; diri heyvan idxalı ilə yanaşı, ölkədəki heyvan sayında da azalma davam edir
2024-cü ildə Azərbaycana 129 milyon 556 min dollar dəyərində 58 689 ton ət idxal olunub. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ət idxalı dəyər ifadəsilə 49.4 faiz, miqdar ifadəsilə 41 faiz artıb. 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində 41 708 ton ət idxal olunmuşdu.
Dövlət Statistika Komitəsinin açıqladığı detallı statistikadan aydın olur ki, 2024-cü ilin 11 ayında Azərbaycana dondurulmuş mal əti idxalı 2023-cü ilin eyni dövründəki 6 256,54 tondan 10215,62 tona, quş əti idxalı isə 27 178,95 tondan 37 950,97 tona qədər artıb. Statistika göstərir ki, mal əti idxalında Ukrayna öz aparıcı mövqeyini bərpa edib, əlavə olaraq Braziliyadan idxal sürətlə artır.
Rəsmi statistikadan o da aydın olur ki, 2024-cü il ərzində Azərbaycanda mal və qoyun əti davamlı olaraq artım nümayiş etdirib. Eyni proses qlobal bazarlarda da müşahidə olunub. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən 2024-cü ilin yekununda qlobal ət qiymətləri indeksi orta hesabla 117,2 bənd təşkil edib ki, bu, 2023-cü ildən 3,1 bənd (2,7 faiz) çoxdur.
Son illərdə Azərbaycanda ət istehsalında mühüm paya malik diri heyvan idxalında ötən il ciddi azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabrında Azərbaycana ətlik iribuynuzlu heyvan idxalı 38 milyon 19,8 min dollar dəyərlə 42 902 baş, diri qoyun idxalı isə 16 milyon 594,59 min dollar dəyərlə 169 579 baş təşkil edib. 2023-cü ilin eyni dövründə idxal müvafiq olaraq 49 milyon 201,87 min dollar dəyərlə 77 655 baş və 24 milyon 387,89 min dollar dəyərlə 314 553 baş olmuşdu. Bu isə hər iki heyvan idxalında 1,8 dəfə azalma olması deməkdir.
Diri heyvan idxalı ilə yanaşı, ölkədəki heyvan sayında da azalma davam edir. İlkin məlumatlara görə 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edib. İllik müqayisədə inək və camışların sayı 12 min baş, qoyun və keçilər 210,4 min baş azalıb.
Maraqlıdır ki, bu azalma rəsmi statistikanın ət istehsalına dair göstəricilərində nəinki əksini tapmayıb, əksinə, dövlət qurumu artım qeydə alıb. DSK bildirir ki, 2024-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12995,2 milyon manat təşkil edib ki, onun da 6 milyard 832,9 milyon manatı heyvandarlıq, 6 milyard 162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artıb.
Komitənin hesablamasına əsasən 2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 659,0 min ton ət istehsal olunub ki, bu da 2023-cü illə müqayisədə 1,7 faiz artım deməkdir.
Qeyd edək ki, uzun illərdir Azərbaycanda kənd təsərrüfatı, o cümlədən heyvandarlıq dövlət tərəfindən subsidiyalaşdırılır. Hər il ümumilikdə ərzaq təhlükəsizliyinin təminatı məqsədilə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Cari ildə dövlət büdcəsindən kənd təsərrüfatı sahəsi üçün 1 milyard 203 milyon 805 min 845 manat ayrılması nəzərdə tutulur. Bu vəsaitlərin mühüm bir hissəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilir. Belə ki, büdcə sənədinə əsasən 2025-ci ildə dövlət büdcəsindən Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 527.5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə 24,6 milyon manat və ya 4,9 faiz çoxdur. Büdcə layihəsində qeyd olunur ki, ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, Azərbaycan Respublikasında istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanların alınması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda kənd təsərrüfatı istehsalı dövlət tərəfindən ölkənin ərzaq bazarının idxaldan asılılıq səviyyəsinin azaldılması hədəflənərək subsidiyalaşdırılsa da, uzun illərdir bu hədəfə çatılması üçün real nəticələr əldə olunmayıb. Rəsmi ərzaq balansına əsasən 2023-cü ildə Azərbaycan buğda ilə özünü 60,4 faiz, kərə yağı ilə 64,7 faiz, kartofla 89,9 faiz, mal əti ilə 88,4 faiz, qoyun əti ilə 95 faiz, toyuq əti ilə 81,7 faiz, süd və süd məhsulları ilə 84 faiz, balıq və balıq məhsulları ilə 75,4 faiz, yumurta ilə 102,2 faiz, şəkərlə 84,4 faiz təmin edib. Bu dövr ərzində yalnız quş əti və yumurta ilə təminatda idxaldan asılılıq azalıb, yumurta istehsalı daxili tələbatdan yüskək həddə çatıb.
Hesablama Palatasının heyvandarlıq sahəsində 2021-2023-cü illər əhatə edən və damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyan nəzarət tədbirləri üzə çıxarıb ki, nəticəliliyi elmi-tədqiqatlarla təsdiqlənmədiyi halda müxtəlif cinslərə aid baş sayı 51 859 olan iribuynuzlu mələz heyvanların 62,8 faizinin fərqli cinslərdən olan heyvan toxumları ilə xaotik şəkildə süni mayalandırılmasına yol verilib ki, bu da bir tərəfdən heyvan subsidiyaları üzrə ümumilikdə 3,3 milyon manat məbləğində vəsaitin nəticəsiz və səmərəsiz xərclənməsini, digər tərəfdən isə daxili nəzarətin cins tərkibinin yaxşılaşdırılmasına hədəflənməklə tam nəticəli təşkil edilmədiyini göstərib: “Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8 faizinin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0 faizinin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib.
Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olub, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalıb.
2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4 faiz artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7 faiz azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3 faiz artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.
Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılıb ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməyib".
Dünya SAKİT,
“Yeni Müsavat”
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ