Onlayn ictimai-siyasi qəzet
Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsində erməni konyakı ilə dolu onlarla yük maşını ilişib qalıb. İrəvan bunun arxasında gürcülərin öz mallarına bazar yaratmaq istəyinin dayandığını düşünür.
Musavat.com xəbər verir ki, məlumatı News.am xəbər agentliyi Ermənistanın İqtisadiyyat Nazirliyinə istinadən yayıb.
Nazirliyin məlumatına görə, 30-dan çox maşın artıq Rusiya ərazisində olmasına baxmayaraq, erməni konyakı ilə yüklənmiş onlarla yük maşını hələ də Gürcüstan keçid məntəqəsində saxlanılır. Park edilmiş yük maşınlarının Rusiyaya keçidinə icazə almaq üçün Gürcüstan tərəfi ilə danışıqlar aparılır.
Ötən həftə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentə məlumat vermişdi ki, 50 gündür Gürcüstan keçid məntəqəsində ilişib qalmış 52 erməni konyaklı yük maşını sərhədi keçərək Rusiya ərazisinə daxil olub. Həmin vaxt 72 yük maşını hələ də Gürcüstan ərazisində idi.
Nəşr qeyd edir ki, erməni konyak istehsalçıları vaxtaşırı Gürcüstanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirir və onların Rusiyaya ixrac üçün nəzərdə tutulan məhsullarının bir neçə gündür saxlanıldığını bildirirlər: "Əgər əvvəllər Ermənistandan Gürcüstan üzərindən konyak yükünün ixracı gündə 4-7 avtomobillə həyata keçirilirdisə, indi ixrac praktiki olaraq dayanıb və həftədə cəmi 1-2 yük maşını ilə həyata keçirilir. Erməni istehsalçıları güman edirlər ki, Gürcüstan tərəfi rəqabət səbəbindən erməni konyakının Rusiya bazarına daxil olmasına süni şəkildə mane olur".
Nəşrin məlumatına görə, Rusiyada konyak və brendinin pərakəndə satışının statistikasına əsasən, yanvar-aprel aylarında Ermənistan və Gürcüstan ikinci və üçüncü yerləri bölüşdürüb. Eyni zamanda Rusiyanın konyak bazarında Ermənistan məhsullarının payı demək olar ki, 22 faiz, Gürcüstanın isə 11,2 faiz təşkil edir.
Gürcüstanın biznes nəşri bm.ge xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Tiflisin konyakla dolu Ermənistan yük maşınlarının Rusiya ilə sərhədi keçməsi prosedurundan sui-istifadə etməsi ilə bağlı ittihamları rədd edir: "Departamentdən bildirilib ki, bütün Gürcüstan ərazisində gömrük məntəqələrində bütün prosedurlar standartlara uyğun həyata keçirilir. Onların məlumatına görə, may ayında Gürcüstan ərazisindən erməni konyakı ilə dolu 27 avtomobil keçib".
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ