Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan vəkilləri hökumətin yeni vergi siyasətinə qarşı çıxaraq tətil elan ediblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, etirazın səbəb və məqsədlərini izah etmək üçün Vəkillər Kollegiyasının keçmiş rəhbəri Ara Zöhrabyan və Vəkillər Akademiyasının rektoru Simon Babayan mətbuat konfransı keçiriblər.
Zöhrabyan vəkillərin əvvəllər dövriyyədən 5 faiz vergi ödədiklərini xatırladıb. Yeni qaydalara əsasən, vəkillər 20 faiz ƏDV və 10 faiz gəlir vergisi ödəməli olacaqlar. Üstəlik, mürəkkəb hesablamalar onları əlavə çətinliklərlə üz-üzə qoyacaq.
"Biz başa düşürük ki, dövlət vergilər hesabına mövcuddur, lakin bal əldə etmək üçün pətəyi dağıtmaq olmaz", - deyə Ara Zöhrabyan vurğulayıb.
Simon Babayan isə etirazın yalnız vəkillərlə bağlı olmadığını, bütün cəmiyyəti maraqlandıran bir məsələ olduğunu bildirib:
"Növbəti addım hakimiyyətin qərarlarından asılı olacaq. Ölkədə hüquqi yardıma ehtiyacı olan çox insan var. Hazırda məhkəmələrdə 370 min iş baxılma mərhələsindədir. Sadə vətəndaşın bu məsələləri başa düşməsi çətindir", - deyə Babayan qeyd edib.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ