İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst konqresmenlər Qubad İbadoğlunun “müdafiəsi”ndə - “ayı xidməti”, yoxsa...

Bir qrup ABŞ senatoru Qubad İbadoğlunun həbsdən dərhal azad olunması çağırışı ilə bağlı Senata yeni qətnamə layihəsi təqdim edib. Bu barədə “Turan” İnformasiya Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Senatın “Qətnamə 616" adlanan versiyası martın 22-də senator Tom Tillis tərəfindən və Dik Durbin, Bill Kessidi, Tim Keyn və Con Fetterman kimi senatorların adından təqdim olunub. Sənəd layihəsinə Senatın Xarici Əlaqələr Komitəsində baxılması gözlənilir. Bildirilir ki, "bu addım fevralın 14-də Konqresin (Nümayəndələr Palatasının - red.) indiyədək 26 üzvü tərəfindən dəstəklənmiş “İbadoğlu qətnaməsi” versiyasını yaymasından sonra atılıb.

Ancaq məlum olub ki, layihələri imzalayan 31 nəfərdən (26+5 senator və nümayəndə) 27-si Konqresdəki “Erməni İşçi Qrupu”nun üzvü, yəni hamısı anti-Azərbaycan və anti-Türkiyə şəbəkənin təmsilçiləri və qondarma “erməni soyqırımı”nın yalançı təbliğatçılarıdır. 

O zaman məntiqlə Azərbaycana qarşı düşmən mövqeli həmin şəxslərin Q.İbadoğlunun “müdafiəsi”nə qalxması sonuncunun bu “dəstək”dən imtina etməsi üçün ciddi əsas olmalıdır. Əks halda, o, həmin şəbəkənin üzvü olduğunu dolayı yolla təsdiqləmiş olacaq. Bəs Qubad İbadoğlu onların “ayı xidməti”ndən imtina edəcəkmi?

Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az

Elman Nəsirov: “Bunlar hamısı siyasi hoqqabazlıqdır və...”

Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ABŞ-ın Nümayəndələr Palatasının 26 üzvü hələ fevral ayının 14-də “Qubad İbadoğlu qətnaməsi” layihəsini hazırlamışdı: “Azərbaycanın daxili işlərinə qarışaraq Qubad İbadoğlunun havadarlarına çevrilmişdilər. İlk baxışdan belə hallar ABŞ-da tez-tez olur. Amma burada çox incə məqamlar var ki, biz onun üzərində dayanmaq istərdik. Nümayəndələr Palatasının 26 üzvünün bu davranışına Senatdan da martın 22-də dəstək gəlib. 5 senator  analoji addım atıb, Senatın xarici əlaqələr komitəsinə müraciət edib, Qubad İbadoğlunun müdafiəsinə qalxıblar. Bir daha vurğulamaq istəyirəm ki, Nümayəndələr Palatası və Senatın bu üzvlərinin davranışı siyasətdən uzaq adamlar üçün cəlbedici görünə bilər. Çünki ilk baxışda olar guya insan hüquq və azadlıqlarının müdafiəsinə qalxıb. Ayrı-ayrı ölkələrdə haqqın, ədalətin carçısı kimi fon yaradırlar. Amma bir daha qeyd edirəm ki, bunlar hamısı siyasi hoqqabazlıqdır. Əslində isə məsələnin kökündə başqa mətləblər dayanır. Araşdırmalar apararkən məlum olur ki, 31 nəfər konqresmen və senatorun 27-si "ABŞ-Ermənistan İşçi Qrupunun" üzvləridir. Yəni təpədən dırnağa qədər anti-Azərbaycan, anti-Türkiyə mövqeli konqresmen və senatorlardır. İndi sual yaranır,  Azərbaycana və Türkiyəyə nifrət edən, dəfələrlə bizə qarşı bəyanatlar verən, qətnamələr qəbul edən bu şəxslər nədən Qubad İbadoğlunu sevməyə başlayıb. Özlərinin mürəkkəb problemlərini  bir kənara qoyub, Qubad İbadoğlu ətrafında bu qədər səs-küy yaradıblar, qətnamə layihəsi ilə Azərbaycanı hədələmək yolunu seçiblər. Deməli, əslində Qubad İbadoğlu onlar üçün əsas deyil, əsas odur ki, onlar Azərbaycana təsir göstərsinlər, erməni xislətlərini ortaya qoysunlar. Kimliyindən asılı olmayaraq həmin şəxsi əsas götürüb Azərbaycana qarşı çirkli oyunu və kampaniyanı həyata keçirmək mümkün olsun. Yəqin ki, bu halda Qubad İbadoğlu da bir özünə sual verməlidir ki, nədən onu müdafiə edənlərin mütləq əksəriyyəti ermənipərəst konqresmen və senatorlardır. Mənə elə gəlir ki, indiki vəziyyətdə Qubad İbadoğlu üçün ən düzgün addım onlara müraciət etməkdir. Deməlidir ki, o müraciətləri geri götürsünlər. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, xalqımıza qarşı genosid həyata keçirən işğalçı dövləti dəstəkləmisiniz deməlidir. Qubad İbadoğlu indi bu addımı atmalıdır. Bunu etməyəcəyi təqdirdə, növbəti sual yaranacaq ki, onu bu erməni senatorlarla bağlayan nədir". 

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA

Tural Abbaslı: “Azərbaycan əleyhinə olanların əlinə belə bəhanə verməməliyik”

AĞ Partiyanın sədri Tural Abbaslı da mövzu ilə “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Qarabağ müharibəsindən sonra Qərbin Azərbaycana qarşı mövqeyi açıq müstəviyə keçib: “Görünən odur ki, bu məsələlərdə Qərb Azərbaycana qarşıdır. Azərbaycanın güclənməsində, ərazi bütövlüyünün bərpa olunmasında maraqlı deyildilər. Digər bir məsələ isə Türkiyə amilidir, iki qardaş ölkənin bir-birinə dayaq olmasından narahat olurlar. Amma senatorların Qubad İbadoğlunun azad olunması üçün qətnamə qəbul etməsi ilə bağlı məsələyə fərqli yanaşıram. Fikrimcə, ölkə daxilində elə addımlar atmalıyıq ki, qərəzli, Azərbaycan əleyhinə olan insanların əlinə belə bəhanə verməyək. İndi deyək ki, konqresmenlər ermənipərəstdir. Amma fakt odur ki, Qubad İbadoğlu qaçaqmalçılıq və digər maddə ilə həbsdədir. Sağlığında da ciddi problemlər var. Ola bilsin ki, kiminsə barəsində şübhələr var, istintaq hələ davam etdirilir. Tək Qubad İbadoğlu deyil, jurnalistlər, hüquq müdafiəçiləri, siyasi məhbus qismində qiymətləndirilən kəsim var. Bunlar barədə cinayət işi açılıb. Hamısının istintaq müddətində barələrində həbs-qətimkan tədbiri seçilib. Ən azından Azərbaycana qarşı qərəzli olan beynəlxalq güclərə, mərkəzlərə bəhanə verməmək üçün bu insanlar barəsində verilən həbs-qətimkan tədbirini dəyişmək olar. Misal üçün, ev dustaqlığı ilə və s. Onsuz da məhkəmə olmamış bu insanlara cinayətkar demək doğru deyil. İstintaq müddətində də onları həbsdə saxlamaq, onların sağlığının təhlükə altında olması ümumilikdə Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini zəiflədir, ölkəmiz üzərinə hücumların yaranmasına bəhanə verir.

Fikrimcə, Qubad İbadoğlunun müdafiəsi üçün qətnamə təşəbbüskarlarının kimliyini müəyyən etməkdən çox Azərbaycan hökuməti bu problemi öz içində həll etməlidir. Qətnamə qəbul olunmamış, sağlığını əsas gətirərək Qubad İbadoğlu və digər media nümayəndələri ilə bağlı verilən qərar dəyişdirilə bilər. Müxalifət partiyası olaraq dəfələrlə demişik ki, ölkə daxilində bəzi addımlar ölkə xaricində Azərbaycana təzyiq üçün bəhanələr yaradır. Hakimiyyət özünə lazım olmayan əlavə problemlər, düyünlər yaradır. Sonradan bu düyünlər tək Azərbaycan iqtidarına yox, Azərbaycan dövlətinin ümumi maraqlarına ziyan olur. Qubad İbadoğlu öz həbsini haqsız sayır, haqsız həbs olunmusan, kimlərsə azadlığını tələb edir, sən də ondan imtina et. Bu, insanın varlığına ziddir və inandırıcı deyil". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR