Onlayn ictimai-siyasi qəzet
Bəşər Əsəd rejiminin xalqına tətbiq etdiyi zorakılıq və zülm nümunələri bitmək bilmir.
Musavat.com xəbər verir ki, bir qarajı ələ keçirərək sahibini həbsə atan rejim əsgərlərinin oradakı minlərlə avtomobilin ehtiyat hissələrini çıxararaq satdığı məlum olub.
Onlar həmin avtomobillərin qalıqlarını isə çürüməyə tərk ediblər. Bu barədə görüntülər üzə çıxıb.
Əsəd rejimi devrildikdən sonra həbsdən çıxan suriyalılar yararsız vəziyyətə düşmüş avtomobillərinə qovuşublar. Təxminən 4 min avtomobilin qaytarıldığı qaraj dron vasitəsilə görüntülənib.
Avtomobillərin toplandığı qarajın sahibi Hatim Əhməd Əl-Qorani bunları deyib:
"Bu qaraj mənə məxsus idi. Rejim komandirlərindən biri məni günahsız yerə həbs etdirdi. Qarajı ələ keçirdilər. İnsanların avtomobillərini alıb bura gətirirdilər. Avtomobillərin ehtiyat hissələrini çıxarıb satırdılar. Terrorçu kimi həbsdə saxlanıldım, amma heç vaxt məhkəməyə çıxarılmadım. 13 il 4 ay həbsdə qaldım. Həbsdən çıxmaq mənim üçün bir xəyal idi. Xəyalım gerçək olduğu üçün xoşbəxtəm. Mənim üçün bu, heç vaxt reallaşmayacaq bir arzu idi. Əsədin devrilməsi ilə bu xəyalım reallaşdı. Övladlarımı görmək və işimə geri dönmək mənim üçün böyük xoşbəxtlikdir. Buradan məsul olan rejim komandiri mənim azad edilməməyim üçün rüşvət verirdi. İndi isə həmin komandir həbsdədir".
Qarajın təhlükəsizliyindən məsul olan İyad Məhəmməd Sabi isə qeyd edib ki, şəhər mərkəzindən toplanan avtomobillər bura gətirilirmiş və onların ehtiyat hissələri çıxarılaraq satılırmış.
"Biz hazırda buranın təhlükəsizliyini təmin edirik və sənədləri təqdim edən şəxslərə avtomobillərini qaytarırıq. Əvvəllər burada 7 min avtomobil vardı. Hazırda qalan avtomobillərin sayı 3400-dür. Avtomobillərin böyük hissəsini sahiblərinə qaytarmışıq. Əsəd rejimi zamanı da burada işləyirdim. Gecələr ən yaxşı avtomobilləri sürürdülər və heç kim onlara heç nə deyə bilmirdi. Buradakı məsul şəxslərin yarısı həbs edilib, digərləri isə qaçıblar", - Sabi bildirib.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ