Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, ordunun daim müasirləşdirilməsi cari ilin prioritet vəzifələrindəndir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“Ölkəmizin Prezidentinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün göstərdiyi səylərə baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə ədalətli sülhdən yayınmaq cəhdlərindən əl çəkmir. Yenidən silahlanma tendensiyaları və ənənəvi və yeni havadarların himayəsi altında ölkəmizə qarşı hərbi təxribatlar müşahidə edilir. Bu, müzəffər Ordumuzun gücünü və qüdrətini daim artırmağın vacibliyini bir daha təsdiqləyir. Bu çağırışlar fonunda 2023-cü il dövlət büdcəsinin 24,1 faizi və ya 5,3 milyard manatı müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsinə yönəldiləcək ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”, - deyə Samir Şərifov bildirib.
“Gələn il Azərbaycanda hərbi xərclər bu illə müqayisədə, təxminən, 600 milyon manat artırılacaq, amma bu, kifayət deyil. Hərbi xərclər az artırılır”.
Bunu isə komitənin iclasında deputat Fəzail Ağamalı deyib. “Regionda ciddi proseslər gedir, yeni çağırışlarla qarşı-qarşıyayıq. Hər şeydən öncə Azərbaycan onu sevməyən qüvvələrlə əhatə olunub. Şimaldan, cənubdan və qərbdən Azərbaycana təhdidlər var. Ona görə də hərbi xərcləri 8 milyard manatdan 11 milyard manata qədər artırmalıyıq. Hazırda Ermənistan büdcəsinin 47%-ni hərbi xərclərə ayırır, böyük silahlanmaya gedir. İranda bizə qarşı münasibət bəllidir. Ona görə də xahiş edirəm ki, hərbi büdcənin artırılması təklifim nəzərə alınsın”, - o qeyd edib.
Fəzail Ağamalı
Yada salaq ki, gələn il Ermənistan öz ordusu üçün büdcəsindən rekord həcmdə - 1.2 milyard dollar (büdcənin 47%-i) ayırmağı planlaşdırır. Lakin yenə Azərbaycanın hərbi büdcəsindən (3.1 milyard dollar və ya 5.3 milyard AZN) bu rəqəm təxminən 3 dəfə kiçik olacaq. Yəni yoxsul Ermənistanın nə silahlanma, nə də ordu quruculuğu baxımından Azərbaycanla ayaqlaşmaq imkanı və şansı yoxdur, heç vaxt da olmayacaq. Kapitulyant ölkə üzərində əzici hərbi üstünlüyümüz davam edəcək. O zaman İrəvan nəyə ümid edir? Nədən bu vəsaiti sosial-iqtisadi layihələrə yönəltmir? Ümumiyyətlə, ordu Ermənistanın nəyinə gərək, əgər heç kim onun ərazi bütövlüyünü təhdid eləmirsə? Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalaması kifayətdir ki, rifaha, təhlükəsizliyə, şad-xürrəm bir gələcəyə qovuşsun. Cırtdan və kasıb ölkə isə hələ də ordu quruculuğu üzərində baş sındırır, Paşinyan hətta peşəkar ordudan dəm vurur. İrandan, Hindistandan silahlar alır. Demək ki, yenə bəd niyyətləri var. Altdan-altdan müharibə hazırlıqları gedir. Görəsən niyə? Hər halda, Hindistandan az öncə alınan 245 milyonluq (balaca ölkə üçün kiçik rəqəm deyil!), İrandan almağa hazırlaşdıqları kamikadze-dronlar əsəsən hücum silahlarıdır.
Azad İsazadə
Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, ermənilərin hərbi büdcəsini artırmaq istəyinə bir azərbaycanlı kimi yanaşmaq lazım deyil: “Əvvəla, müharibədə çox texnika itiriblər. Onun yerini doldurmaq lazımdır. Üstəlik, əlində olan sistemlər köhnəlib. Ona görə hərbi imkanlarını artırmaq niyyəti məntiqlidir. Hətta müharibə olmasa belə hər bir dövlət hərbi imkanlarını gücləndirməlidir. Ermənistan çalışır ki, vəziyyəti dəyişməyə nail olsun. Daha çox siyasi addımlar atırlar, ancaq paralel hərbi təxribatlara da yol verirlər. Cavablarını alanda isə görürlər ki, Azərbaycan Ordusu güclüdür. Bu zaman da istər-istəməz hərbi büdcəsini artırmağa üstünlük verməyə başlayır”.
A.İsazadə hesab edir ki, biz tədbirlərimizi görməliyik, silahlanmanı artırmalıyıq: “Çünki Ermənistana qonşu deyə bilmirik. Bu silahlanmanın iqtisadi elementləri var. Əgər biz silahlanmanı davam etdirsək, Ermənistan da büdcəsində dəyişikliklər etməyə məcbur qalacaq. Nəticədə Ermənistan iqtisadiyyatı çökməyə başlayacaq. Son müharibəyə qədər onlar silah almırdı, kreditlə götürürdü. İndi isə canlı pulla almalıdırlar, bu da iqtisadi inkişafına mənfi təsir edəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ