İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Buça üçün timsah “gözyaşları”

Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törədənlər hansı üzlə Ukraynaya görə sızlayırlar?

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın və İrəvanın Nor Nork vilayətinin rəhbəri Tiqran Ter-Marqaryanın Buçaya səfəri İrəvanla-Moskva arasında gərginliyi daha da artırıb. Qeyd edək ki, Rusiya şəhərdə belə bir qırğının  olduğunu təkzib edir. 

Ermənistan rəsmiləri Buçadakı tibb müəssisələrinə dərmanlar verib və əməkdaşlıq məsələlərini müzakirə ediblər. “Biz öz azadlığını və müstəqilliyini döyüş meydanında müdafiə edən Ukrayna xalqının şücaəti ilə fəxr edirik. Buçaya və Rusiyanın təcavüzündən əziyyət çəkən digər icmalara həmişə dəstək olacağıq”, - “Armenpress” İrəvanın Nor Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryandan sitat gətirib.

 Ermənistanın Moskvanın həssas yerindən “vurması”  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı daha çox qəzəbləndirib. “Biz həqiqətən ümid edirik ki, Ermənistan nümayəndə heyəti bu şəxslərin siyahısını Rusiya tərəfi ilə bölüşəcək. İki ildir ki, heç kimi, o cümlədən BMT-dən orada öldüyü iddia edilən insanların siyahısını bizə təqdim edə bilmirlər”, - diplomat bildirib. 

Zaxarova onu da deyib ki, Ukrayna Silahlı Qüvvələrinə yardım göndərilməsi və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlar səsləndirilməsi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib. “Biz Qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqi Tiqran Ter-Marqaryan kimi bir fiqurdan başqa heç nə gözləmirdik. Təəssüf ki, Ermənistan hakimiyyəti onunla həmrəydir”, - Mariya Zaxarova vurğulayıb.

Yada salaq ki, Ukrayna Rusiya Silahlı Qüvvələrinin bölmələri 2022-ci il fevralın 27-dən martın 31-dək Buçada olduğunu iddia edir. Ukrayna Silahlı Qüvvələri Buça rayonuna daxil olduqdan sonra Ukrayna tərəfi 1190 yerli sakinin cəsədini aşkar edib. Bildirilir ki,   qurbanların sayı yekun deyil - Kiyev vilayətinin itkin düşmüş 514 sakininin axtarışı hələ də davam edir. Bundan əlavə, 180 cəsədin şəxsiyyəti hələ də məlum deyil. Buça hadisələrinin xatirəsinə hər birində qurbanların adları yazılmış lövhələr olan bir neçə steldən ibarət Xatirə Divarı ucaldılıb. Ümumilikdə, abidənin üzərində 509 ad həkk olunub.

Ermənistan 1992-ci il fevral ayının 26-da Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədib və etnik təmizləmə həyata keçirib. O vaxt dünya bizə indi Ukraynaya inandığı qədər inanmadı. Hətta  Ermənistana bu qırğına görə sanksiya da tətbiq etmədilər. İndi erməni səfirin və vilayət rəhbərinin Buça üçün gözyaşı tökməsi timsahın “gözyaşları” ilə müqayisə oluna bilər. Ermənilər Buça məsələsində səmimidirlər, yoxsa Rusiya ilə soyuq münasibətlərinin təsiri altında hərəkət edib Moskvaya meydan oxuyurlar?

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bütün ölkələr bu və ya digər siyasi hadisədən, proseslərdən öz maraqları üçün istifadə etməyə çalışırlar. O cümlədən bir sıra dövlətlər xalqların faciəsi üzərində öz maraqları üçün siyasət yürütməyə çalışırlar. Gözümüzün önündə gedən proseslər də bunu göstərir. Buçada baş verən hadisələri də dünyada bəzi dövlətlər kütləvi qətliam kimi qəbul edir, bəziləri isə qəbul etmir. Qəbul edənlər də, etməyənlər də öz siyasi maraqlarını güdürlər. O cümlədən, Ermənistan Buçaya münasibətdə səmimi deyil: “Ümumiyyətlə, Ermənistanın dünyada heç bir bu kimi hadisələrə, faciələrə səmimi münasibəti olmayıb. Ermənistan özü aqressiv, soyqırımı həyata keçirmiş dövlətdir. Ona görə də belə bir dövlətin hansısa bir xalqın faciəsinə ürəyi yanması mümkün deyil və səmimi ola bilməz. Ermənistan rəsmi şəxslərinin Buça ilə bağlı addımları onlara rəsmi İrəvan tərəfindən verilən göstəriş əsasında Rusiyaya qarşı demarşdır. Rusiyanı sanki şantaj eləməyə çalışırlar. Maraqlıdır ki, son günlər nəinki Ermənistan hökuməti, həmçinin revanşist müxalifətin təmsilçisi, başıpozuq dəstəyə rəhbərlik edən keşiş Baqrat da mitinqlərdə anti-Rusiya çıxışları edir. Hətta meydanda ”Rusiya düşməndir" şüarları səsləndirirlər. Yəni Ermənistanda qəribə bir vəziyyət yaranıb. Həm Ermənistan hakimiyyəti, həm inqilaba çalışan müxalifət Qərblə Rusiya arasında manevr mərhələsindədirlər, hansından daha çox dəstək alacaqlar. Yaxud da ola bilsin ki, revanşistlər əslində oyun oynayırlar və Rusiya tərəfindən idarə olunurlar, Rusiyanın özünün istəyi ilə anti-Rusiya şüarları səsləndirməklə iz itirirlər".

Akif Nağının fikrincə, Paşinyan hakimiyyəti də bunları bildiyindən Buçaya səfərlər təşkil edib Buça hadisələrini soyqırımı adlandırırlar: “Yəni Rusiyaya cavab bu şəkildə verilir. Xocalıda, Malıbəylidə, Qaradağlıda, Başlıbeldə, Ağdabanda və Azərbaycanın digər kəndlərində, rayonlarında azərbaycanlılara qarşı qətliamlar, soyıqımı aktları həyata keçirən Ermənistanın bu gün Buçaya göz yaşı tökməsi saxta göz yaşlarıdır, riyakarlıqdır. Ermənilər qətiyyən Buça əhalisinin, həlak olan ukraynalıların başına gələnlərə yanmırlar, təəssüflənmirlər. Rəsmi Kiyev də şübhəsiz ki, Ermənistanın səmimi olmadığını bilir. Nə Ukrayna xalqı, nə də başqa hər hansı xalq ermənilərin göz yaşlarına inanmamalıdırlar. Özü qonşu xalqa qarşı soyqırımı həyata keçirmiş bir toplum, bir dövlət səmimi ola bilməz”. 

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə Partiyasının sədri Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanın Ukraynadakı səfiri və İrəvanın Nor Nork  vilayətinin rəhbərinin Bucaya səfəri və Rusiya əleyhinə bəyanatlar verməsi əsasən anti-Rusiya siyasətinin isteriyasıdır: “Ermənistanla Rusiya arasında siyasi böhran davam edir və Ukrayna məsələsində Yerevan birbaşa Kiyevi buna görə guya dəstəkləyir. Səfirin və merin Buçada Moskvanı ittiham etməsi Ermənistan və Rusiya arasında artıq müttəfiqlik münasibətlərinin sona yetdiyini deməyə daha bir əsas sayıla bilər. Ermənistanın Buçada Rusiya əleyhinə ittihamlar səsləndirməsi həm də Qərbin xoşuna gəlmək üçündür.  Göstərmək istəyirlər ki, Yerevan açıq şəkildə Kremlə meydan oxuyur. Düşünürəm ki, Ermənistan rəsmiləri Ukrayna məsələsində səmimi deyillər. Xüsusilə, Buçada baş verənlərlə bağlı. Çünki Xocalı soyqırımını törədənlər indi durub faciədən danışırlar. Ümumiyyətlə, Ermənistan hakimiyyəti həmişə ikiüzlü siyasət yürüdüb və səmimi olmayıb. Rusiya və Ermənistan arasında ziddiyyətlər davam edəcək. Buçada erməni səfir və merin dedikləri Ermənistan hakimiyyətinin mövqeyidir. Kreml də bunu belə qəbul edir. Nikol Paşinyan demək olar ki, Ukrayna məsələsində Qərbin yanında yer alıb. Ancaq bu, qətiyyən onun Ukraynanı və Ukrayna xalqını sevməsi demək deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR