Onlayn ictimai-siyasi qəzet
Son günlərdə İrəvanda keçirilən və guya “qarabağlıların hüquqlarının müdafiəsi” adı altında təşkil olunan aksiyalar əslində Ermənistanın daxili siyasətinə təsir etmək məqsədi daşıyan, revanşist dairələrin təxribat xarakterli cəhdlərindən başqa bir şey deyil.
Musavat.com xəbər verir ki, “Azadlıq Meydanı”nda qurulan çadırlar, 50 min dramlıq dövlət yardımının yetərsizliyindən gileylənənlər, Xankəndidəki yanacaq anbarı partlayışının “statussuz qurbanları” haqqında hay-küy – bunlar hamısı erməni cəmiyyətində süni narazılıq dalğası yaratmağa xidmət edir.
Lakin bu təşəbbüslərin arxasında duran məqsəd sosial deyil, siyasi xarakter daşıyır.
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl açıq şəkildə bəyan etdi ki, “Qarabağ hərəkatı artıq bitməlidir. Onun siyasi və hüquqi mənası qalmayıb.” Bu sözlər, Ermənistanın real vəziyyəti qəbul etməyə başladığını göstərirdi. Lakin Paşinyanın bu mövqeyi bəzi radikal və revanşist qruplar tərəfindən hədəf alınır.
Aksiyaların təşkilatçılarından olan Njde İskandaryan deyir ki, “biz hökumətə 1-2 həftə vaxt veririk, sonra daha böyük mitinqlərə başlayacağıq”. Bu, sosial tələb deyil, təhdid və siyasi şantajdır. Məqsəd aydındır: Ermənistanın qarşıdan gələn parlament və ya prezident seçkilərində Paşinyanın mövqeyini zəiflətmək, “Qarabağdan köçən ermənilər” adından istifadə edərək süni bir siyasi platforma yaratmaq və bu kütləni seçki alətinə çevirmək.
Azərbaycan üçün bu hadisələrin əhəmiyyəti ondan ibarətdir ki, Ermənistanın daxilində yenidən revanşist fikirlərin aktivləşməsi ehtimalı ortaya çıxır. Rəsmi Bakı ilə sülh prosesinə açıq şəkildə mane olmayan Paşinyan, daxildəki təzyiqlə üz-üzədir. Bu təzyiq isə onu ya geri addım atmağa, ya da danışıqlarda qeyri-müəyyən mövqe tutmağa məcbur edə bilər.
“Qarabağ ermənilərinin hüquqları” adı ilə manipulyasiya aparan bu qruplar əslində Azərbaycanın suverenliyinə qarşı çıxmırlar, çünki bunu edə bilmirlər, – onlar Ermənistan daxilində hakimiyyət uğrunda savaş aparırlar. Onlar bilir ki, artıq Xankəndiyə dönmək mümkün deyil, amma bu bəhanəni siyasi alət kimi istifadə edərək erməni cəmiyyətində saxta qəhrəmanlıq və “qurbanlıq mifologiyası”nı dirçəltməyə çalışırlar.
Azərbaycan üçün Qarabağ məsələsi artıq bağlanıb. Xankəndidə, Xocalıda və ətraf bölgələrdə dövlət suverenliyi tam bərpa olunub, erməni silahlı birləşmələri məhv edilib və əraziyə nəzarət bərqərar olunub. İndi Ermənistanda yaranan hər hansı daxili siyasi manipulyasiyalar Azərbaycan üçün geosiyasi təhlükə deyil, amma sülh müqaviləsinin imzalanması prosesinə texniki əngəl yarada bilər.
Ermənistanda keçirilən bu aksiyalar, çadırlarda keçirilən “etirazlar”, sadəcə kasıb və köçkün ermənilərin problemi deyil – bu, Ermənistanın gələcək siyasi xəttini müəyyənləşdirmək üçün aparılan manipulyativ savaşdır.
Reallıq isə budur ki, artıq “Qarabağ” kartı tükənib, bu karta ümid bağlayanlar isə siyasi iflasa doğru gedirlər.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ