Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın silahlandırılması artıq açıq şəkildə həyata keçirilir. Fransa prezidenti Emmanuel Makron Avropa Birliyinin dördüncü zirvə toplantısından sonra azərbaycanlı jurnalistin sualını cavablandırarkən bu mövqeyini bildirdi. İfadə etdi ki, Ermənistanın silahlandırılması bir dövlətin özünün təhlükəsiliyinin təmin edilməsi ilə bağlı beynəlxalq səviyyədə hüququdur. Yaxud da Azərbaycanın Ermənistana hücum etməsi ilə bağlı sərsəm fikirlər səsləndirdi. Makron administrasiyasının, yaxud ABŞ-nin ermənipərəst qüvvələrinin mövqeləri bundan ibarətdir. Onlar, əslində, reallığı qəbul etmək istəmirlər”.
Musavat.com xəbər verir ki, bunu siyasi ekspert Xəyal Bəşirov ABŞ-ın Ermənistana silah ötürməsinə münasibət bildirərkən deyib. Siyasətçi bildirib Qərb Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından yana olmadığını göstərir:
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı əsassız ittihamlar, BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində və digər platformalarda qətnamələrin qəbul edilməsinə cəhdlər göstərildi. Gördülər ki, bundan bir nəticə çıxmır. Avropa İttifaqının mülki missiyası adı altında qüvvələrini regiona yerləşdirməyə cəhd göstərdilər. Ermənistan ərazisində yerləşdirilən həmin o qüvvələrin mülki missiya ilə heç bir əlaqələri yoxdur. Həmin o qüvvələr keçmiş polis işçiləri, jandarma, kəşfiyyatçılar və silahlılardan ibarətdir. O şəxslər də Avropadan olan diplomatlarla bir yerdə Azərbaycana qarşı “binokl siyasəti” yeridirlər. Ərazilərimizi gecə-gündüz turbinlə müşahidə edirlər. Burada söhbət mülki missiyadan gedirsə, onun fəaliyyətinin nəticələri olmalıdır və ya mülki məsələlərlə məşğul olmalıdır.
Ermənistanda həmin o qüvvələr ora yerləşdikdən sonra ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirir. Ermənistan kapitulyasiyaya uğramış məğlub bir dövlətdir.
Bu iki dövlətin təlim keçirməsi absurddur. Həm güc fərqiliyi baxımdan , həm də Ermənistan KTMT-yə üzv dövlətdir. ABŞ isə onunla düşmən mövqedə olan NATO-nun aparıcı dövlətidir.
Bu il aprelin 5-də Azərbaycanın iştirakını təmin etmədən 3 tərəfli qaydada ABŞ, Aİ və Ermənistan arasında görüş keçirildi. Bu görüşün məqsədi Ermənistanın silahlandırılması, müdafiə, hücum qabiliyyətinin gücləndirilməsi, hərbi-texniki yardımların edilməsi idi. Həmin o görüşdən sonra həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana böyük məbləğdə yardım etdi.
Proses mərhələli şəkildə həyata keçirildi. Daha sonra iyun ayında Cenevrədə keçirilən sülh konfransında Ermənistana 10 milyonluq yardımın edilməsi ilə bağlı qərar verildi. Bu, “Avropa Sülh Fondu” tərəfindən edildi. O fond ermənipərəst Cozep Borelin təşəbbüsü ilə yaradılıb və münaqişə edən tərəflərə silah paylamaqla məşğuldur.
Sülh prosesinin davam etdiyi bir məqamda hərbi kömək edilməsi Ermənistanda revanşit hisləri oyadır. Qərb və ABŞ bu addımı atmaqla Rusiya-Ukrayna müharibəsi fonunda bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərir.
Bir tərəfdən Ermənistan vasitəsi ilə cənubi Qafqaza yerləşməyə, digər tərəfdən münasibətlərin normallaşmasının qarşısını almağa çalışırlar. Çünki münasibətlər normallaşarsa, onlar Cənubi Qafqazda istədiklərini edə bilməyəcəklər. Digər məsələ isə Rusiyaya qarşı növbəti cəbhənin yaradılması ilə bağlıdır. Mərhələli şəkildə Ermənistan Rusiyanın nəzarətindən çıxarılır. Kollektiv qərb Ermənistanla bağlı qərar verib. Bu ölkənin silahlandırılması ən təhlükəli məqamlardan biridir. Sülh reallıqlarına ziddir”.
Xatırladaq ki, bir neçə gün bundan öncə Caliber.az bildirib ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. ABŞ-nin Ermənistandakı səfiri isə bununla bağlı news.am saytına açıqlama verib. Səfir demək olar ki, məlumatın ətrafında söz oyunu oynayıb. Faktla bağlı konkret fikir bildirməyib:
“İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.
Burada söhbət əlbəttə, Ermənistan- ABŞ hərbi təlimlərindən deyil, Ermənistana gizli yolla 2 təyyarədə silah-sursat daşınmasından gedir. Səfir isə mövzudan yayınaraq “təlimləri” şərh edir. Bu isə onu göstərir ki, ABŞ-nin səfirinin faktlar qarşısında deyəcəyi söz yoxdur. Üstəlik, silah daşınması ilə bağlı yayılan xəbərdə ABŞ səfirliyinin cavabında qeyd olunan təlimlərdən bəhs edilməyib.
“Caliber” nəşri səfirin açıqlamasından sonra yeni məlumat yayaraq bildirib ki, onlarda İrəvan Zvartnots hava limanına eniş edən hərbi-nəqliyyat təyyarələrinin fotoşəkilləri var və təkzib etmək üçün növbəti cəhdlər olarsa həmin fotolar yayılacaq:
“Biz ABŞ-ın Ermənistandakı səfirliyini nəşrimizin mahiyyətini bulandırmaq cəhdlərini dayandırmağa, əvəzində Cənubi Qafqazda gərginliyin dərəcəsini xeyli artıran vəziyyətə aydınlıq gətirməyə çağırırıq”,-deyə nəşr bildirib.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ