İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə BƏD xəbər – O “qapını” nə Tramp “aça” biləcək, nə də Putin...

Qulaq gündə bir erməni yalanı eşitməsə, yəqin ki, kar olar. Dünya bunların riyakarlığından, yalan-palanından təngə gəldi, bunlarsa ətrafa “çəhrayı eynək”də baxmaqdan bezmədilər.

Gəldik mətləb üstünə.

“Azərbaycanla sülh sazişinin imzalanması Bakının hücum riskini aradan qaldırmır”.

Belə bir həyasız açıqlamanı bu gün İrəvanda jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan verib.

Sülh sənədindən sonra Ermənistan üçün beynəlxalq zəmanətlərin olub-olmayacağı ilə bağlı suala isə onun cavabı belə olub: “Bilirsiniz ki, ən mühüm zəmanət BMT Təhlükəsizlik Şurasıdır. Biz gördük ki, danışıqların başa çatmasını BMT Təhlükəsizlik Şurasının bütün beş daimi üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya necə müsbət qarşıladı. Bu ölkələrin vasitəçi və ya qarant rolunda çıxış etməyə hazır olub-olmamasına gəlincə, dəqiq söyləyə bilmərəm. Lakin istər ATƏT, istər BMT, istərsə də digər formatlarda beynəlxalq institutlar mövcuddur. Biz təbii ki, həm Rusiya ilə, həm də bu prosesə töhfə verə biləcək bütün tərəfdaşlarımızla müzakirələr aparırıq”.

Burda deyiblər, “adımı sənə qoyum, səni də yana-yana...”

Nəhayət ki, BMT Təhlükəsiz Şurası (TŞ) adlı bir qurumun varlığı İrəvan yekililərinin yadına düşdü. Gec deyil? Bəs TŞ-nin Qarabağla bağlı 4 qətnaməsi (822, 853, 874, 884) necə olsun? Niyə on illər boyu həmin qətnamələr yerinə yetirilmədi, ona görə ki, Ermənistanın adı orada işğalçı kimi keçirdi?

Yaxud Ermənistanın “böyük bacısı” Fransanın iş-işdən keçəndən, yəni Azərbaycan öz ərazi bütövlüyünü silah gücünə təmin edəndən sonra BMT TŞ-də əleyhimizə qətnamə qəbulu üçün ard-arda 3 uğursuz cəhdi. Nədən 822, 853, 874, 884 saylı qətnamələr rəsmi Parisi bircə dəfə olsun maraqlandırmadı? Fransa onların icrası zəruriliyini dilə gətirmədi?..

Yuxarıdakı sualların hamısı əlbəttə ki, ritorikdir. Aydındır ki, BMT TŞ Ermənistanın yadına məhz “quyruğu qapı arasında qaldığı” üçün düşüb. Guya Azərbaycan sülh sənədindən sonra ona hücum edə bilərmiş.

Əvvəla, Bakı bunu indiyədək etməyibsə, demək, İrəvandan fərqli olaraq, beynəlxalq hüquqa həmişəki kimi sayğılıdır – istər sülh anlaşması imzalansın, istərsə də imzalanmasın. Hamı bilir ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuz Ermənistanın mühüm bir hissəsini çox rahatca öz nəzarəti altına ala bilərdi. Amma buna getmədi.

İkincisi, yaxın 30 ilin acı təcrübəsi göstərir ki, məhz Ermənistan Azərbaycan üçün təhlükə mənbəyidir, əksi yox! Elə o səbəbə Bakı sülh müqaviləsindən öncə qarşı tərəfin öz konstitusiyasına müvafiq düzəliş etməsində israr edir...

Odur ki, Ermənistan rəsmiləri “qara bizi basmamış biz qaranı basaq” yanlış ritorikasına, beynəlxalq rəyi çaşdırmağa yönəlik boşboğazlığa təcili son qoymalıdır. Belə nağıllar keçməz.

Tam tərsinə, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları qaldıqca Bakının tam haqqı olacaq düşünsün ki, İrəvan yenə sülhə deyil, müharibəyə hazırlaşır. Bütün əlamətlər ortada. Görünən kəndə nə bələdçi? Onlardan biri də üzdəniraq Minsk Qrupunun de-yure ləqvi məsələsində İrəvanın hələ də “nala-mıxa” vurmasıdır.

Və sonda. Regionda yeganə fitnə-fəsad yuvasının hansı ölkə olduğu çoxdan bəlli. Canavarın qoyun cildinə girməsi ilə onun yırtıcı xisləti zərrəcə dəyişməz, cənab haylar. Sizin “kitabınız” artıq bağlanıb. Onu nə Tramp Amerikası, nə də Putin Rusiyası “aça” biləcək.

Bircə yolunuz qalıb: vaxt itirmədən daşı ətəyinizdən töküb iki əsas qonşu ilə normal münasibətlər qirmaq. Şərtlər bəlli. Ermənistan adlı süni dövlət üçün ən etibarlı qarant bu. Dağa-daşa çıxıb özünüzü bihudə yormayın...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR