Onlayn ictimai-siyasi qəzet
Baş katib İrəvanda etirazla qarşılanıb - Qərbin bu ölkəni hərbi-siyasi himayəsinə götürmək cəhdləri müşahidə olunur; məqsəd sülhü yaxınlaşdırmaq olsaydı, buna sakit yanaşmaq olardı, amma... - təhlil
Ötən həftəsonu Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçlü formatda keçirilən görüşdən 3 gün sonra - aprelin 8-də Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç İrəvana rəsmi səfərə gəlib. O, xarici işlər naziri Ararat Mirzoyan da daxil, yüksək səviyyəli görüşlər keçirib.
Lakin Avropa Şurasının baş katibi Ermənistanda etirazla qarşılanıb. Polis etirazçıların Avropa nümayəndə heyətinə yaxınlaşmasına imkan verməyib. “Yeni Müsavat” xatırladır ki, az öncə amerikalı generallar Ermənistanda olmuşdu. Beləcə, Ermənistanı açıq-aşkar Qərbin hərbi-siyasi himayəsinə götürmək cəhdlərinin şahidiyik. Əslində isə Ermənistan Qərbin “qara dəliyi”nə çevrilməkdədir. Hər halda, intensivləşən bu qəbil səfərlərdə məqsəd bölgədə böyük sülhü yaxınlaşdırmaq olsaydı, buna sakit yanaşmaq olardı. Əfsus ki, belə deyil. Hədəf Rusiya ilə yanaşı, Qarabağ üzərində öz suverenliyini tam bərpa eləmiş Azərbaycandır. Ona görə də Qərb rəsmilərinin İrəvandan ayağı kəsilmir. Xatırladaq ki, bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ qeyri-müəyyən müddətədək dondurulub. Bu ayın sonunda isə qurumun növbəti yaz sessiyası keçiriləcək. Orada məlum olacaq ki, ölkəmiz əleyhinə haqsiz qərar ləğv ediləcək, ya yox. Görünən budur ki, Qərb Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməsini hələ də bağışlaya bilmir.
Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən söyləyib ki, Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Brüsseldəki 5 aprel görüşünə toxunan dövlət başçısı bildirib ki, “Son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”. Prezident bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir hərbi forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək: “Ona görə biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik”.
Dövlət başçısı habelə vurğulayıb ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib: “Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞ PA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir”.
Qayıdaq Ermənistana. Bəzi siyasi müşahidəçilərə görə, İrəvanın bölgəni məqsədyönlü şəkildə yeni müharibəyə aparan siyasəti bir tərəfdə Türkiyə, Azərbaycan və Rusiya, digər tərəfdə isə Fransa və Avropa İttifaqı olmaqla, bir-birinə zidd koalisiyaların yaradılmasına gətirib çıxarıb. Öz növbəsində hərbi ekspert Elxan Şıxəliyev ehtimal edir ki, Azərbaycanı müharibəyə çəkib Avropadakı maliyyəmizə əl qoymağa çalışırlar. Belədirmi? Türkiyə-Azərbaycan-Rusiya koalisiyasından danışmaq mümkündürmü?
Zaur Məmmədov
Politoloq Zaur Məmmədovun sözlərinə görə, görünən odur ki, 44 günlük müharibə və antiterror tədbirlərinin yekunları kimi bölgədə formalaşmaqda olan yeni siyasi mənzərəyə qarşı ciddi təzyiqlər bundan sonra artan xətt üzrə davam edəcək. Z.Məmmədovun fikrincə, Brüssel görüşü və görüşə bəzilərinin “mülayim” reaksiyası, bəzilərinin isə susqunluğu, kimin harada kimlə olduğunu göstərir: “Qərbin bəzi mərkəzlərinin və regional dövlətlərdən bəzilərinin planları Cənubi Qafqazı böyük fəlakətə gətirə bilər. Ətrafımızdakı bütün aktorlar indi öz mövqelərini ortaya qoymalıdırlar. Son baş verənlər fonunda Türkiyə, İran, Rusiya, ABŞ, Aİ kimi aktorların Qafqazla bağlı fikir və arzularında uzlaşma və zidiyyətləri təhlil etsək, ortada maraqlı bir mənzərə formalaşır. Bu gün mövqelərini bu və ya digər şəkildə ortaya qoyan uzaqdakı və yaxındakı aktorlar, sabah baş verəcək hadisələr fonunda bütün məsuliyyət yükünü çiyinlərində daşıyacaqlar”.
Politoloq hesab edir ki, bu gün erməni dövlətini aktiv və ya passiv şəkildə bir daha dəstəkləyən aktorlar, sabah bu davranışlar fonunda Azərbaycan dövlətinin hansı nəticələr çıxaracağına və hansı adekvat qərarları verəcəyinə hazır olsunlar: “Tarix təkrarlanır. 1915-1920-ci illərdə olduğu kimi, 5 aprel 2024-cü il görüşü də "erməni xalqının xilası" üçün baş tutan görüş idi. 100 il əvvəl olduğu kimi bugünkü gündə də faktiki olaraq eyni beynəlxalq və regional aktorlar erməni mövzusunda birləşərək vahid mövqe ortaya qoydular".
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimova görə, Qərb Ermənistanı da qurban verərək regionda Rusiyaya qarşı cəbhələr açmaq missiyasını bəyan edir: “Sözsüz ki, bu, regionda təhlükəsizliyi və Azərbaycanın formalaşdırdığı əməkdaşlıq formatlarını zədələməyə gətirib çıxara bilər”. Onun sözlərinə görə, bir tərəfdən, İrəvanın Brüsseldəki görüşdən gözləntiləri çox olsa da, faktiki olaraq Qərb və Rusiyanın mübarizəsinin arasında möhkəm sıxışır: “Başqa yandan, Azərbaycan, Türkiyə və Rusiyanın sammit barədəki mövqeləri görüşün İrəvan üçün kəskin xəbərdarlıq kimi qiymətləndirilməsini ümumiləşdirə bilər. Azərbaycan regionda gərginləşən mühitdə Ermənistanı mənşə kimi görməkdə haqlıdır, çünki İrəvan müstəqil qərar verə bilmək iqtidarından uzaqdır və prosesləri sülh gündəliyindən yayındıran mövqelərə keçidlər edir. Bu, Azərbaycanla Ermənistan arasında açıq qalan məsələlərin başqa alternativ yollarla həllini Bakının masasına qoyacaq. İrəvanın sərhəddəki təxribatları hansı həddə qədər davam etdirməsi Bakının qovluğundakı ssenarinin tətbiq edilmə arealını müəyyənləşdirəcək”.
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadə isə düşünür ki, Kollektiv Qərb Ukraynaya dəstək vermək əvəzinə, Ermənistandan Rusiyanı çıxaracağını zənn edir. Onun fikrincə, ABŞ və Avropa İttifaqı Ukraynada Rusiya ilə geosiyasi toqquşmada fikir ayrılıqlarını aradan qaldıra bilmir: “Amma Ermənistana dəstəkdə ortaq fikrə malikdirlər. Kollektiv Qərb Ukraynada taktiki olaraq Rusiyaya qarşı hərbi müstəvidə məğlub olmaqdadır. Rusiyanı Cənubi Qafqazdan və Şərqi Avropada mövqeyini zəiflətmək üçün ən strateji platsdarm Ukraynadır”.
Ekspert hesab edir ki, hazırda Qərb Azərbaycanın üzərinə düşüb, guya Ermənistanin ərazilərinə Azərbaycan müdaxilə edəcək kimi təzyiqlər edir: “Azərbaycanı demokratiya və insan haqlarında tənqid edir. Halbuki Ukraynada hər gün yüzlərlə insanın ölümünə seyrçi qalır. Kollektiv Qərb Ukraynaya dəstək olmaq əvəzinə, Cənubi Qafqazda əlavə problemlər yaradır. Ermənistan rəhbərliyi Qərbin Ukraynaya "dəstəyini" görmək istəmir, Azərbaycanla ikitərəfli danışıqlara getmək əvəzinə, sərhədə ordu yığır. Qərb və Rusiya Ermənistana dəstək verməklə Azərbaycanın sülh istəyinin qarşısını alır. Yeni müharibəninsə Ermənistan üçün acı nəticələri ola bilər".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ