İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər çıxdılar! Laçın şəhəri artıq nəzarətimizdə: “ermənisiz Qarabağ” xəyalı gerçək ola bilərmi?

30 il 3 aydan sonra daha bir şəhərimiz və onun inzibati ərazisinə aid olan kəndlər yadellilərin, terrorçuların murdar ayaqlarından təmizlənməkdədir. Ermənilər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən artıq tamamilə çıxıblar.

“Yeni Müsavat” “AzadlıqRadiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, əhali artıq Laçının mərkəzini, Zabux və Sus kəndlərini tərk ediblər. Zabuxda müəllimə işləyən Qayane İsaxanyan bildirib ki, onlar kənddən ötən çərşənbə günü çıxıblar: “Kənddən çıxandan sonra qayıdıb bir-iki gün orada qalmaq, kəndlə vidalaşmaq istədik. Lakin bizə bildirdilər ki, artıq geri qayıda bilmərik. Kənddə işıq, qaz, su, internet - bütün əlaqələr demək olar ki kəsilmişdi. Biz kəndə indi ancaq yuxarıdan baxa bilərik. Yollar bağlıdır...”

Radionun reportajında qeyd edilir ki, Laçında sonradan qoyulmuş sonuncu erməni abidəsi də artıq götürülüb.

Azərbaycana qarşı vandal hərəkətlər törədən ermənilər ayıblarına kor olmaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq məhkəmə qarşısında iddia qaldırmaqdan da əl çəkmirlər. “Bu yaxınlarda Azərbaycan dövləti tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatları Avropa Məhkəməsinə təqdim edib”. “Yeni Müsavat” xəbər verir ki, bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan dövləti Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib: “Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkməlidirlər”. Əslində laçınlılar onlara vurulan zərərin qarşılığında erməniləri məhkəmələrdə dizin-dizin süründürməlidirlər, yəqin ki, bu proses də başladılacaq.

“Yeni Müsavat”da olan mötəbər məlumata görə, artıq Laçının mərkəzi tam şəkildə Azərbaycan ordusunun nəzarətindədir. 23 avqust, səhər saatlarından etibarən isə Azərbaycan televiziyalarının təmsilçiləri Laçın şəhərinə aparılıblar. Laçın dəhlizi də əhəmiyyətli şəkildə Azərbaycan dövlətinin nəzarətinə verilib. Ermənilər yaşayan kəndlərinsə 24 avqustdan etibarən, nəzarətimiz altına keçəcəyi bildirilirdi. 25 avqust 2022-ci il tarixdə isə Laçın dəhlizi, dəhliz boyu yerləşən kəndlər və şəhər mərkəzi tam və rəsmi şəkildə dövlətimizin nəzarəti altında olacaq. Bu proses Qarabağda yaşayan erməni icmasında dərin məyusluq yaradıb. Rus dilində yayın aparan erməni telegram kanallarını izlədikcə, bunun belə olduğu tam çılpaqlığı ilə üzə çıxır. Ermənilər özlərini köməksiz, tək buraxılmış və hətta rəsmi İrəvan tərəfindən də dəstəklənməyən, atılmış məxluqlar sayırlar və bunu da danışır, yazır, paylaşırlar. Əksər xəbərlərin məntiqində bir xətt var: “...artıq Xankəndində, Əsgəranda, Ağdərədə və Qarabağın heç bir yerində daimi qalmaq mümkün olmayacaq, Azərbaycan enində-sonunda bütün erməniləri Qarabağdan çıxardacaq”.

Bu cür pessimist və qorxaq əhval-ruhiyyənin yaranması Azərbaycanın xeyrinədirmi? Bizim dövlətin “ermənisiz Qarabağ” adlı planı, yaxud hansısa niyyəti varmı, ola bilərmi, olmalıdırmı? Qarabağdan bütün ermənilər köçsə, Azərbaycan beynəlxalq sanksiyalara tuş gələrmi? Ermənilər köçmək istəsələr, bunu təşviq etməliyik, yoxsa, qarşısını almalıyıq? Laçındakı son gəlişmələri necə şərh etmək olar?

Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh  edir - 18.07.2021, Sputnik Azərbaycan

Arzu Nağıyev: “Ərazilərimiz cinayətkar ünsürlərdən təmizlənməlidir...”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bütün baş verən proseslər, eyni zamanda Laçın dəhlizinin, şəhərin və kəndlərin Azərbaycanın nəzarətinə keçməsi 10 noyabr razılaşmasına uyğun şəkildə gedir və heç bir beynəlxalq hüquq pozuntusu da baş vermir: “Alternativ yol hazırdır, sülhməramlılar həmin yolda öz dislokasiya yerlərini hazırlayırlar və yaxın vaxtlarda orada öz missiyalarını yerinə yetirməyə başlayacaqlar. Azərbaycanın heç vaxt ‘’ermənisiz Qarabağ’’ planı olmayıb və düşünmürəm ki, ola da. Ermənilər əksinə, qondarma status və digər bəhanələrlə beynəlxalq qurumları çaşdırmaqla məşğuldurlar. Azərbaycan tərəfi ən yüksək səviyyədə bütün etnik-milli mənsubiyyəti olan vətəndaşlarına Konstitusiya çərçivəsində necə münasibət göstərilirsə, ermənilər haqqında da bunu bəyan edib. Əksinə, ermənilərin son müraciətləri göstərir ki, heç də hamı köçməyə çalışmır. Qarabağdan köçməyə və ya daha doğrusu, qaçmağa cəhd edənlər arasında da bu və ya digər şəkildə cinayətlər törətmiş şəxslərdən ibarət qruplardan və şayiələri də yayanlar ən çox həmin kontingentdir. Eyni zamanda qondarma qurumun ”rəhbərliyində" təmsil olunanların da itirəcəyi çox şeylər var".

A.Nağıyev bildirdi ki, Azərbaycan tərəfi çox sivil qaydada proseslərə nəzarət edir: “Bir daha qeyd etmək istərdim ki, Azərbaycanın ”ermənisiz Qarabağ" adlı hansısa niyyəti yoxdur. Qarabağdan bütün ermənilərin də köçmək niyyəti yoxdur ki, beynəlxalq aləmdə bizi qınayan hər hansı bir motiv olsun. Bununla yanaşı, baş verən proseslər məhz BMT-nin mandatına uyğun olan Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir ki, bu da çox mühüm məsələdir. Ermənistanda baş verən siyasi proseslər və “Qarabağ kartı”ndan istifadə etməyə cəhd edən qüvvələr, təbii ki, çoxdur və bu məsələni qabartmağa çalışacaqlar. Yaxşı olardı ki, onlar vaxtilə Suriyadan, Livandan gətirib məcburi məskunlaşmanın acınacaqlı sonluğunu vaxtında düşünəydilər, köçən şəxslər veriləcək kompensasiyalar, onların yerləşdirilməsi haqda düşünəydilər. Vaxt, zaman artıq Azərbaycanın, dövlətçiliyin, suverenliyin, qanunvericiliyin, xalqın rifahının xeyrinə işləyir və ərazilərimiz cinayətkar ünsürlərdən təmizlənməlidir".

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev: “İndi Ermənistan adlanan torpaqlarda yaşamış azərbaycanlılar da öz yurd yerlərinə dönməlidirlər”

“Azərbaycanın Stalinqradı” adlandırılan Tərtər rayonunu Milli Məclisdə təmsil edən deputat Sahib Alıyev də əminliklə bildirdi ki, prosesləri Azərbaycan diktə edir: “Hərbi cinayət törədərək Laçına gətirilib, yerləşdirilənlərin oradan rədd olunmaları birincisi, o deməkdir ki, Azərbaycanın bütün torpaqları üzərində suverenliyini tam bərpa edəcəyi qarşısıalınmaz prosesdir və yüksəklik-yüksəklik, kənd-kənd, şəhər-şəhər reallaşdırlacaq, reallaşdırılır da. İkincisi, bu, 10 noyabr üçtərəfli bəyanatında Ermənistanla Rusiyanın üzərlərinə götürdükləri öhdəliyə əməl etməmələrinin perspektivsizliyini və onun necə yerinə yetirdildiyini bütün çılpaqlığı ilə göz önünə sərən bir olaydır. Əminəm ki, bu olaydan sonra Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında yaşayanlar bizim torpaqlarımızda qalmaq istəyirlərsə, tezliklə Azərbaycana reinteqrasiyalarının qaçınılmazlığını daha aydın dərk etməyə başlayıblar”.

S.Alıyev bir məqama da diqqət çəkdi. Söhbət Sərsəng su anbarına mütəxəssislərimizin baxış keçirilməsindən gedir. Qeyd edək ki, Avqustun 22-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları yerli erməni mütəxəssislərinin iştirakı ilə Qarabağın keçmiş Mardakert rayonunda yerləşən Sərsəng su anbarına baxış keçiriblər. Turan.az qeyd edib ki, bu hadisə son dərəcə əhəmiyyətli sayıla bilər, çünki bu, Qarabağ erməniləri ilə Azərbaycanın dövlət strukturları arasında 30 ildə əməkdaşlığın başlanmasının ilk sübutudur: “Bu faktın özü xeyli dərəcədə psixoloji əhəmiyyət kəsb edir və erməni icması ilə Azərbaycan əhalisi və dövlət qurumları arasında daha geniş təmasların başlanğıcı ola bilər. Rəsmi məlumatda bildirilir ki, su anbarında texniki monitorinq aparılıb, anbardan suyun daxil olması və axıdılması qrafiki barədə məlumat alınıb. Azərbaycanın aran bölgəsində suvarılan torpaqların su təchizatının bərpası məsələləri müzakirə olunub. Belə görüşlərin müntəzəm keçirilməsi üçün razılıq əldə edilib. Bu su anbarı 1976-cı ildə tikilib və onun tutumu 560 milyon kubmetrdir. Anbar suları vaxtıkən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboyda 96 min hektar əkin sahəsini suvarıb. Münaqişə illərində ermənilər Azərbaycanın aran rayonlarına su axınının qarşısını almışlar ki, bu da adıçəkilən rayonlarda kənd təsərrüfatının inkişafına böyük ziyan vurub”.

Deputatın fikrincə, heç təsadüfi deyil ki, Laçının boşaldılmasıyla azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına gedib baxış keçirmələri və orada onun su ehtiyatlarından qarşılıqlı şəkildə faydalanmaq haqda söhbət aparılması eyni gündə oldu: “Bir zaman Sərsəngdən ekoloji terror silahı kimi faydalananlar, yəni əkin vaxtı suyunu kəsib, qışda böyük həcmdə buraxmaqla daşqınlar yaradanalar anlayırlar ki, artıq onların qaz, elektirk və digər kommunikasiya xətləri tam Azərbaycanın kontrolu altına keçdiyindən mərdiməzarlığı, düşmənçiliyi əməkdaşlıqla əvəzləməkdən başqa çıxış yolları yoxdur. Hamı da olmasa, azərbaycanlıların da əhəmiyyətli bir hissəsi hayların Qarabağda qalıb yaşamalarına bəzi çevrələrin ölkəmiz üzərinə lazımsız basqılarına şərait yaratmamaq və qonşular arasında normal əlaqələrin bərpası baxımından anlayışlı yanaşırlar. Amma bu, regionda dayanıqlı sülhün olacağını, utanıb-çəkinmədən guya dördünücü əsrdən Laçında yaşadıqlarını deyənlərdə bizə qarşı düşmənçilik hissinin aradan qalxacağını düşünməyə əsas vermir. Dayanıqlı sülh o zaman mümkündür ki, xalqımıza və millətimizə düşməncəsinə yanaşanların başımıza nələr gətirdiyini, ən əsası niyə gətirə bildiklərini heç vaxt unutmayaq”. S.Alıyev bir məsələni xüsusilə vurğuladı: “Heç vaxt unutmayaq ki, varlığımız gücümüzə bağlıdır. Yəni bir dövlət kimi varlığımızı önəmsəyiriksə, indikindən da qat-qat güclü olmağa məhkumuq. Qarabağdakı Rusiya hərbi kontingentinə və onların müvəqqəti kontrolu altında yaşayanlara mənim öz yanaşmam belədir ki, birincilər bir neçə ilə missiyalarını başa vurub getməli, ikincilər isə orada qalıb həyatlarını sürdürməlidir. Fikrimcə, bu, ilk növbədə ona görə lazımdır ki, indi Ermənistan adlanan torpaqlarda yaşamış azərbaycanlılar da öz yurd yerlərinə dönməlidirlər. Qarabağdakı hayların təhlükəsizlikləri və hüquqları necə təmin edilirsə, onlarınkı da o cür təmin olunmalıdır. Və qarşıdakı illərdə məhz orada sülhməramlı qüvvələrə daha çox ehtiyac yaranacağı düşüncəsindəyəm”.

Son məlumata görə, Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır. APA xəbər verir ki, artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Ərazini boşaltmağa hazırlaşan rusiyalı sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər. Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib. Ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi yekunlaşmaq üzrədir. Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək. Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.

Separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsi Moskvanın  tapşırığıdır - Asif Nərimanlı

Asif Nərimanlı 

Politoloq Asif Nərimanlı isə Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökməsinə diqqət çəkib: “Gözləntilərə görə, 25 avqustdan sülhməramlılar yeni yola keçməli, Laçın şəhəri, Zabux kəndi və artıq keçmiş sayılacaq dəhliz üzərindəki ərazilər Azərbaycana təhvil verilməlidir. Əsas məsələ yeni yola ”dəhliz statusu"nun verilib-verilməməsidir? Bakının “dəhliz statusu” ilə bağlı razılaşmadığına dair məlumatlar var. Erməni mediası yazır ki, Azərbaycan tərəfi yeni yola “dəhliz statusu”nun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin - erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun “dəhliz statusu” müzakirə edilə bilər".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR