Onlayn ictimai-siyasi qəzet
Ötən gün saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Maraqlıdır, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması üçün ciddi addımların atıldığı bir dönəmdə, rəsmi İrəvanın sülh bəyanatları səsləndirdiyi halda atəşkəsin pozulması nəyə və kimə xidmət edir? Ermənistan sülhdən imtina edir, yenidən müharibə istəyir? Üç rayonun atəşə tutulmasının səbəbi nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq potensialı mövcud deyil.
Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi reallıqları dərk etməli, düzgün nəticə çıxarmalıdır: “Ermənistanın Azərbaycanla müharibə aparmaq imkanı yoxdur. Lakin heç bir halda biz ərazidə Ermənistan tərəfindən müəyyən toqquşmaların və atəşkəs pozuntularının törədiləcəyini istisna etmirik. Çünki Ermənistan ordusunda eks-prezident Robert Köçəryana, dolayısı ilə Baqrat Qalstyana yaxın olan qüvvələr, hərbçilər hələ də xidmət etməkdədirlər. Digər tərəfdən isə Ermənistan silahlı qüvvələrinin başsız qərargah rəisi Edvard Asryan Qazaxın kəndlərinin də Ermənistana aid olmasına dair müəyyən fikirlər səsləndirir, Azərbaycana qarşı ərazi iddiaları ortaya qoyur. Atəşkəs pozuntusu bir daha onu göstərir ki, Ermənistan indiyə qədər başına gələn fəlakətlərdən və faciələrdən doğru-düzgün nəticə çıxarmayıb, bundan sonra da bu niyyətdə deyil”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan istənilən ssenariyə, istənilən təxribata anındaca, adekvat şəkildə, təsirli və səmərəli cavab verməyə hazırdır: “Sülhdən, kommunikasiyaların açılmasından danışan Ermənistan siyasi rəhbərliyi nədənsə öz qoşunlarına Azərbaycan tərəfinə atəş açılmaması barədə verdiyi göstərişlərin yerinə yetirilməsinə nail ola bilmir. Əgər Ermənistan hərbi-siyasi rəhbərliyi öz qoşunlarının fəaliyyətinə nəzarət edə bilmirsə, biz çox rahatlıqla atəş açılan mövqeləri darmadağın edə, orada Azərbaycan əsgərini və bayrağını yerləşdirə bilərik. Ermənistan öz mövcudluğunu növbəti dəfə şübhə altına almaq istəyirsə, o zaman fəaliyyətlərini eyni tempdə davam etdirsinlər. Azərbaycan istənilən ssenariyə istənilən anda adekvat, təsirli və səmərəli cavab verməyə hazırdır”.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ