İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Azərbaycanın dostu ilə bağlı məkrli hədəfi

 

Politoloq: “Bu məsələ ilə bağlı Macarıstanlı dostlarla ciddi şəkildə müzakirənin aparılmasına ehtiyac var”

Ermənistan Macarıstanla iqtisadi əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır. Bu haqda erməni mediası məlumat yayıb. Məlumata görə, sənəd ticarət, əczaçılıq, turizm, nəqliyyat və digər sənaye sahələrində ikitərəfli əlaqələrin inkişafına yönəlib. İqtisadi məsələlər üzrə birgə komissiyanın yaradılması da nəzərdə tutulub.

Qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin sazişin imzalanması ilə bağlı təklifi Ermənistan hökumətinin iclasında bəyənilib. Az öncə iki ölkə arasında vaxtilə Ramil Səfərov məsələsinə görə qırılmış diplomatik əlaqələr bərpa olunub, XİN başçıları bir-birilərinin ölkələrinə qarşılıqlı səfərlər ediblər.  

Lakin ikitərəfli yaxınlaşmada ilk baxışda erməni tərəfin xeyrinə işləyən maraqlı və incə bir detal var. İş ondadır ki, Macarıstan Avropa Birliyinin (AB) 27 üzvündən biri və Azərbaycana dost ölkələrdəndir. Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna və AB-də veto hüququna malikdir.       

İndi isə diqqət: dekabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Bakıda belə bir açıqlama vermişdi: “Sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var”.

Həmin 2 maddəni (bəndi) isə dekabrın 18-də İlham Əliyev rusiyalı tanınmış jurnalist və teleaparıcı Dmitri Kiselyova müsahibəsində ilk dəfə rəsmən açıqladı:

  1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası.

2.Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi.

Əlbəttə ki, söhbət AB-nin Azərbaycanla sərhəddəki yarım-hərbi, casus missiyasının fəaliyyətinin dayandırılmasından gedir. Gələn ilin fevralında missiyanın vaxtı bitir. AB-yə sədrlik edəcək Polşa isə (onun prezidenti Duda COP-29-dan sonra Ermənistana qalmaqallı səfər etmişdi) müddəti uzatmağa çalışacaq. Amma Macarıstan uzatmağa əngəl ola bilər, çünki qərar konsensusla verilir.

Rəsmi Budapeştin məsələdə mövqeyi necə olacaq? Erməni məkri işə yarayacaqmı?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Macarıstan Azərbaycanın strateji müttəfiqidir və iki ölkə arasında olduqca yaxşı münasibətlər mövcuddur. Bundan əlavə Türk Dövlətləri Təşkilatı çərçivəsində də iki ölkə arasında dost münasibətlər formalaşıb. Zaman-zaman Macarıstanın ayrı-ayrı beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarını müdafiə edən və ölkəmiz əleyhinə olan sənədləri dəstəkləməyən mövqeyinə də şahidlik etmişik: “Təbii ki, bütün bunlarla yanaşı Macarıstanın müstəqil ölkə olaraq öz maraqları da var. Əgər bu maraqları təmin etmək üçün onlara Ermənistanla iqtisadi əməkdaşlıq müqaviləsi imzalamaq, ticarət, əczaçılıq, turizm, nəqliyyat və digər sənaye sahələrində ikitərəfli əlaqələri inkişaf etdirmək lazımdırsa bu onların öz işidir. Təbii ki, biz istərdik ki, Macarıstan dost ölkə olaraq Ermənistanla bu səpkili razılaşmaları sülh sazişi imzalanmasından sonraya saxlasın.

Konkret Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətinə və Macarıstanın onların mandatının uzadılmasına veto qoyma ehtimalına gəldikdə isə deyim ki, bunun hər hansı iqtisadi sazişlə bağlılığı olmayacaq. Yəni Macarıstan belə bir hüquqdan istifadə etmək istəyəcəksə onsuz da edəcək. Amma məsələ burasındadır ki, qısa bir dövr üçün və Azərbaycanın da razılığı ilə Ermənistan sərhədinə yerləşdirilmiş missiyanın bundan əvvəl də mandatının uzadılması və tərkibinin genişləndirilməsi ilə bağlı qərarlar olub. O zaman da Macarıstan tərəfi dəfələrlə buna ehtiyac olmadığını və müzakirə zamanı veto hüququndan istifadə edəcəyini demişdi. Eləcə də “Avropa Sülh Fondu” vasitəsi ilə Ermənistanın silahlandırılması üçün maliyyə yardımının ayrılmasına veto qoyacağını da demişdi. Məlumdur ki, “Avropa Sülh Fondu” Avropa İttifaqı ölkələrinin maliyyə vəsaiti hesabına formalaşır və ondan istifadə də konsensus tələb edir”.

Politoloq qeyd etdi ki, amma bütün bunlara baxmayaraq Avropa İttifaqı və Ermənistan arasında bağlanmış sazişə müvafiq olaraq biz artıq bir dəfə Avropa İttifaqı missiyasının fəaliyyətinin uzadılmasını da “sülh Fondu” vasitəsilə Ermənistana maliyyə ayrılması haqqında qərarı da görmüşük. Bu o deməkdir ki, ya Macarıstan hansısa səbəblərə görə həmin qərarlara veto qoymaq fikrindən yayınıb, ya da proseslər Macarıstanın vetosunu nəzərə almadan həyata keçirilib: “Düşünürəm ki, bu məsələ ilə bağlı Macarıstanlı dostlarla ciddi şəkildə müzakirənin aparılmasına ehtiyac var”.

 

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR