Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın mövcud konstitusiyasını dəyişmək prosesindəki tərəddüdünün əsl mahiyyətini şərh edib.
Musavat.com xəbər verir ki, sabiq diplomat bu fikirlərini İTv-də yayımlanan Ermənistan Baş naziri Nikol Paşinyanın son müsahibəsini izlədikdən sonra bildirib.
Zülfüqarovun fikrincə, Paşinyanın çıxışı göstərir ki, Ermənistan tərəfi Azərbaycanın əsas strateji hədəfini – ölkənin qərb və Naxçıvan hissəsi arasında birbaşa, təhlükəsiz və dayanıqlı əlaqənin qurulması planını hələ də ciddi təhlükə kimi görür.
“Əminəm ki, Ermənistanda çox yaxşı anlayırlar: Konstitusiya dəyişsə belə, Azərbaycan üçün hədəf dəyişmir. Biz bu məsələnin – iki hissəmizi ayıran süni sovet mirasının – tam və davamlı həllini görmədən münaqişəni bitmiş hesab etməyəcəyik”, – deyə Tofiq Zülfüqarov bildirib.
Sabiq nazirin sözlərinə görə, bu düşüncə Ermənistanda da reallıq kimi qəbul olunur və İrəvan artıq problemi danmaq yerinə, mümkün texniki həll yollarını müzakirəyə çıxarmağa meyllidir. Bu kontekstdə Zülfüqarov diqqəti əvvəllər Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfindən irəli sürülmüş bir ideyaya yönəldir:
“Ermənistan, təhlükələri və problemin gerçək ölçülərini anlayaraq, Koçaryanın vaxtilə təklif etdiyi variantı – eksteryal (əraziyə aid olmayan) tunel və ya estakada ideyasını yenidən gündəmə gətirə bilər. Hətta bu təklifi artıq veriblərmi – bilmirəm, mümkündür.”
Tofiq Zülfüqarov
Zülfüqarov qeyd edir ki, bu məsələ yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Onun fikrincə, Ermənistanın geosiyasi istiqamətində də yenidən dəyişikliklər baş verir – Paşinyanın qərbyönümlü ritorikasına baxmayaraq, rəsmi İrəvan artıq Moskvaya tərəf dönməyə başlayıb.
“Ermənistan "doğma liman" saydığı Rusiyaya geri dönür. Onların daim Rusiya ilə Qərb arasında ‘sarkaç’ kimi hərəkət etdikləri tarixdə dəfələrlə müşahidə olunub. İndi isə bu yeni mərhələdə ‘tunel’ ideyası əsas müzakirə predmeti ola bilər.”
Zülfüqarovun bu açıqlaması Ermənistan-Azərbaycan normallaşma prosesinin yalnız hüquqi deyil, həm də geosiyasi, strateji və logistik komponentlərlə sıx bağlı olduğunu bir daha xatırladır.
Azərbaycan tərəfi uzun müddətdir ki, Zəngəzur dəhlizi məsələsini gündəmdə saxlayır və Naxçıvanla quru əlaqənin təmin edilməsinin sülhün əsas dayaqlarından biri olduğunu vurğulayır. Ermənistan isə bu məsələyə ya müqavimət göstərir, ya da yeni formalarda təqdim etməyə çalışır.
Tofiq Zülfüqarovun dilə gətirdiyi “eksteryal tunel” və ya “estakada” anlayışı texniki baxımdan alternativ keçid variantları kimi təqdim oluna bilər. Lakin burada əsas məsələ – həmin keçidin Azərbaycanın suverenliyi və təhlükəsizliyi baxımından effektiv və nəzarət altında olmasıdır.
Tofiq Zülfüqarovun bu fikirləri bir daha sübut edir ki, Paşinyanın konstitusiya dəyişiklikləri və digər kosmetik addımları hələ regionda uzunmüddətli sabitlik üçün yetərli hesab edilmir. Azərbaycan üçün ərazi bütövlüyü qədər, onun geostrateji bütövlüyü də önəmlidir. Zəngəzur məsələsi isə məhz bu bütövlüyün təməlidir.
Musavat.com
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ