Onlayn ictimai-siyasi qəzet
Qərbdəki, özəlliklə “Köhnə qitə”dəki anti-Türk mərkəzləri və çevrələrinin Azərbaycandan “xoxan”, “vəhşi” obrazı düzəltmək cəhdləri səngimir. Onlardan biri də əlbəttə ki, Avropa Parlamentidir – ölkəmizə qarşı Ermənistan parlamentindən də çox radikallıq və həyasızlıq edən, siyasi şarlatanlığı az qala, hər ay “rekord” qıran qurum.
Bu günlərdə onun bir qrup üzvü “Dağlıq Qarabağdakı erməni irsi”nin qorunması üçün Avropa İttifaqı rəhbərliyinə müraciət edib. Səbəb?
“Son günlər Azərbaycan təmsilçilərinin erməni abidələrinə və xaçkarlarına qarşı vandalizm aktları barədə vaxtaşırı xəbərlər gəlməkdədir”.
Belə bir absurd iddianı Avropa Parlamentinin üzvü Miriam Leksman X sosial şəbəkəsində irəli sürüb.
“Dağlıq Qarabağdakı (?! – red.) erməni mədəni və dini irsi bizim ümumi Avropa irsimizin ayrılmaz tərkib hissəsidir. Məhz buna görə də biz Avropa Parlamentindəki partiyalararası həmkarlar qrupu ilə birlikdə Aİ liderlərini onu qorumaq üçün fəal addımlar atmağa çağırırıq”, - bu zat qeyd edib.
Əvvəla, beynəlxalq hüquqa zidd, təxribatçı ifadələrə fikir verin: “Azərbaycan təmsilçiləri”, “Dağlıq Qarabağ”. Sanki Qarabağın Azərbaycana dəxli yoxdur və bu bir işğal altında olan ərazi.
Yəni yenə nəinki BMT və ATƏT üzvü olan bir dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət qoyulmur, üstəlik, bizim daxili inzibati ərazi bölgümüzü vecə almayaraq, “Dağlıq Qarabağ” ifadəsi işlədilir...
İndi bir daha aydin oldumu ki, BMT qurumu sayılan, mənzil-qərargahı Parisdə yerləşən YUNESKO niyə 4 ildir gəlib Qarabağda erməni vandalizminin nəticələrini qeydə almaqdan israrla boyun qaçırır?
Çünki guya BMT-yə məxsus olsa da, bu bir xristian təsisatı. Avropa İttifaqı, Avropa Parlamenti kimi. Qərbin Azərbaycandakı ağzıgöyçək “5-ci kolon”çuları bunun əksini isbatlamağa, guya bizə neqativ münasibətin sırf insan haqları məsələsindən qaynaqlandığını sübut etməyə çalışsalar da...
İşə bax, “mədəni ermənilərin” barbarlığını təsdiqləyən bunca gözdeşən faktlar, foto-video sənədlər, canlı şahidlər ortada ola-ola, Avropanın sırtıq “ədalət carçıları” hələ utanmazcasına Qarabağda “məhv edilən” hansısa erməni mədəni irsindən dəm vururlar. Nə imiş o? İşğal dövründə inşa olunmuş və təcavüz, vəhşilik simvolları olan, sement əvəzinə, günahsız azərbaycanlıların qanı ilə tikilən digər binalar!
Misal üçün, Xankəndinə az öncə uçurulan qondarma və qanunsuz parlament binası, Azərbaycanın dinc əhalisinə qarşı soyqırımlar törətmiş qatil-cinayətkarların “şərəfinə” qoyulan abidə-komplekslər, həmin ikiayaqlı bandit-terrorçuların illərlə yığışdığı şər yuvaları və s. bu kimi zorakılıq rəmzləri və məkanları...
Gərək nə qədər şərəf və vicdanını itirəsən, insanlıq düşməni olasan ki, belə açıq-aşkar separatizm və təcavüz rəmzlərini “ümum-Avropa irsinin ayrılmaz tərkib hissəsi” elan edəsən! Sözün bitdiyi yer yəni.
Yaxşı, o zaman Avropa məkanındakı separatçıların başına niyə oyun açırsınız? Ona görə ki, onlar Azərbaycan kimi müsəlman-türk dövlətdən yox, məhz xristian dövlətdən ayrılmaq yolu tutublar? Qarabağda aqressiv separatizmin kökünün kəsilməsindən, işğalçı Ermənistanın layiqli cəza almasınadan nədən bunca sancılanmısınız? Yoxsa azərbaycanlıları sizin aşırı riyakarlığınızı dərk etməyəcək qədər sadəlövh və avam toplum sayırsınız?
Arada güzgüyə baxın və adınızı özgəyə qoymayın. Ağlınız da ayrı yerə getməsin...
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ