İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana alverə gələndə ayağımız altında mina partlamayacaq ki, Alen?!

İlk yayım saatı:  31.05.2025, 19:15

Mayın son günündə daha bir mina partlayışı baş verdi! Goranboy rayonu ərazisində Qaraçinar kənd sakini Qalib Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş Yenikənd ərazisində mal-qara otararkən minaya düşüb, sol ayağı dizdən aşağı amputasiya olunub… Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri bu barədə birgə məlumat yayıb.

Daha bir vətəndaşımız sağlamlığını itirdi, daha bir ailə ağır sınaqlarla üz-üzə qaldı, dövlətin yükü artdı… Bundan əvvəl Tərtər rayonunun Qızıloba kəndi ərazisində baş verən mina partlayışı zamanı Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu xəsarət alıb. Bildirilir ki, o, vaxtilə təmas xətti olmuş, minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Ağrılısı həm də budur ki, Telman Hüseynovun atası Əhməd Hüseynov 1992-ci il 16 iyun tarixində Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaranda minaya düşərək həlak olub. Ermənistanın mina terroru nəticəsində təkcə bir ailədə iki qurban var! Dünya birliyi isə torpaqlarımız işğalda olduğu kimi, “müdrikcəsinə” susmaqdadır Ermənistanın mina terroruna...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) faktla bağlı münasibətini açıqlayıb. Məlum olur ki, Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb. Qeyd olunub ki, Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub. Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur.

Növbəti dəfə ANAMA, AR DİN və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb! Azərbaycan dövləti üzərinə düşəni maksimum edir, hətta mina terroruna məruz qala biləcəkləri səbəbindən vətəndaşlarımızın on illiklər boyu həsrətində olduğu ərazilərə kütləvi olaraq və azad şəkildə səfər etmələrinə müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Bir çox hallarda bu qaydalar bəzi vətəndaşların narazılığına səbəb olur, amma mina partlayışları baş verəndə dövlətin müvafiq qurumlarının qərarlarında haqlı olduqları təsdiqlənir.

Məsələ burasındadır ki, Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra etdiyi kimi, Qarabağın, Şərqi Zəngəzurun mina və partlamamış sursatlarla çirkləndirilmiş ərazilərində də təkbaşına çalışır. Bəzən hansısa ölkə bir-iki minaaxtaran it, yaxud aparat, texnika ilə prosesdə görünür. Amma söhbət təqribən milyon yarım minanın təmizlənməsindən gedir, üstəlik partlamamış sursatların! Nəzərə alsaq ki, sel-daşqınlar basdırılmış minaların yerini vaxtaşırı dəyişmək imkanına da malikdir, o halda fəlakətin miqyası təsəvvürolunandır.

Yəqin xatırlayırsınız, ABŞ Konqresi – Azərbaycana qarşı 907-ci düzəliş adlı sanksiya qərarını qəbul edən qurum – Qarabağ separatçılarına + Ermənistana hər il milyonlarla vəsait ayırırdı. Qarabağdakı xunta rejiminə 2 milyard dollarlıq maliyyənin həm də guya ərazilərin minalardan təmizlənməsinə sərf edildiyi iddia olunurdu. İndi baxın, 2 milyardlıq “təmizlənən” ərazilərdə nələr baş verir. Təkcə 44 günlük müharibədən sonra 400 nəfərədək azərbaycanlı mina terroruna hədəf olubsa, deməli, əslində bu kimi vəsaitin mina basdırılmasına “xərcləndiyi” aydın olur. Yeri gəlmişkən, Rusiya “sülhməramlıları”nın müşayiəti ilə Qarabağdakı qanunsuz hərbi birləşmələrin Ermənistan istehsalı olan – hətta 2021-ci il istehsalı – minaları daşıdıqları və yeni təmas xətti boyunca basdırdıqları Fərrux əməliyyatında ifşa olunmuşdu. 2023-cü ilin sentybarındakı antiterror əməliyyatınadək erməni quldurlar mina əkdilər torpaqlarımızda, bizdən başqa heç bir ölkə, təşkilat səsini çıxartmadı.  

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilmişdi ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 80 piyada əleyhinə mina, 52 tank əleyhinə mina, 683 partlamamış hərbi sursat aşkarlanıb. Ümumilikdə 1 798,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Təsəvvür edin, 80 piyada, 52 tank əleyhinə mina neçə insanımızı məhv edə biləcək potensial təhlükə mənbəyi idi... Təkcə Ağdam rayonunda 37 min 154 hektar ərazi minalardan təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Miqyas çox genişdir. Bir güllə atmadan azad etdiyimiz ərazilərdə də hər an mina terroru nəticəsində növbəti qurbanlar vermək təhlükəsi ilə üz-üzəyik!

Azərbaycan rəhbərliyi, rəsmi qurumlar dəfələrlə Ermənistana, həmçinin ayrı-ayrı ölkələrin rəsmilərinə, beynəlxalq təşkilatlara rəsmi İrəvanın mina xəritələrini təhvil vermədikləri barədə çağırış edir, rəsmi İrəvana təsir göstərməyə çağırır. Ancaq nə Ermənistan bu isttiqamətdə addım atır, nə də havadarları, yaxud tərəfləri sülhə çağıranlar. Bu günlərdə Nikol Paşinyan yenə də sülh bəyanatları verməkdədir, iddia edir ki, sülh müqaviləsini imzalamağa hazırdır, sadəcə yer tapa bilmir. Sülh imzalamaq istəyən əvvəlcə beynəlxalq səviyyədə istehsalı qadağan edilmiş piyadalar əleyhinə mina istehsal edən zavodların fəaliyyətini dayandırardı! Spiker Alen Simonyan isə lap uzağı gedərək, “sülh müqaviləsinin imzalanmasındn 5 dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları bir-biri ilə alver edəcəklər”, deyə iddia edib.

Azərbaycanın sülh üçün şərtləri bəllidir, bu barədə çox yazılıb. Azərbaycanla sülh imzalamaq üçün guya “ciyəri yanan” Paşinyan və Simonyan mina qurbanları olan dinc insanlarımızın taleyi barədə azca düşünsəydilər, mina xəritələrini Bakıya təqdim etsəydilər, o halda nəyəsə inanmaq olardı. Yox, bir alver başlayacaqmış... Ermənistan tərəfə keçəndə İrəvan istehsalı olan “məhsullar”ın - piyada əleyhinə minaların ayağımız altında partlamayacağına kim zəmanət verir, Alen?!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR