Onlayn ictimai-siyasi qəzet
"ABŞ-nin Ermənistanı silahlandırması və Azərbaycanı müəyyən silahları almaqdan məhrum etməsi uzun illərin siyasətidir. 907 (Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəliş. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib) və başqa düzəlişlərlə də maneə yaratmağa çalışdılar, amma bunun effektli olmadığı ortaya çıxdı. Onlar düşünürlər ki, Ermənistanı nə qədər gücləndirsələr, o qədər Azərbaycana müqavimət göstərə bilər. Amma tarixi şərtlər elə bir şəkildə dəyişib ki, bunu həll etmək mümkün deyil".
Bu sözləri Musavat.com-a VI çağırış parlamentinin deputatı olmuş Fazil Mustafa ABŞ-ın Ermənistana silah ötürməsinə münasibət bildirərkən deyib. Siyasətçi bildirib ki, Azərbaycan tamamilə fərqli bir siyasi, diplomatik və hərbi taktika tətbiq edir:
“Ölkəmiz 44 günlük savaşda da bunu uğurla yerinə yetirdi. Bu nəticə izafi bir çalışmaların olduğunu göstərir. ABŞ və başqa qüvvələrin Azərbaycana Ermənistan üzərindən təzyiq etmək imkanları daha da məhdudlaşmaqdadır. Biz də bunu dəyərləndirib öz addımlarımızı bundan sonra da daha ciddi şəkildə atmağa çalışmalıyıq.
Bu, Qərbin təzyiq vasitələrindən biridir. Onun istəyi odur ki, Azərbaycan bölgədə öz iradəsini diktə edən dövlət olmasın. Ancaq artıq gecdir. Biz bütün parametrlərlə bölgənin lider dövlətiyik.
İqtisadiyyatı Rusiyadan tam asılı olan bir ölkənin bu formada dirçəldilməsinə çalışmağın bir mənası qalmır. Amma yenə də Qərbin istəyi bizim üçün müəyyən bir təhdid təşkil edir. Buna qarşı strategiyamızı əvvəlki kimi dəqiqliklə hazırlayıb həyata keçirməliyik ki, bu proseslərdən uduşla çıxa bilək. Çünki Ermənistan kiçik görünsə də böyük dövlətlərin əlaltısı kimi çıxış edir. Böyük dövlətlər Ermənistan üzərindən Azərbaycana təhlükə yönəldə bilərlər”.
F. Mustafa bildirib ki, Rusiyanın da hazırda Ermənistanla münasibətləri ziddiyətlidir. Və bu, Azərbaycanın maraqlarına müəyyən dərəcədə uyğun gəlir.
“Ermənistanı bütün hallarda bu prosesdə müəyyən dərəcədə dirçəlmiş vəziyyətdə görmək hər halda arzularımıza daxil deyil. Biz daha çox məğlub olmuş bir ölkənin hələ də problemlərini həll edə bilməməsinə maraqlıyıq. Eyni zamanda Ermənistanın öz iradəsini ortaya qoyub sülh müqaviləsi bağlamaq məsələsində addımlar atmasını gözləyirik.
Rusiya Ermənistanın ABŞ tərəfindən silahlandırılmasına qarşı neqativ münasibətini hər dəfə sərgiləyir. Onun bu addımı müəyyən məsələləri Ermənistana qəbul etdirmək imkanlarımızı artırır.
Ümumilikdə isə siyasətimizi Rusiyanın və Amerikanın nə istədiyi üzərində yox, Azərbaycanın nə istədiyi üzərində qurmalıyıq. Çünki bu ölkələrin hər biri imperialist maraqlarına xidmət edirlər. Bu da bizim maraqlarımıza uyğun gəlmir”.
Şahanə Rəhimli
Müsavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ