Onlayn ictimai-siyasi qəzet
Vaxtından əvvəl polkovnik hərbi rütbəsi alan Milli Qəhrəman, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərək şəhid olanlardan biri də Şükür Həmidovdur. O, işğal atında olan Lələtəpə yüksəkliyini fəth edən zabitlərdəndir. O zabitlərdən ki, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxıb. Özünün təbirincə desək, Lələtəpə romantikasını Azərbaycan əsgərinin qarşısından silahını ataraq qaçan düşmən zabitini görmə həzzini yaşayıb.
Musavat.com xəbər verir ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci il, aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Həmin liseyi bitirdikdən sonra 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə qəbul olub. Təhsilini hərbi liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. Motoatıcı ixtisasına yiyələnən Şükür Həmidov 1995-ci ilin iyun ayında leytenant rütbəsini alaraq, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. 2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. 2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən N saylı hərbi hissələrin birində bölmə komandiri kimi xidmətimi davam etdirib. Sonra müxtəlif vəzifələrdə tabor komandiri, qərargah rəisi kimi xidmət edərək, hərbi hissə komandiri vəzifəsinədək yüksəlib.
O, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Şükür Həmidov 2020-ci ilin oktyabrın 22-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsindəki şücaətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Özündən sonra bir qızı, bir oğlu yadigar qalıb.
Musavat.com-un əməkdaşı şəhid Milli Qəhrəmanın evində olub və ailəsi ilə söhbətləşib.
Polkovnikin xanımı Könül Həmidova həyat yoldaşı ilə tanışlığından danışıb:
“Şükürün atası Nəriman müəllimlə bir məktəbdə çalışmışam. Məni diqqətində saxlayıb və bu barədə oğluna deyib. Şükür Naxçıvandan gəldi və biz görüşdük. Tanışlığımız elə oldu, 2003-cü ildə ailə qurduq və Naxçıvana köçdük. Bir neçə dəfə görüşdükdən sonra onun necə insan olduğunu gördüm. Vətəninə, atasına, anasına diqqətcil biri idi. Anasını, atasını sevən kişi öz ailəsini də sevər. Deyirlər, hərbçilər aqressiv, çətin insan olur, amma Şükür elə deyildi.
Xarakteri bir az ciddi olsa da, bu, işi ilə bağlı olurdu. Ailədə isə tam fərqli biri idi. Uşaqları ilə dost kimi danışırdı. Övladlarına deyirdi, “nə sözünüz olsa, mənimlə bölüşün”.
Sözü axıra qədər dinləyirdi. Axşamlar evə gələndə oturub uşaqların dərsləri ilə məşğul olurdu. Hər şeylə maraqlanırdı. Bəzən mənim xəbərim olmurdu, məktəbə gedib müəllimlərdən uşaqların dərslərini soruşurdu”.
Oğlu Nurlan Həmidov: “Atam məni özünə dost bilirdi. Deyirdi, problemin olanda mənə yaxınlaş və onları bölüş. Bizi danlamaz, vurmazdı. Oturub söhbət edirdi. Çətin vəziyyətimdə başa salardı. Fəxr edirdim ki, o mənim atamdır. Məktəbdə gəzəndə hamı bilirdi ki, Şükür Həmidovun oğluyam.
Dərslərimizlə maraqlanırdı. Hər gün işdən gələndə sonra əlavə dərslər etdirirdi. Məni idmana da yazdırmışdı. Birgə məşqlər edirdik. Atam mənim gələcəyim barədə söhbət edirdi. Deyirdi, fəxr ediləsi insan olmalısan. Məni hərbidə görmək istəyirdi”.
Onu Milli Qəhrəman edən döyüşü
Könül Həmidova: “Onun ilk döyüş yolu Aprel döyüşlərindən başlayıb. O döyüşlərdə mən Şükürün yanında idi. Doğrudur, döyüşlərdən xəbərim yox idi. Lələtəpə alınandan sonra bildim ki, müharibədir. Hətta bir dəfə şəhid xəbəri gəldi. O dövrlə indiki müharibəni müqayisə edirəm, deyirəm, kaş ki, hər şey orada qalardı.
Vətən müharibəsi başlayanda Sumqayıtda yeni mənzil almışdıq. Avqust ayında yeni evimizə köçdük, sentyabrda müharibə başladı. Müharibədə hər gün səsini eşitdikcə ümidim artırdı ki, bu gün heç nə olmadı, yəqin sabah da heç nə olmaz. Günlər keçdikcə düşünürdüm ki, rayonlarımız yavaş-yavaş alınır, müharibə artıq bitir. İnşallah ki, sağ qayıdar. Müharibə dövründə ondan xahiş etmişdim ki, hər gün bircə kəlmə mənə “alo” de və telefonu bağla. Mən bilim ki, sağsan. Adətən gecələr danışa bilirdik. Gecə bir az sakitlik olurdu. Gün ərzində isə xeyli zəng edirdi. Deyirdi, salamatlıqdır, narahat olmayın.
Sonuncu dəfə sentyabrın 19-u evdə idi, bizimlə sağollaşıb getdi. Dedi, həftəsonu Bakıya iclasa gələcəyəm. Qismət olsa, görüşərik. Sən demə 6-cı gün gələ bilməyib, görüntülü iclas keçiriblər. Mənə zəng etdi ki, bir az işlərimiz var, gələ bilməyəcəyəm.
Sabah tezdən eşitdim ki, əks-hücum əməliyyatları başlayıb, xeyli şəhidlərimiz var. Bunları oxudum, dəli oldum. Şükürə zəng çatmadı. Xeyli keçəndən sonra ondan zəng gəldi və bildirdi ki, salamatdır. Oktyabrın 19-u əlaqəmiz tamamilə kəsildi. Sonuncu danışığımızda dedi, sabah Qubadlıya gedirik və mənə zəng çatmayacaq.
Hər səhər yuxudan durub deyirdi, bu gecə yuxumda Qubadlıda müharibədəydim. O, müharibə istəyirdi, deyirdi, Xocalının qisası alınmalıdır.
Müharibə günlərində onunla parollarla danışırdıq. Yaxın bir adamımız var. Yoldaşının adı Füzulidir. Xanımın adı Şükürün yadında deyildi. Telefonda dedim, Dilbərin yoldaşı bizdədi? Dedi, Dilbər kimdir? Dedim Mübarizin bacısı. Məsələni anladı, dedi, bizdə deyil. Artıq anladım ki, hələ Füzuliyə girməyiblər. Ərgünəş dağını soruşanda isə dedim günəşin ərində vəziyyət necədir...
Torpağını öpdüyü evində şəhid oldu
Şükür tam hərb üçün yaradılmış bir insan idi. Hələ kiçik yaşlarından çevik, oxuyan imiş. Hansı işin arxasınca göndərirmişlər öhdəsindən gəlirmiş.
Çox zarafatcıl idi. Sərtliyi uşaqların dərsi ilə bağlı olurdu. Müəllim uşaqlardan şikayət edəndə onlardan küsürdü, danışmırdı. Onlar da bunu ən böyük cəza hesab edirdilər. Qızımı müəllim kimi görmək istəyirdi. Deyirdi, ən şərəfli peşə müəllimlikdir. Xarakterini sanki Nurlana verib getdi. Qızım isə sözü üzə deməkdə ona bənzəyir. Qızıma çox bağlıydı. Onun qarşısında çox aciz idi. Qızımızın gözündən yaş gəlsəydi, çox pis vəziyyətə düşürdü. Xəstələnəndə yanından ayrılmırdı.
Sosial şəbəkələrdə Şükürün adına açılmış bir neçə səhifə var. Əsgərlərinin şərhlərini orada oxuyuram. Biri yazmışdı: “Mənə verdiyi konfetin kağızını, su qabını saxlayıram. Müharibədə yeməyini payladı. O, bizə ata oldu, komandir deyildi”.
Tank əleyhinə atılmış raket qəlpələri üzünü, qolunu, ayaq hissəsini yaralamışdı. Bircə bronjilet olan hissə salamat idi. Xüsusi təyinatlı Şəhriyar Quliyevin meyitinin yerini ölüm ayağı Şükür demişdi. Qubadlıya girəndə diz üstə çöküb, torpağı öpüb və oturub ağlayıb. Onun ölümü çoxunu sarsıtdı. Hər kəs ağladı. Bir kəlmə dedilər, heyif”.
Şahanə Rəhimli
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ