İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın qaydasız oyunu – Cığallığın bu qədəri...

Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsi ətrafında qəribə vəziyyət yaranıb. Axır vaxtlar Ermənistan rəsmiləri özlərini elə aparırlar ki, sanki bölgədə sülh istəyən yalnızca İrəvan, sülhə, barışığa başlıca əngəl isə Bakıdır.

Sən demə, dünənin işğalçısı və işğala görə haqlı şəkildə cəzalandırılmış Ermənistan regionda ədalətli sülhün qayğısını çəkən, beynəlxalq hüququn keşiyində duran yeganə ölkə imiş, xəbərimiz yox. Gecə-gündüz bu yöndə çalışan da kapitulyant ölkə imış. Azərbaycanın işi-gücü isə guya böyük sülh prosesinin relsləri üzərinə şpallar yığmaq, müharibəyə, hərbi təcavüzə hazırlaşmaqdır.

Kəsəsi, “oğru elə bağırdı ki...”

Diqqət edin, az qala, hər gün erməni rəsmilər özlərini “sülh göyərçini” kimi göstərib, Azərbaycanı məzəmmət edən açıqlamalar yayırlar. Misal üçün, XİN başçısı Ararat Mirzəyan dil boğaza qoymadan bəyan edir ki, “biz bir aya sülh sənədini imzalaya bilərik, əgər Azərbaycan maneələr yaratmasa”. Ardınca parlamentin spikeri Alen Simonyan iddia edir ki, “sülh sənədinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur, top Azərbaycan tərəfdədir”.

Xeyr. Top sizin meydanda, həm də çoxdan. Yetər, ağrımayan başa dəsmal bağladınız. Problem son dərəcə bəsit: Ermənistanın qan qoxulu konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılmadan Azərbaycanla imzalanacaq hər hansı sülh anlaşması həmin anlaşmanın yazıldığı kağız qədər dəyərdə olmayacaq...

Vəziyyətə əks məntiqdən yanaşaq. Tutaq ki, biz referendum keçirib İrəvan mahalını, Göyçəni, Qərbi Zəngəzuru Azərbaycan Respublikasının ərazisi kimi konstitusiyamıza daxil edirik. Ondan sonra Ermənistana təklif edirik ki, gəl, sülh müqaviləsi imzala. Görəsən erməni cəmiyyəti, sülhdən, ədalətdən dəm vurub baş-beyin aparan erməni siyasilər və radikal revanşist tör-töküntülər buna necə baxar?

Təsəvvür edirik. Onlar hələ indinin özündə Qərbi Azərbaycan İcması adlı QHT-ni həyasızcasına Bakının Ermənistana ərazi iddiasının təsdiqi kimi dünyaya sırımağa çalışırlar, gör bunu konstitusiyamızda əks etdirsək, hansı şivəni qopararlar. O zaman özlərinə rəva bilmədiklərini başqasına, bizə niyə görürlər?..

Ən son sorğulara görə, Azərbaycan əhalisinin 84 faizi Ermənistanla sülh müqaviləsinin, sülhün tərəfdarıdır. Ermənistanda isə cəmiyyətin nə az, nə çox - 75 faizi hələ də Türkə nifrət püskürür. O zaman sülhün əleyhdarı kimdir? “Top” kimin meydanında? Nəhayət, hansı tərəf özünə “çəki-düzən” verməli, normal və adekvat qonşu kimi özünü aparmağa borcludur? Beynəlxalq hüququ vecinə almayan bir ölkə ilə axı sülh müqaviləsi necə imzalana, təhlükəsizlik içində necə yaşamaq olar?

Sıralanan suallar əlbəttə ki, ritorikdir.

Sözü ona gətiririk ki, Azərbaycanlıq bir iş yox, qalmayıb, ola bilməz. Top 44 günlük müharibədən, kapitulyasiya sənədindən sonra Ermənistan tərəfdədir. Lap dəqiqi, Bakının 5 məlum prinsipindən sonra. Amma deyəsən haylar ya o “top”u itiriblər və tapa bilmirlər, ya özlərini gicliyə vurublar, ya da həmişəki kimi, bicliyə. Hərgah artıq biclikdən keçib...

Əslində Ermənistan konstitusiyasını dəyişmək üçün təcili referenduma gərək də yox. Hazırda Paşinyan hökuməti üçün onun çətinliyi anlaşılandır. Odur ki, beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev təklif edir ki, bunun əvəzinə Ermənistan Müstəqillik Bəyannaməsini dəyişdirə bilər – harada ki, Azərbaycanın ərazi bütövlüyünə əsas qəsd yer alır.

Sitat: “Həmin bəyannaməni vaxtilə Ermənistan SSR Ali Soveti qəbul edib. Ermənistan parlamenti bu hüquqi düzəlişi etmək ixtiyarına malikdir. Belə olan halda sülh müqaviləsinə maneə olan hüquqi əngəl aradan qalxmış olacaq”.

Buyurun, heç olmasa, bunu edin, əgər gerçəkdən sülhdən ötrü belə əldən gedirsinizsə və vaxt udub altdan-altdan revanşa, savaşa hazırlaşmırsınızsa. Hələ gec deyil. Bir ayılın. Bayırda 2024-cü ilin yayıdır...

Bəlkə elə həmin o spiker Alen Simonyan boş-boş bəyanatlar verməkdənsə, konkret, real işlə məşğul olsun? Yəni F.Mehdiyevin dediyi düzəliş məsələsini parlamentin gündəliyinə salsın və Müstəqillik Bəyannaməsindəki təxribatçı müddəa səs çoxluğu ilə oradan çıxarılsın.

Bax, onda bəlkə ağlı yerində olanlar inandılar ki, Ermənistan rəhbərliyi siyasi demaqogiya ilə, sülhün imitasiyası ilə yox, gerçək mənada ciddi işlə məşğuldur. Vaxt gedir. Gerisayım bitmək üzrə...

Z.SƏFƏROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR