İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın "Aİ missiyası oyunu"- özlərini rəzil duruma salırlar

 

Bu il yanvarın 10-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb.

"Üzv dövlətlər bu təklifi alqışladılar və hazırda Aİ Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbul ediləcəyi gözlənilir", - deyə Aİ-nin Ali Nümayəndəsinin mətbuat xidməti bildirib.

Caliber.az-a mənbələrdən daxil olan məlumata görə, 27 yanvar tarixində kəşfiyyat missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib. Lakin məsələ bununla bitmir. Görünən odur ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Saytın əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Diqqət yetirin ki, bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı fikirlərini Musavat.com-a bölüşüb: “Ermənistan regionda gərginlik yaratmaqla müəyyən siyasi müstəvidə uğurlar qazanacaqlarına inanır. Ermənilərin istəyi olmadan Brüsselin Ermənistanda mövcud olan müşahidəçilərdən ibarət heyətin missiyasının vaxtının daha iki il uzadılmaq istiqamətində çalışması mümkün deyildi. Bunu edən N.Paşinyan hakimiyyətidir. Ermənistan yaxşı anlayır ki, Aİ-nin bu addımından sonra Azərbaycanla sülh müqaviləsi bağlamaq ən azından daha iki il mümkün olmayacaq. Azərbaycanla sülh müqaviləsi bağlanmadan kommunikasiyalar da açılmayacaq və deməli, Ermənistan Paşinyanın bu günlərdə rəsmi bəyan etdiyi blokada şəraitindən çıxa bilməyəcək.

Fikrət Yusifov: “Ermənistan dövlət kimi özünü qorumaq istəyirsə, onu  çökdürən bu müharibəni saxlamalıdır” - Oxu.az

Aİ-nin müşahidə missiyasına hərbiçi donu geyindirmək və bu hərbiçiləri Türkiyə ilə İran sərhədlərinə yerləşdirmək kimi təşəbbüsləri isə Ermənistana çox baha başa gələ bilər. Avropa İttifaqının belə bir addımı nə Rusiya, nə Türkiyə, nə Azərbaycan,  nə də İran tərəfindən qəbul edilə bilər. Deməli, bu addımla Ermənistan indi olduğundan daha təhlükəli bir blokadaya düşəcəkdir. Yəni artıq Ermənistanın təcrid edilməsinə Rusiya və İran da qoşulacaq. Gürcüstanın Rusiyayönlü hakimiyyəti də bu məsələdə eyni mövqedən çıxış edəcəkdir”.

 Professor hesab edir ki,  Ermənistan hökumətinin başında dayananlar bu qədər ağılsız və dövləti üçün bu qədər təhlükəli oyuna getməzlər. Lakin təcrübə göstərir ki, ermənilər bəzən ağıllarını sona qədər itirə bilirlər. Kim bilir, bəlkə elə bu regionda erməni məsələsinin birdəfəlik həlli üçün Aİ-nın bu addımı yaxşı bir zəmin yaradacaq... Görünən budur ki, proseslər regionda ciddi hadisələrin baş verməsinə yol açmaqdadır.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR