Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın Azərbaycanla sülh müzakirələri və ölkələr arasında ehtimal olunan saziş bəzi neoimperialist dairələri ciddi şəkildə narahat edir. Faktiki müşahidə edilən odur ki, Qərb dövlətləri guya sülhə dəstək olduğunu bildirsə də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırırlar”.
Sosial Tədiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında söyləyib. Qeyd edək ki, Ermənistanın sürətlə yeni müharibəyə hazırlaşmasını sübut edən kifayət qədər arqumentlər, faktlar var. Üstəlik, Ermənistan rəhbərliyinin aprel ayı üçün “mini səfərbərlik” elan etməsi də bu hazırlıqların tərkib hissəsidir və sülhü pozan təxribatçı addımdır.
Digər tərəfdən Ermənistan XİN-in sabiq başçısı Vardan Oskanyan avantürist bəyanatlarla çıxış edib. İrəvanda “Artsax xalqının əsas hüquqlarının müdafiəsi üzrə komissiyanın” iclası haqda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın yaydığı məlumatda bir neçə diqqətçəkən məqam var. Onun dediklərindən bəlli olur ki, hələ 2023-cü ilin sentyabrında bütün dünyaya qondarma “Artsax” və ona tabe oyuncaq strukturlarının ləğvini elan etsə də, hələ də “milli assambleya” adı altında “fəaliyyət göstərirlər”, hətta bəzi ölkələrdə görüşlər də keçirirlər.
Oskanyan qeyd edir ki, “komissiya öz səylərini “Artsax”ın məcburi köçkün əhalisinin təhlükəsiz, kollektiv və ləyaqətlə qayıtmasının təmin edilməsinə, Bakı həbsxanalarında qanunsuz saxlanılan erməni girovlarının azad edilməsinə yönəldib”.
İddia olunur ki, guya ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi – ABŞ, Rusiya və Fransa ermənilərin geri qayıtmaq hüququnu açıq şəkildə dəstəkləyib. Oskanyan ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycana qarşı beynəlxalq miqyasda hazırlanan təxribat planlarını açıqlayıb. “Bu yaxınlarda İsveçrə Milli Şurası “Artsax” və Azərbaycan nümayəndələrinin dialoq apara biləcəyi platformanın yaradılması təklifini qəbul edib. Bir neçə oxşar qətnamə Avropa paytaxtlarında və ABŞ Konqresində müzakirə olunur. Bu günə qədər əldə edilmiş nailiyyətlərə əsaslanaraq, komissiya öz işinin həlledici mərhələsinə qədəm qoyub. Yaxın aylarda o, Vaşinqton, Brüssel, Cenevrə və digər şəhərlərdə təşkil olunan tədbirlərdə iştirak edəcək, vasitəçilik prosesi üçün zəruri olan diplomatik atmosferin yaradılmasına yönəlmiş yüksək səviyyəli görüşlər keçirəcək”-Oskanyan deyib.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bütün bunları təsadüfi saymır: “İlin sonuna qədər sülhlə bağlı Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər Ermənistan tərəfindən qəbul olunmuş görünsə də, rəsmi İrəvandan siyasi rıçaq kimi istifadə edən qüvvələr prosesin “ölü nöqtədən” tərpənməməsi üçün əllərindən gələni əsirgəmirlər. Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir”.
Bu arada, Caliber.az-ın yaydığı məlumat da rəsmi İrəvanın təhlükəli oyunlarından xəbər verir. Ciddi məlumat mənbələrinə malik olan saytın məlumatına görə, Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Bildirilib ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək.
T.İsmayılov yayılan xəbərləri əsassız saymır: “Qərb şəbəkələri hazırda Ermənistan cəmiyyəti içərisində Azərbaycan əleyhinə aqressiv ritorikanın qalmağında maraqlı tərəf kimi görünür. Ermənistanın sülh prosesi ilə bağlı qeyri-səmimi mövqeyi həm də bir daha nümayiş etdirir ki, bu ölkənin normal siyasi baxışları mövcud deyil”.
T.İsmayılov qeyd etdi ki, Ermənistan dövlətçiliyi sanki formal xarakter daşıyan bir strukturdur: “Belə ki, xarici güc mərkəzlərinin Ermənistanın qərarlarına ciddi təsirləri də var. Bütün bunlar isə regionu təhdid edən vacib amillərdir. Ermənistanın dövlət kimi mövcudluğu təkcə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Ermənistan bunu dərk edərək ya regionda əməkdaşlığa çalışacaq, ya da bu ölkənin siyasi alət kimi istifadəsi davam edəcək. Ermənistanın bir dövlət olaraq düşdüyü çətin iqtisadi vəziyyətdən və siyasi xaosdan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir. Ermənistan iradə göstərməli, Türkiyə ilə münasibətləri normallaşdırmalı, eyni zamanda, regional əməkdaşlıqdan imtina etməyərək bölgənin güc mərkəzləri ilə hesablaşmağı bacarmalıdır. Lakin Pasinyan komandası Ermənistanda müxtəlif simasızların dilindən “artsax” oyununu bitirmir. Bu gün ipi başqasında olandan hər an neqativ sürpriz gözləmək olar”.
E.Paşasoy,
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ