İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “ikinci Ukrayna” ssenarisi hazırlanır - KTMT-dən qovsalar...

Rusiyanın Ermənistanı asanlıqla Qərbə “yem” edəcəyini gözləmək olmaz; İrəvan növbəti sürprizlərin mərkəzinə çevrilə bilər; xəyanəti heç vaxt bağışlamadığını deyən Putinin fotolarına həqarət edən ermənilər narahatdır; politoloq: “Rusiya Ermənistan sərhədlərini qorumaqdan imtina edə bilər”

Ermənistanın paytaxtı İrəvanda ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibindən çıxması üçün etiraz aksiyaları getdikcə daha geniş vüsət alır. Azadlıq meydanına toplaşan aksiyaçılar bəyan edirlər ki, Ermənistan KTMT-dən çıxmalıdır və bundan sonra “ölkənin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı real müttəfiqlərlə danışıqlar başlamalıdır”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvan səfərində “Ermənistanın ərazi təhlükəsizliyi, suverenliyi və demokratiyası Birləşmiş Ştatlar üçün dəyərlərdir” desə də, “KTMT-dən çıxarsa, ABŞ təhlükəsizliyinə qarantiya verə bilərmi” sualına birmənalı cavab verməkdən yayınıb. “Bugünkü görüşümüzdə iqtisadi və təhlükəsizlik məsələləri, Ermənistanın "Minilliyin çağırışı" proqramlarına qoşulması məsələsi, müdafiə sahəsində əməkdaşlığımız haqqında danışdıq. Gözləntilərin və istəklərin nə olduğunu dinləmək və anlamaq üçün buradayıq" deyib. Ermənipərəst konqresmen Frank Pallonenin isə “Biz başa düşürük ki, Ermənistan Rusiya ilə birlikdə bu təhlükəsizlik təşkilatının bir hissəsidir. Bu barədə heç nə demirik. Biz deyirik ki, ABŞ Ermənistanın təhlükəsizliyindən çox narahatdır. Biz Ermənistanı təhlükəsizlik baxımından mümkün qədər dəstəkləmək istəyirik”, - deyə əlavə edib.

Lakin Pelosinin səfəri fonunda erməni cəmiyyətində anti-Rusiya ovqatı kəskin şəkildə güclənib. Belə ki, Paşinyan hakimiyyəti Pelosiyə xoş gəlmək üçün şəhərdəki bütün rusiyayönlü reklam lövhələrini yığışdırmağı tapşırıb. Rusiya mətbuatı yazır ki, Pelosinin İrəvana səfərindən əvvəl Ermənistan hakimiyyətinin göstərişi ilə hava limanı üzərindəki yolda rusiyayönlü reklam lövhələri yığışdırılıb. Xüsusən də Rusiya prezidenti Vladimir Putinin üzərində “Əbədi birlikdə” yazısı olan şəkli çıxarılıb. Ermənilər həmin reklam lövhəsinin üzərinə “boşboğazlıq” sözü yazıblar. Pelosinin marşrutu boyunca Rusiya bayraqlarının görünməsinə də açıq şəkildə qadağa qoyulub. Ermənistan hakimiyyəti guya Rusiya təcavüzündən əziyyət çəkən Ukraynanı dəstəklədikləri görüntüsü yaratmağa çalışıb. Ermənilər İrəvanın küçə və meydanlarına Pelosini qarşılamaq üçün Ermənistan, ABŞ və Ukrayna bayraqları ilə çıxıblar.

ABŞ-ın Ermənistanı Rusiyaya qarşı “İkinci Ukrayna”ya çevirmək cəhdləri göz qarşısındadır. Rusiyaya qarşı uzunmüddətli planda Ermənistanı Moskvanın nəzarətindən çıxarmaq, mümkün olsa, tədricən silahlandırmaq, bəlkə NATO-ya üzv etmək ola bilər. Biz bənzər ssenarinin həyata keçirilməsini Cənubi Kipr məsələsində görmüşük. Pelosinin və İrəvana gətirdiyi dəstənin açıqlamalarında “Ermənistanın təhlükəsizliyi” qırmızı xətlə keçdi. Onlar Paşinyanı öz adamları hesab edirlər, Pelosi əbəs yerə İrəvanda “məxməri inqilab”ı dəstəkləməyib. Paşinyan hakimiyyəti faktiki antirusiyaçı qərbpərəstlərdən ibarətdir. Ermənistanın siyasi yönünü Qərbə çevirmək asandır, millət sürüşkən və panik vəziyyətdədir, heç kimə inanmırlar, dövlət lidersizdir. Ermənistan da tədricən Rusiyanın əlindən sürüşüb çıxmağı düşünür. Pelosinin səfəri zamanı İrəvanda KTMT-dən çıxmaq tələblərini gündəmə gətirmək də bunun göstəricisidir.

Bu yerdə qeyd edək ki, Kreml soyuqqanlığını saxlasa da, xüsusilə Rusiya mediası ABŞ-ın Ermənistan üzərindən qurduğu planlar haqda yazır, Vaşinqtonun “burnunu yenə lazım olmayan yerə soxduğunu” bəyan edir. Ermənistanın bu cür təhlükəli planda yer alması Paşinyan komandasına yaxşı heç nə vəd etmir. Ermənistanla bağlı irəli gedən planlarını Rusiyanın qapazı altında gerçəkləşdirmək indilikdə mümkünsüz kimi görünə bilər, 102-ci ordunu yada salmaq kifayətdir. Putin ermənilərin kim olduğunu bilir, o səbəbdən Ermənistana nəzarəti zəiflətməyəcək, lazım gəlsə, daha da sıxacaq, cəzalandıracaq... Amma mümkündür ki, günlərin birində Rusiya Ermənistanı KTMT-dən qova, həmçinin “görək, ABŞ səni necə qoruyur” sualına cavab istəyə bilər...

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

 Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan siyasi-hərbi rəhbərliyi son dövrlər apardığı ikibaşlı oyunların acı nəticəsini yaşamaqdadır: “Gah Rusiyanın, gah da Qərbin yanında olduğunu imitasiya edən Paşinyan komandası çox kritik bir dönəmini yaşayır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi heç 2020-ci ildə, 44 günlük savaşda belə bir acı durumla baş-başa qalmamışdı. İndi isə hadisələr sürətlə, özü də Ermənistan üçün xoşagəlməyən ssenari üzrə irəliləyir. Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ordusuna qarşı törətdikləri genişmiqyası xain təxribatlardan sonra aldıqları sarsıdıcı zərbələrdən sonra düşdükləri nokdaun vəziyyət, üstəlik də ABŞ-dan guya dəstək üçün İrəvana gələn Nensi Pelosi və komandası vəziyyəti daha da tündləşdirib. Okeanın o tayından gələn xalaların xətrini xoş etmək üçün az qala "həftə səkkiz, mən doqquz" öz ağası olan rəsmi Moskvaya səfərlər edən, durmadan zəng edən, məsləhət alan Paşinyan komandası başını necə itiribsə, Rusiyaya qarşı, KTMT-yə qarşı “alov püskürür”. “Qaş düzəldən yerdə vurub gözü də çıxartmaq” məhz buna deyərlər". Ü.Cəfərov rəsmi İrəvanın son günlərdə özünü gülünc vəziyyətə saldığına da diqqət çəkdi: “İki günlük səfər üçün Nensi Pelosiyə xoş gəlmək, dəstək naminə Paşinyan komandası elə ciddi səhvlərə yol verdi ki, hətta rəsmi Moskva Ermənistanın Moskvadakı səfirini izahat üçün Rusiya XİN-ə çağırdı. Bir sözlə, ermənilərin növbəti simasızlığı və hoqqabazlığı bu dəfə daha acı nəticələrə gətirib çıxaracaq. Siyasi riyakarlıq, yaltaqlıq və simasızlıq yaxın aylarda Ermənistan üçün daha dərin böhranla müşayiət olunacaq”. 2049-cu ilə qədər Rusiya 102-ci bazasının ərazisindəı qalmasına razılıq verən bir dövlətin son vaxtlar apardığı qəribə və xaotik siyasət çoxlarında suallar doğurur. Ermənistanın məqsədi və məramı nədir?! Polkovnik: “Son döyüşlər zamanı düçar qaldığı sarsıdıcı məğlubiyyət fonunda KTMT-nin də addımları onları daha çətin və rəzil duruma salıb. Ona görə də Paşinyanın yaxın aylarda durumu daha da ağırlaşacaq və ola bilsin ki, o, hakimiyyətini qorumaq üçün çox çətin maneələrdən keçsin. Hər halda, Ermənistanda baş verən siyasi və iqtisadi narazılıqlar düşünürəm ki, bu dəfə hansısa öz məntiqi nəticəsinə gəlib çıxacaq. Bunun üçün isə çox gözləmək lazım olmayacaq”.

Tural İsmayılov yazır: "İntellektual çöküş erməni ideoloji boşluğunun  lokomotivi rolunda"

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə hesab edir ki, Ermənistanın KTMT-dən kənarda hansısa bir taleyi hələlik mövcud deyil: “Bu gün həm rəsmi Moskva, həm də KTMT üzvü olan digər dövlətlər də yaxşı fərqindədir ki, Ermənistanın indiki hakimiyyəti başdan-ayağa avrasiyaçı zehniyyəti zidd sorosçulardan təşkil olunub. Ona görə hesab edirəm ki, KTMT rəhbərliyi hazırda Ermənistanın yalvarışlarından və daim onu ittiham etməyindən narahatdır. Əvvəla, nəzərə almaq lazımdır ki, KTMT daim Ermənistanın hədəf seçdiyi Azərbaycana qarşı istifadə etməsini istəmir. Rusiya da, digər üzvlər də bu situasiyadan əməllicə narahatdır. Digər tərəfdən, KTMT-dən bu gün bir üzvün ayrılması "Rus NATO-su" üçün neqativ nüfuz deməkdir. Ona görə mən hesab edirəm ki, Qərbdən gələn təzyiqlər fonunda ola bilər ki, Ermənistan özü çıxmamış, KTMT onu öz sıralarından qovsun. Amma sözünü düzü, belə qısa zamanda bunun reallaşmağı da inandırıcı deyil". T.İsmayılovun sözlərinə görə, ABŞ və Fransadakı erməni lobbisi Qərbi inandıra bilib ki, hazırda kəskin anti-Rusiya mövqeyi Ermənistanın gələcəyini böyük bir xaos girdabına sala bilər: “Ona görə də Pelosinin səfəri və Pallonenin səyləri fonunda Ermənistanın belə qısa zamanda KTMT-ni tərk etməyi o qədər ağlabatan görünmür. Ermənistan hakimiyyəti nə qədər Rusiyaya nifrət eləsə də, onun KTMT-dən çıxmaq cəsarəti mövcud deyil. Həm də bu hadisə baş verərsə: əvvəla, Rusiya Ermənistan sərhədlərini qorumaqdan imtina edə bilər; ikincisi, Ermənistan hakimiyyətinə ayırdığı maliyyə yardımlarını kəsə bilər; üçüncüsü, Ermənistanı tamamilə təcrid edilmiş hala salacaq ki, bu, vəziyyətin daha da pisləşməsinə səbəb olacaq”. Bununla belə, politoloq qeyd etdi ki, KTMT ilə Ermənistan arasında çatların dərinləşməyi danılmaz faktdır: “Amma eyni zamanda bu gərginlik həm də bizim siyasi maraqlarımıza uyğundur. Ermənistanın real siyasi simasını artıq bütün region qavraya bilir”.

Yeri gəlmişkən, 13 sentyabr döyüşlərindən sonra Ermənistanın müraciəti əsasında bu ölkəyə səfər edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupu araşdırmaları başa çatdırıb. APA KTMT-nin katibliyinə istinadla xəbər verir ki, təşkilatın Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. General-polkovnik Sidorov əsas nəticələr və təkliflər barədə məlumat verib. Təkliflər gərginliyin deeskalasiyasına yönəlib. Görüşdən sonra monitorinq qrupu Moskvaya qayıdıb. Maraqlısı budur ki, missiya üzvləri Ermənistanın KTMT-dən çıxmasını tələb edən aksiyaları da yerindəcə izləmək imkanı qazanıblar. Müdafiə naziri S.Papikyanı bugünlərdə ABŞ-a yollayan Ermənistanın “Rus NATO-su”na “kəllə atması” əslində gözlənilən idi, xüsusən də Pelosinin səfərindən və tökdüyü göz yaşlarından ilhamlanaraq... Amma çətin ki, Rusiya asanlıqla Ermənistanı ABŞ-a yem etsin. Bu mənada İrəvan növbəti sürprizlərin mərkəzinə çevrilə bilər. Prezident Putinin bugünlərdə xəyanətkarı heç vaxt bağışlamadığı barədə söylədiyi sitatın tirajlanması təsadüfi deyildi...

Pelosinin səfəri başa çatdı, ancaq indi ermənilər həyəcanlıdır. Rusiyalı ekspert Korotçenkonun dediyi kimi, Kreml beşcə gün əlini Ermənistanın üzərindən çəkib, onu Azərbaycanla üz-üzə qoysa, yetərlidir...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR