Onlayn ictimai-siyasi qəzet
Sərhəddə bir neçə gün öncəki məlum insident İrəvanın Bakı ilə sülh istəyində səmimi olmadığını növbəti dəfə göz önünə sərdi. Təxribata Ermənistan XİN-in reaksiyasından da bir daha aydın oldu ki, kapitulyant tərəfin təsəvvüründəki sülh anlaşmasının sülhə heç bir dəxli yoxdur. O zaman onunla danışıqlar aparmağa dəyərmi?
Gerçək belədir ki, 44 günlük müharibədən üç ildən çox keçməsinə rəğmən, hələ də xarici havadarların boş vədlərinə inanan, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan Ermənistan, onun iqtidar daxil, siyasi-ictimai qüvvələri yeganə düz yola çıxa bilmirlər. Belə təəssürat yaranır ki, bu ölkədə, ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq normalarına, elementar qonşuluq prinsiplərinə əsaslanan əlaqələr qurmağa qadir lider, qüvvə yoxdur.
Məsələn, sərhəddəki son insidentlərdən danışan iqtidar deputatlarından biri deyib: “Sülh o zaman olacaq ki, Azərbaycanla Ermənistan arasında hərbi balans yaranacaq”.
Diqqət edin, hazırda qonşu ölkə Azərbaycanla müqayisədə qat-qat zəifdir, amma sülh sazişindən yayınır, əgər hərbi paritet yaransa, Ermənistan güclənsə, sülh sənədinə imza atarmı?
“Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir”. Bu cəfəngiyyatı isə baş nazir Nikol Paşinyan sərhəddəki son olaylarla bağlı hökumətin iclasında deyib.
Onun iddiasına görə, son sərhəd hadisəsi Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürüdür: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir”.
Belə bir destruktiv hökumətlə danışıqların perspektivi yaxşı ola bilərmi?
“Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.
“Ermənistanın nə qədər havadarı olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizimlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”.
Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. Ermənistan Bakının xəbərdarlıqlarını, nəhayət, düzgün oxuyacaqmı?
Siyasi ekspert: “Hələ də bu şəkildə xəbərdarlıqlardan dərs çıxara bilmir”
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın davamlı şəkildə sülh prosesini “tormozlamağa” yönəlik fəaliyyəti, bu ölkənin sülhə hazır olmaması və destruktiv yanaşmaları onu göstərir ki, bu prosses hələ çox vaxt aparacaq. Sülh olmadığı müddətdə isə bölgədə öz maraqlarını təmin etmək istəyən ayrı-ayrı qüvvələr bundan sonra da İrəvanı revanişzmə şirnikləndirməkdə və bu ölkəni silahlandırmaqda davam edəcəklər: “Prezidentin andiçmə mərasimində bu məqama bir daha toxunaraq xəbərdarlıq etməsi isə təkcə Ermənistana deyil, həm də onların havadarlarına verilmiş mesaj kimi qəbul olunmalıdır. Yəni başqa sözlə desək Bakının xəbərdarlıqlarının düzgün oxumalı olan tərəf təkcə Ermənistan deyil, həm də Fransanın timsalında ayrı-ayrı Qərb dairələri olmalıdır: "Keçən dövrün təcrübəsi göstərir ki, Ermənistan hələ də bu şəkildə xəbərdarlıqlardan dərs çıxara bilmir. Çünki Bakı artıq ilk dəfə deyil ki, ən yüksək səviyyədə, Ermənistana bu səpkili xəbərdarlıqlar edir. Zaman isə Ermənistanın ziyanına işləyir. Bu ölkə hər nə qədər dəstəklənsə də, hər nə qədər silahlansa da onların Azərbaycana qarşı duruş gətirmək imkanları yoxdur. 44 günlük müharibədə on mindən artıq fərarisi olan, cəmi bir günlük antiterror əməliyyatı nəticəsində on mindən artıq ordusu Qarabağda tərk-silah edilən bir dövlətə nə qədər silah verirsən ver, nəticə dəyişməyəcək. Odur ki, Ermənistan dərk etməlidir ki, onun hərbi gücünü artırması bizi heç bir halda dayandıra və geri addım atmağa məcbur edə bilməz.
Prezidentin də çıxışı zamanı qeyd etdiyi kimi, “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. Sülh olmaması isə təbii olaraq regionda eskalasiya riskini artırır. Belə olan halda isə Ermənistan hələ çox qisas əməliyyatlarına hazır olmalıdır".
Hərbi ekspert: “Anlamalıdır ki, düzgün yol seçib sülhə gəlməyəcəksə, revanş yolunu seçəcəksə, heç bir kənar güc hayına çata bilməyəcək, Azərbaycan Ordusu onu tamamilə diz çökdürəcək”
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Azərbaycan Prezidentinin andiçmə mərasimində faktiki olaraq Ermənistana xəbərdarlıq etməsi İrəvan tərəfindən çox ciddiyə alınmalıdır: "Son illərin təcrübəsindən Ermənistan nəticə çıxarmalıdır. Yaxşı bilirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyini gec-tez edən liderdir. Ermənistan fərqinə varmalıdır ki, çox qətiyyətli bir liderin Prezident olduğu Azərbaycanla üz-üzə qalması onun sonunu gətirə bilər. Ona görə də İlham Əliyevin sözlərini düzgün qiymətləndirməli, revanşizmdən imtina edib sülh sazişini imzalamalıdır. Ermənistan bu dəfə verilən mesajı, edilən xəbərdarlığı düzgün oxumasa, özünə ən böyük pisliyi etmiş olacaq. Azərbaycan müharibə tərəfdarı olan dövlət deyil, həmçinin başqa ölkələrə ərazi iddiası yoxdur. Lakin Azərbaycan özünə qarşı istənilən təhdidin yerindəcə məhv etmək qüdrətindədir. Bir neçə gün öncə Zəngilan istiqamətində Ermənistan muzdlu hərbçilərinin Azərbaycana qarşı etdiyi təxribata verdiyimiz cavab bir daha İrəvana dərs olmalıdır.
Azərbaycan Ordusu 2020-ci ildəkindən daha da güclü vəziyyətə gətirilib və bu proses dayanmayıb. Ordumuz hər gün güclənir, ən müasir silahlarla silahlanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimində bundan sonrakı dönəm üçün də bir nömrəli vəzifələrdən biri kimi məhz ordumuzun güclənməsi məsələsinə xüsusi diqqət ayırdı. Bu, bir daha hər kəsə mesaj oldu ki, Azərbaycan Ordusu istənilən an istənilən təhdidin qarşısını almağa hazırdır. Ermənistan anlamalıdır ki, əgər düzgün yol seçib sülhə gəlməyəcəksə, revanş yolunu seçəcəksə, heç bir kənar güc onun hayına çata bilməyəcək, Azərbaycan Ordusu onu tamamilə diz çökdürəcək. Odur ki, Ermənistanın qarşısında iki seçim, iki yol var. Biri qonşu Azərbaycanla sülh müqaviləsi imzalayıb normal qonşuluq münasibətləri yaradıb məhv olmaqdan xilas olmaq. İkincisi, revanş yolunu seçib Azərbaycana qarşı hərbi addımlar atmaq və öz ordusunun sonuncu əsgərinə qədər qırıllıb məhv edilməsinin acısını, dövlət kimi sarısılıb məhv olmağı yaşamaq. Seçim onlarındır. Ermənistan Fransa kimi onu qızışdıranlara arxayın olmamalıdır. Azərbaycanın Türkiyə kimi rəsmi hərbi müttəfiqinin də olduğunu unutmamalıdır. Azərbaycanın Şuşaş Bəyannaməsi kimi böyük sığortası da var. Bizə qarşı kənardan istənilən müdaxilə Şuşa Bəyannaməsinin işə düşməsinə gətirib çıxaracaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ