Onlayn ictimai-siyasi qəzet
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, general-mayor Nizami Məmmədov müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə bərabər çıxarılıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsilə ittiham irəli sürülüb. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Ülvi Ziyadzadə ifadə verib. O bildirib ki, hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə aşkarlanıb:
“Həmin pulları keçmişdə hərbi hissədə çalışmış adamların adına vurmuşam. 5-6 nəfər idi. Onların bu məsələdən xəbərləri olmayıb. Çalışdığım vaxtda 3 dəfə təftiş olub. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan adlı şəxs gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmazlığın 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min manat qalıb. Onu da yaxın vaxtlarda ödəcəyəm”.
Şahid Əliyar Səfərəliyev Müdafiə Nazirliyinin Hindarx Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyib. O bildirib ki, 2013-cü ildən həmin vəzifəyə təyin edilib və 2022-ci ildən isə müəssisədəki fəaliyyətini dayandırıb:
“İşlədiyim vaxtlarda əkilən məhsullar yanırdı. Müqaviləni gecikdirirdilər, əlacsız qalırdım. Ona görə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin müdiri işləyən Zahidlə danışdım. O da Maliyyə şöbəsində işləyən Akif adlı şəxslə məsələni həll etdi. Mən heç kimi tanımırdım, işimi görürdüm, ayda bir dəfə gəlib onlara çatacaq faizi verirdim. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu verəndən 15-20 gün sonra pulunu ala bilmirdik. Bəzən pulu gecikdirirdilər, biz də vaxtında verilməsi üçün pulun 3 faizini Akif Umudova verirdik. Müdafiə Nazirliyinin 3 hektar torpağı istifadə üçün mənim müəssisəmə verilmişdi. Həmin torpağı həm əkib-becərirdim, həm də heyvandarlıqda istifadə edirdim”.
Əliyar Səfərliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğu məlum olub. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
Şahid istintaqa ifadəsində pulları Akif Umudova Nizami Məmmədova çatdırılması üçün verdiyini deyib: “1 milyon 148 min manatlıq müqavilənin 2-3 faizini, 750 minlik müqavilənin 2-3 faizini Akif Umudova vermişəm. Ümumilikdə Akif Umudova 108 min manatdan artıq pul vermişəm. O da bildiyim qədər Nizami Məmmədova çatırdı”.
Şahid istintaq zamanı Nizami Məmmədovun adını çəkmədiyini, ümumiyyətlə onu tanımadığını deyib. Nizami Məmmədov isə bu epizod üzrə münasibət bildirib:
“Satınalma epizodu ilə bağlı belə şahidlərlə üzləşdirməm olmayıb. Sadəcə Akif Umudov, Mahir Şirvanov və Məlikməmməd Qurbanovla üzləşmişəm. Nazirliyin tabeliyində Neftçala, Hindarx və Maştağa yardımçı təsərrüfatları olub. Bu təsərrüfatlar Maddi-Texniki Təminat Baş İdarəsinin tərkibində idi, müqaviləni onlarla bağlayırdılar. Mən satınalma epizodları ilə bağlı ittihamları ümumiyyətlə qəbul etmirəm. Satınalma ilə bağlı müqavilələr Qorxmaz Qarayevlə, Nizam Osmanovla bağlanıb, onun Maliyyə Büdcə İdarəsinə heç bir aidiyyəti olmayıb. Əsgərin ərzağını bir dəqiqə gecikdirmək olmazdı. İlin əvvəlindən 20 milyon manat hesaba pul qoyurdum ki, ərzaq pulu vaxtında ödənilsin”.
Müdafiə Nazirliyinin hərbi hissələrində mətbəx ləvazimatlarının təmiri ilə məşğul olan MMC rəsmisi Rəşad Əhmədov deyib ki, nazirliklə il ərzində 300-500 min arası müqavilələr bağlanıb:
“Bizim şirkət sənaye tipli mətbəx avadanlıqlarının təmiri ilə məşğul idi. Nazirliyin bütün hərbi hissələrində təmir işləri aparırdıq. Pulların verilməsində gecikmə olmasın deyə nazirliyin maliyyə idarəsində işləyən Akif Umudovla danışdıq. Yekunda görülən işlərlə bağlı məbləğin 10-15 faizi bizə qalırdı, ondan da Akif Umudova 3 faiz verirdim. Ümumilikdə ona 36 min pul vermişəm. Akif deyirdi, pulu aparıb yuxarıya verməliyik”.
Şahid istintaqda pulları Nizami Məmmədova çatması üçün Akif Umudova verdiyini deyib. Onun istintaqa ifadəsi elan edilib. Şahid isə məhkəmədə Nizami Məmmədovu tanımadığını, Akif Umudovun ona belə bir şey demədiyini bildirib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müvəkkilinin adı çəkilən satınalma ilə bağlı verilən ifadələrin hamısının şablon və faktlara uyğun olmadığını bir daha məhkəmə heyətinin nəzərinə çatdırıb:
“Satınalmanın Maliyyə və Büdcə İdarəsinə heç bir aidiyyəti olmayıb. Bu işlə Maddi-Texniki Təminat Baş İdarəsi, Satınalmalar və Təchizat İdarəsi məşğul olub. Bir müqavilə göstərin ki, orada Maliyyə Büdcə İdarəsinin adı olsun. Müqavilələr də həmin idarələrlə bağlanıb”.
Daha sonra “Bakıxanov Trikotaj” ASC-nin direktoru işləyən İxtiyar Rəsulov ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyi ilə uzun illər müqavilə əsasında işləyiblər:
“Biz istehsal etdiyimiz şarf və gödəkçələri Müdafiə Nazirliyinə verirdik. Pul məsələləri mənlik deyildi, mühasibim həll edirdi. İndi həmin qadın rəhmətə gedib. 2019-cu ildə bir dəfə ödənişlər xeyli gecikdi. Nazirlikdən Akif Umudov adlı şəxslə telefonla danışırdım. Sonra gecikmə aradan qalxdı. Müqaviləni tender əsasında udurduq”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan edilib. İxtiyar Rəsulov ibtidai istintaq zamanı verdiyi ifadəsində 26 min manat pulu Akif Umudov vasitəsilə Nizami Məmmədova göndərdiyini deyib. Şahid isə Nizami Məmədovu tanımadığını, Akif Umudovla da bu barədə heç nə danışdımadığını deyib. Qeyd edib ki, məhkəmədə verdiyi ifadəsi əsas götürülsün. Prosesdə məlum olub ki, “Bakıxanov Trikotaj” ASC ilə Müdafiə Nazirliyi arasında 2015-2022-ci illərdə ümumilikdə 6 milyon 822 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Proses aprelin 26-da davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ