İnsanlara hürriyət, millətlərə istiqlal!

Ət idxalı artıb, amma qiymət ucuzlaşmır

Ekspertlər hesab edir ki, idxal olmadığı təqdirdə ətin qiyməti indiki səviyyədən 20-30 faiz daha baha olacaq

Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9% faiz çox ət idxal edilib.

Onu da qeyd edək ki, ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar deməkdir. Məlumdur ki, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-ni təşkil edib.

Əslində ölkəyə idxal olunan məhsulların artırılması ilə əlaqədar qiymətlər enməli idi. Lakin bu proses baş vermir. İdxal olunan donmuş ət ucuz olsa da, ölkədə qoyun və mal ətinin qiymətində artım davam edir. Buna səbəb isə vətəndaşların donmuş ətə üstünlük verməməsidir. Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə son 1 ayda ətin qiyməti 1,7 faiz artıb. Yəni görünən mənzərə budur ki, dondurulmuş ət almırıq, ona görə bu məhsulun qiymətində ucuzlaşma olmur. Azərbaycanda hər adam il ərzində 43,5 kq ət yeyir. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin bu ilin iyununda nəşr etdiyi “Azərbaycan - faktlar və rəqəmlər” bukletində qeyd olunub.

Bəs ekspertlər nə deyir? Xalq niyə dondurulmuş ət yemir?

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın ətlə təminatında idxaldan asılılıq artıb. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Misal üçün,  2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur.

Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır. Ekspertlər ət idxalının artmasını müxtəlif səbəblərlə izah edirlər. Mütəxəssislərin fikrincə, son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması heyvandarlığın inkişafına mənfi təsir göstərib. Həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin 2-3 dəfəyə qədər artması bu sahə ilə məşğul olan sahibkarları profillərini dəyişmək məcburiyyətində qoyub.

"Dövlət büdcəsi neftdən asılılıqdan azad edilməlidir” - Akif Nəsirli

 Akif Nəsirli 

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”la fikrini bölüşüb: “İlk növbədə onu qeyd edim ki, Azərbaycan vətəndaşı il ərzində 43.5 kq ət yeyir demək doğru deyil. Bu rəqəm yalnız ölkə daxilində istehsal olunan ətə tələbatın ödənilən hissəsidir. Bir insan il ərzində azı 80 kq ət yeməlidir. 80 kq ət yeməyən insan normal inkişaf edə bilmir. DSK bunu deməklə nəyə əsaslanır, onu bilmirəm. Digər tərəfdən, biz hələ o səviyyədə ət qıtlığına gəlib yetişməmişik ki, satışdan dondurulmuş ət alaq. Ümumiyyətlə, dondurulmuş ət satışa çıxarılmır. Dondurulmuş ət çox sayda şəxsi heyəti olan dövlət və qeyri-dövlət qurumlarında şəxsi heyətin qidalanması üçün və ət məhsullarının istifadə edilməsi üçün istifadə edilir. Tərkibində ət olan kolbasalara tələbat məhz dondurulmuş ət hesabına ödənilir.  "Dondurulmuş ət almırıq deyə ət ucuzlaşmır" iddası ilə də razılaşmıram. Yəni ölkədə dondurulmuş ət təklifi də yoxdur. Buna ehtiyac da yoxdur. Çünki əvvəldə qeyd etdiyim kimi, o təyinatlar üzrə tələbatı güclə ödəyir. O ki qaldı dondurulmuş ətlə təzə ətin fərqinə, dondurulmuş ətin tərkibində başqa qida maddələrində olmayan, orqanizm üçün lazım olan orqanik fermentlər var ki, bunlar da mal və qoyun ətinin tərkibində olur. Onların tərkibində olan 7 maddədən üçü ət dondurularkən ölür. Nəticədə orqanizm təzə ətdən ala biləcəyi qida maddələrinin hamısını dondurulmuş ətdən ala bilmir. Məsləhətdir ki, təzə ət alanda dondurulmasın".

Ekspert əlavə edib ki, qiymətin ucuzlaşması idxal hesabına baş verə bilməz: “Qiymətin ucuzlaşması yalnız ölkə daxilində heyvandarlığın inkişafı nəticəsində baş verə bilər. Ona görə də Azərbaycan hökuməti heyvandarlığın inkişaf etdirilməsi, fermerlərin dəstəklənməsi üçün tədbirlər görməlidir”.

Gələn ildən özəl sektorda əmək haqları necə artacaq? – Xalid Kərimli

Xalid Kəriml

İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a münasibət bildirib. O deyib ki, ətin qiymətinin bahalaşmasının əsas səbəbi tələbatın artması ilə bağlıdır: “Əhali sayı artıb, insanların alıcılıq qabiliyyəti artıb. Baxmayaraq ki bahalaşma var, amma yenə də satıcılar idxalın artması müqabilində o qiymətə vətəndaşa ət sata bilirlər. Qiymət artımını donmuş ətlə əsaslandırırıqsa, onda 10 il əvvəl donmuş ətin ümumi istehlakımızda payını götürməliyik, indiki ilə müqayisə etməliyik. İndi donmuş ət yemiriksə, 10 il əvvəl də yeməmişik. Yəni bu arqument doğru deyil. Bu cür fikri iddia etmək hesablama tələb edir. Ətin qiymətinin artması əhalinin donmuş ətin istehlakını artırıb-azaltması ilə bağlı deyil. Ümumiyyətlə, ölkədə həm iri, həm də xırdabuynuzlu heyvanları saxlayanların sayı azalıb. Çünki heyvanların bəslənməsi üçün xərclər çoxalıb. Ona görə də vətəndaşlara heyvan saxlamaq sərf etmir. Əvvəldə dediyim kimi, əhalinin sayı və alıcılıq qabiliyyəti artır. Lakin ətin qiymətinin bahalaşmasına baxmayaraq, tələbat azalmır. Bu da xərclərin artması fonunda qiymətin yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda 2022-ci illə müqayisədə 2023-cü ildə idxal artıb. Bu il təxminən xırdabuynuzlu heyvanların idxalı 3 dəfəyədək yüksəlib. Nəzərə almaq lazımdır ki, idxal olmasa, qiymətlər daha sürətli şəkildə qalxardı. Yəni idxal edilən məhsullar qiymətin daha tez  şəkildə yüksəlməsinin qarşısını alır. Əslində idxalçılar görürlər ki, ölkədən kənarda ət məhsullarını daha baha şəkildə satmaq mümkündür. Ona görə də idxalın həcmini çoxaldırlar. Xüsusən Ukrayna-Rusiya müharibəsindən sonra Azərbaycanda quşçuluq məhsullarının idxalı dayandı. Bu səbəbdən ölkədə ət məhsullarının qiyməti bahalaşdı. Biz düşünməyək ki, idxalın çox olmasına baxmayaraq, ətin qiyməti niyə bu qədər bahadır. Nəzərə alaq ki, idxal olmadığı təqdirdə qiymətlər indiki səviyyədən 20-30 faiz daha baha olacaqdı. Saxlanılan heyvanların və bazara çıxarılan ətin həcmində əhəmiyyətli dərəcə artım olmasa, qiymətlərin daha da bahalaşacağını güman edirəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR