İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sülh müqaviləsi imzalamasa... - bölgənin gələcəyi bundan asılı deyil!

Nikol Paşinyan indi də üçtərəfli bəyannamənin 9-cu bəndindən imtina etmək niyyətinə düşüb; İrəvan Rusiyanın nəzarət edəcəyi kommunikasiya xətlərinə qarşıdır - növbəti fəlakətli perspektivin ayaq səsləri...

Ermənistan yanlış işğalçılıq siyasətinin ağır nəticələrini yaşayır və heç şübhəsiz ki, uzun illər də yaşayacaq. Eyni zamanda görünən budur ki, İrəvan sülh müqaviləsi imzalayıb, inkişafına, bölgədəki layihələrə inteqrasiyasına can atmaq əvəzinə, bundan da boyun qaçırır.

Əslində bu gerizəkalılığın səbəblərini izah etmək də çətindir, eyni zamanda Ermənistanın bir dövlət olaraq müstəqil qərarlar verə bilməməsi də göz önündədir. Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay ilin sonunadək sülh müqaviləsini imzalamaqda guya maraqlı olması haqda söylədikləri və buna dair proqnozlar verməsinin də onun növbəti yalanı, qeyri-ciddiliyi olması fakta çevrilir. İndi sülh barədə yalnız xaricdə daha çox danışılır və təkliflər, müzakirələr ortaya atılır. Son olaraq Moskva Beynəlxalq Əlaqələr Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun Avroatlantik Təhlükəsizlik Mərkəzinin eksperti Sergey Markedonov bu barədə fikirlərini paylaşıb. Bildirib ki, oktyabrın sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması üçün üç əsas məqamın razılaşdırıldığını bəyan etdi. Ermənistan hökuməti başçısının sözlərinə görə, “əgər tərəflər razılaşdırılmış bu prinsiplərə sadiq qalarsa, onda sülh və münasibətlərin nizamlanması haqqında sazişin imzalanması reallaşacaq. Bu və ya digər formada bu üç məqam daha əvvəl, o cümlədən Ermənistanın baş nazirinin çıxışlarında ortaya çıxmışdı. Söhbət nədən gedir? Paşinyana görə, Azərbaycan və Ermənistan, keçmiş SSRİ-dəki sərhədləri daxilində bir-birilərinin ərazi bütövlüyünü tanımalıdırlar. İkinci prinsip 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyanın aparılmasıdır. Belovejsk razılaşmasından sonra bu sənəd Sovet İttifaqının dağılmasından sonra yeni geosiyasi reallığı möhkəmləndirdi. Üçüncü prinsipə əsasən, tərəflər nəqliyyat kommunikasiyalarını açmalıdır. İlk baxışdan hər şey mükəmməl görünür. Və çoxdan gözlənilən sülh yaxın perspektiv kimi görünür. Bəs bir il əvvəl Alma-Ata Bəyannaməsi ayrılmaq üçün əsas kimi göstərilmədimi? Paşinyanın keçmiş Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı "imtina nitqində" iki ölkənin əraziləri ilə bağlı konkret rəqəmlər yer almayıbmı?

Ritorik suallardır. Lakin bütün bu etiraflar üçüncü Qarabağ müharibəsinin qarşısını ala bilmədi. Paşinyanın üç prinsipin razılaşdırılması ilə bağlı çıxışından üç gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Qranada bəyanatına istinad edib. Paşinyanla yanaşı, onu imzalayanlar arasında Almaniya Federal Kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişel də var. Lakin İlham Əliyev ərizəyə avtoqraf qoymayıb. Və o, İspaniyadakı danışıqlarda iştirak etməyib. Üstəlik, nəqliyyat kommunikasiyalarına dair üçüncü bəndlə bağlı razılığın əldə olunub-olunmadığı bəlli deyil. “Dəhliz mövzusu” keçmişdəmi qaldı... Bu arada demarkasiyanın da bir sıra nüansları var. Eksklavlar məsələsi təkcə çərçivə sazişi deyil, həm də praktik həll tələb edir. Bir sözlə, Avrasiyada uzun müddətdir davam edən münaqişələrdən birinin sona çatması ilə bağlı nəticə çıxarmağa tələsmək yəqin ki, tezdir. Amma ola bilsin ki, tezliklə sülh müqaviləsi adlanacaq müəyyən sənədin peyda olması baş versin. Bütün bu barədə fikirlərini bölüşən ekspert sonda “Lakin hələlik onun təlatümlü regiona real sülh gətirəcəyi sualı açıq qalır” - qeydini edib...

Maraqlı olan digər məsələ də var: xaricdə sülhlə bağlı aparılan müzakirələrdə belə rəy yaranır ki, sanki bölgənin gələcəyi, taleyi Ermənistandan asılıdır, o sülh imzalamasa, perspektiv qaranlıq olacaq və sair... Əslində isə heç də belə deyil. Ötən 30 il sübut edib ki, Ermənistansız da bölgə inkişaf edir və böyük layihələr reallaşır. Bu səbəbdən Azərbaycan sülh üçün konkret vaxt tələbi qoyub, bundan sonra Ermənistansız bölgə projelərinin reallaşmasına başlaya bilərmi? Sual təkcə bu da deyil, digərləri də var... Coğrafi şərait də, imkanlar da Ermənistansız bütün iqtisadi, geostrateji layihələrin reallaşmasına imkan verirsə, Ermənistanın nazı ilə çox oynamağa ehtiyac qalırmı? Faktlar onu deyir ki, bölgənin gələcəyi heç də Ermənistanın sülh müqaviləsi imzalamağa razılaşmasından asılı deyil. Ona görə də Azərbaycan müəyyən vaxt limiti qoyaraq, daha sonra bu mövzunu qapalı elan edə bilərmi? Bunu etsək, nə baş verər?

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”ın bu barədə suallarını cavablandırarkən bildirdi ki, ilin sonunadək Azərbaycanla sülh müqavisinin imzalanması Etmənistanın arzusu ola bilər: “Paşinyanın sülh üçün elan etdiyi ölkəsinin üç prinsipi də Azərbaycanın çoxdan bəri israr etdiyi məsələləri əhatə edir. Amma burada detallar vardır. Nə üçün 1991-ci il Almatı Bəyannaməsi əsas götürülməlidir? Cavab hələ ki dəqiq bilinmir. Anklavlar məsələsi sülh danışıqlarından öncə həll ediləcəkmi? "Dəhliz mövzusu" havadamı qalacaq? Ermənistan əsas öhdəliyi yerinə yetirmirsə, hansı sülhdən söhbət gedə bilər? Paşinyanın Azərbaycanın iştirak etmədiyi Qranada görüşündə istinad edərək sülhün yaxın olduğunu deməsi siyasi naşılıqdır. Qranadadan sonra Brüssel görüşü baş tutmadı və faktiki olaraq təşəbbüslər Rusiya meydanına sürüşdü". Q.Çaxmaqlı qeyd etdi ki, indi Qərb və Rusiya arasında ciddi rəqabət başlayıb: “Mənə elə gəlir ki, rəqabətə əsas verən kommunikasiyaların açılması və Rusiyanın bu xəttlərə nəzarət məsələsi üzərində baş sındırılacaq. Ermənistan Zəngəzur koridoru məsələsində məlum israrında davam edəcəksə, sülh müqaviləsi imzalamaq hələ mümkün olmayacaq. Ermənistan tələsir, o qorxur ki, daha əvvəllər olduğu kimi, bu dəfə də bölgənin bütün projelərindən kənarda qalacaq. Rəsmi İrəvanın canfəşanlığının səbəbi budur, fakt faktlığında qalır ki, sülhün əldə olunmasının gecikdirilməsi də Ermənistanın zaman içində bəzi şeyləri əldə etmək istəyindən doğurdu. Bunların heç biri olmayınca indi əl-ayağa düşüb”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

 İlyas Hüseynov

STM-in sektor müdiri, politoloq İlyas Hüseynovun sözlərinə görə, əslində diplomatik cəbhədə və zəmin üzərində elə bir vəziyyət yaranıb ki, hər iki tərəf sülhə doğru gedir: “Artıq 3 mövzu ilə bağlı razılaşmanın da olmasına dair mesajlar yayılır. Ola bilər ki, konseptual əsaslarda razılaşma əldə olunub, lakin bizə əməli, praktiki fəaliyyət lazımdır. 3 il ərzində gözləsək də, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın 4-cü bəndi icra olunmurdu. Sonda öz gücümüz və iradəmiz əsasında bu bəndin icrasına nail olduq. İndi belə görünür ki, ən əsas maneə nəqliyyat və kommunikasiya mövzusudur”.

İ.Hüseynov qeyd etdi ki, 9-cu maddə icra olunmamış qalır və bu mövzu həm də regionun iqtisadi mənzərəsini dəyişə bilər, sülhün dayanıqlığına töhfə verər: “Ermənistanın kaprizləri və mənasız ambisiyaları ona gətirib çıxardı ki, artıq İranla bölgənin iqtisadi və geoiqtisadi gələcəyini reallaşdırmaq daha cəlbedici görünür. Belə olan halda Ermənistan geosiyasi və geoiqtisadi dalandan çıxa bilməyəcək və yeni revanş üçün planlar cızıla bilər. Bunun qarşısını almaq üçün indidən İrəvan rasional davranmalı və masada olan şərtləri qəbul etməlidir”. Ekspert Azərbaycanın Ermənistanın “nazı ilə oynamayacağına” da əmindir: “Yaxın tarix göstərir ki, vaxt keçdikcə Bakının şərtləri və tələbləri daha da kəskin və sərt olur. Zamanın uzadılmasının Ermənistana heç bir xeyir vermədiyini anlamaq üçün son fürsət kimi ilin sonuna qədər limit verilib”.

Bu arada, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib ki, indiyə qədər baş verənləri bir kənara qoymaq lazımdır. “Siz Ermənistan vətəndaşları kimi sülhə tələsmirsiniz? Biz tələsirik. Çünki biz sülhü ona görə istəyirik ki, fəlakətə düçar olmayaq”.

Bu, Ermənistan hakimiyyətinin ağlı başında olan hər bir üzvü üçün SOS çağırışı hesab edilə bilər. Əgər düzgün qərar verməyə iradə tapa bilsələr, özlərini də, ölkələrini də xilas edəcəklər... Amma belə bir məqamda Paşinyanın üçtərəfli bəyannamənin 9-cu bəndindən imtina etmək niyyəti barədə də erməni ekspertlər danışmağa başlayıb. Söhbət Rusiyanın nəzarət edəcəyi dəhlizdən gedir. Sözügedən bənddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Beləcə, Qərbin cilovundakı Paşinyan hökuməti bu addımı atacaqsa, Ermənistan üçün fəlakətləri qaçılmaz edəcək. Beləliklə, növbəti fəlakətli perspektivin ayaq səsləri eşidilir...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR