Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ərzaq məhsulları idxalına çəkdiyi xərc ildən-ilə artır. Gömrük statistikasına görə, bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard manata yaxın - 921 969.26 min ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon 902 min dollar və ya 5,3 faiz çoxdur.
Beş ayda həmçinin ölkəyə 28 milyon 623.17 min dollarlıq diri heyvan idxal olunub. Bu isə əvvəlki illə müqayisədə 9 milyon 910.79 min dollar və ya 53 faiz artım deməkdir.
Bu ilin yanvar-mayında Azərbaycana 134,9 milyon dollar dəyərlə 450 min 152.65 ton buğda idxal olunub. Ötən ilə nisbətən buğda idxalı həcm ifadəsində 94 min 527,59 ton və ya 26,6 faiz, dəyər ifadəsində isə 10 milyon 854,64 min dollar və ya 8,7 faiz artıb. Bir tonun idxal dəyərini hesabladıqda aydın olur ki, ötən ilin beş ayında buğdanın bir tonunu 348,8 dollara, bu ilin eyni dövründə isə 299,7 dollara idxal etmişik.
Ötən il ətin 1 tonunu 1741 dollara, kərə yağı və süddən hazırlanmış digər yağları 5560 dollara, bitki və heyvan mənşəli piylər və yağları 1632 dollara idxal etmişik. Bu il isə həmin məhsulları müvafiq olaraq 1842 dollara, 5519 dollara, 1378 dollara gətirmişik. Göründüyü kimi, ətdən başqa Azərbaycan əhalisinin qida rasionunda mühüm yer tutan digər 3 məhsulun hamısınıni idxal qiymətində ötən ilə nisbətən ciddi ucuzlaşma var.
Bu da təbiidir, çünki həmin məhsulların qlobal bazar qiymətlərində ucuzlaşma bir ildir davam edir. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən, may ayında qlobal ərzaq qiymətləri indeksi aprellə müqayisədə 3,4 bənd və ya 2,6 faiz azalmaqla 124,3 bəndə bərabər olub. Bu, ötən ilin eyni dövrünə nəzərən 35,4 bənd və ya 22,1 faiz azalma deməkdir.
May ayında qlobal bazarlarda bitki yağlarının, taxıl və süd məhsullarının qiyməti azalıb, şəkər və ət məhsullarının qiyməti isə bahalaşıb. Belə ki, taxıl məhsullarının qiymət indeksi aprellə müqayisədə 6,5 bənd və ya 4,8 faiz azalaraq 129,7 bənd təşkil edib. Bu, ötən ilin rekord göstəricisindən 43,9 bənd aşağıdır. Mayda buğda qiymətləri aprelə nəzərən 3,5 faiz, qarğıdalı 9,8 faiz ucuzlaşıb.
118,7 bənd olan bitki yağları qiymətlərində bir ayda 11,3 bənd və ya 8,7 faiz azalma olub. Bu, 2022-ci ilin analoji dövründəkindən 48,2 faiz aşağı deməkdir.
Süd məhsullarında aylıq azalma 3,9 bənd və ya 3,2 faiz təşkil edib.
Ət məhsulları qiymət indeksi mayda əvvəlki ayla müqayisədə 1,1 bənd və ya 1 faiz artıb. Şəkər qiymətləri indeksində isə 8,2 bənd və ya 5,5 faizlik artım qeydə alınıb.
Qlobal bazarlardakı bu prosesin yalnız artım istiqamətləri Azərbaycan bazarında hiss olunmaqdadır: ət qiymətlərində hər kiloqramda 0,5-1 manata yaxın artım var. Şəkər məhsullarında isə artım daha böyükdür: 1 kq konfetdə 2 manatdan yuxarıdır. Şəkər tozu isə həm 1 kiloqramda 20 qəpikdən çox bahalaşıb, həm də qıtlığı yaranıb.
Buğdanın, maye yağların, süd məhsullarının qiymətində bir ildən yuxarıdır davam edən ucuzlaşma hələ də Azərbaycan bazarında əksini tapmayıb. Lakin 1 aydır şəkərin qiymətlərində müşahidə olunan bahalaşma dərhal bazarlarımızda əks olunub. Normal məntiqlə götürdükdə, əgər daxildəki qiymətlər həqiqətən xarici bazarlardan asılıdırsa, ona uyğun da dəyişməlidir. Necə ki, əksər ölkələrdə dəyişir: kiçik istisnalarla, bütün dünyada inflyasiyanın azalması gedir və əhali bunu öz alış-verişində açıq hiss edir.
ABŞ-dan tutmuş Avropa İttifaqı, hətta ən ağır sanksiyalar altında olan Rusiyada belə qiymətlərin ucuzlaşması müşahidə olunur və bu, pərakəndə ticarət şəbəkələrindəki qiymətlərə də yansıyır.
Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarına nisbətən 13,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 bahalaşıb.
Qida məhsulları əvvəlki ilin eyni dövrünə nəzərən may ayında 13,1 faiz, yanvar-may aylarında isə 16,3 faiz bahalaşıb.
Yanvar-mayda ölkənin pərakəndə ticarət şəbəkələrindən həyata keçirilən satışların həcmi 20 milyard 769,5 milyon manat olub ki, bunun da 52,9 faizi ərzaq məhsullarının payıdır. Ötən illə müqayisədə ölkədə ərzaq məhsulları üzrə inflyasiya 16,3 faiz olduğu halda, əhalinin ərzaq məhsullarına xərclədiyi vəsaitin həcmində cəmi 2,2 faizlik artım baş verib. Bu isə o deməkdir ki, inflyasiya əhalinin alıcılıq qabiliyyətini yalnız ərzaq məhsulları üzrə 14 faizədək aşağı salıb.
Azərbaycan əhalisinin qida rasionunda mühüm yer tutan buğda ilə bağlı proseslər xüsusilə diqqəti cəlb edir. Belə ki, bu məhsulun ölkədə istehsalı ildən-ilə azalır. Ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 2023-cü ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 664,0 min hektarını buğda, 400,0 min hektarını arpa və 0,1 min hektarını çovdar təşkil edib. Xatırladaq ki, 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdi ki, bunun da 602,1 min hektarı buğda, 413,6 min hektarı arpa və 0,2 min hektarı çovdar əkinləri idi. Göründüyü kimi, payızlıq dənli bitki əkinlərinin sahəsi 48,2 min hektar artırılıb. Bu zaman buğda əkinləri 61,9 min hektar artırılıb, arpa 13,6 min hektar, çovdar isə 0,1 min hektar azaldılıb.
2022-ci ildə ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edilib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Bu isə 2022-ci ildə buğdanın tonunun idxalına 337,6 dollar xərc çəkildiyi deməkdir.
Ötənilki buğda idxalında əsas müsbət məqam alış bazarlarındakı diversifikasiyadır. Belə ki, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib.
Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib.
Ötən ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Qazaxıstan buğdası bir qədər baha başa gəlsə də, ölkənin buğda kimi strateji məhsulun idxalında tamamilə Rusiyaya möhtac olmaması baxımından müsbət haldır.
Payızlıq taxıl əkinlərində artım olsa da, yazlıq əkinlərdə ciddi azalma var. Belə ki, 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 59,0 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 28,7 min hektarı dən üçün qarğıdalı), 49,0 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 16,9 min hektar sahədə bostan bitkiləri, 10,0 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru və sair əkilib. Ötən illə müqayisədə yazlıq buğda əkinlərində 27,9 faiz, qarğıdalı əkinlərində 3,5 faiz, kartofda 10.4 faiz, tərəvəzdə 7,3 faiz, bostan bitkilərində 15,4 faiz azalma var.
Rəsmi statistika cari ilin beş ayında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalında artım olduğunu deyir. Komitənin açıqladığı məlumatdan aydın olur ki, 2023-cü ilin yanvar-may aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116,0 milyon manat təşkil edib ki, onun da 2 milyard 372,3 milyon manatı heyvandarlıq, 743,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb.
2023-cü ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 226,9 min ton ət, 909,5 min ton süd, 918,6 milyon ədəd yumurta istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 11,4 faiz artıb.
Kənd təsərrüfatı məhsullarının istehsalındakı artıma baxmayaraq, ölkə ərzaq məhsulları ilə təminatda böyük ölçüdə idxaldan asılı olaraq qalır. Təəssüflər olsun ki, idxal olunan məhsulların daxili bazar qiymətlərindəki dəyişikliklərə antimonopolizm siyasəti baxımından effektiv nəzarət olmadığına görə Azərbaycan əhalisi ərzaq məhsullarının daim bahalaşması ilə üzləşir...
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ