İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni təxribatında məkrli plan - Bakının dünyada artan önəmini azaltmaq cəhdi

Azərbaycan dünyəvi proseslərdə,türk coğrafiyasını əhatə edən proseslərdə, təhlükəsizliklə bağlı əməkdaşlıqda mühüm rola malikdir, bu, İrəvanı və havadarlarını ciddi narahat edir

12-14 sentyabr hadisələri və onun səbəbləri ən müxtəlif aspektlərdən şərh olunur. Sözsüz ki, burada Ermənistanın və onun havadarlarının başlıca məqsədi sülh prosesini pozmaq idi. Eyni zamanda bir hiyləgər məqsədin də Azərbaycanın Avropada və dünyada önəminin artması ilə bağlı olduğu vurğulanır. Bu kontekstdə erməni hiyləgərliyi belə izah edilir ki, 12-13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun, bütövlükdə dünyada artan önəminin, beynəlxalq aləmdəki əzici üstünlüyünün azaldılmasına, habelə ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə xidmət edir. Habelə, bu, 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb.

Bəllidir ki, Rusiya-Ukrayna müharibəsinin fonunda Avropada yaşanan enerji böhranının aradan qaldırılmasında Azərbaycan qazı mühüm faktora çevrilib. Hazırda daha artıq qaz verilişi və habelə elektrik enerjisinin də nəqli planlaşdırılır, bu yöndə müzakirələr gedir. Bundan başqa, Azərbaycan həm dünyəvi proseslərdə, həm də türk coğrafiyasını əhatə edən proseslərdə, həm təhlükəsizliklə bağlı əməkdaşlıqda mühüm rola malikdir. Bu, təbii ki, İrəvanı və havadarlarını ciddi narahat edir, onlar Azərbaycanın guya Ermənistana “təcavüz” etməsinə dair yalanlarla ölkəmizin imicinə zərbə vurmaq, çəkisini azaltmağı hədəfləyiblər. Buna nail ola biləcəklərmi, yoxsa artıq belə həyasız davranışlarla nəyəsə nail olmaq mümkün deyil?

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, 44 günlük müharibənin nəticələri Azərbaycanın beynəlxalq arenada nüfuzunu olduqca yüksəldib və regionda yeni reallıqlar yaranıb. Onun fikrincə, dünya dövlətlərinin bölgəyə baxışında kardinal dəyişikliklər var və bu da müharibənin nəticələrindən qaynaqlanır. Ekspert hesab edir ki, Ukrayna müharibəsi də bölgəyə marağı ikiqat artırıb: “Azərbaycan Şərq-Qərb dəhlizində mühüm əhəmiyyət kəsb edir. Avropa Birliyi bizimlə qaz sazişi imzlayanda, Avropa Komissiyasının sədri Ursula von der Leyen Bakıda Prezident Əliyevlə görüşəndə ermənilər yas qurmuşdular. Onların Rusiyanı itirdikdən sonra son ümidi Qərb idi, o da əldən çıxdı. Ona görə Ermənistan hakimiyyətinin uğursuz siyasəti özlərini çarəsiz vəziyyətə salıb. Biz tərəfdaşlarımızla bərabərhüquqlu əməkdaşlıq edirik, Rusiya və ABŞ-la taraz siyasəti aparırıq, Çinlə yaxşı münasibətlər qurulub, BMT Təhlükəsizlik Şurasının iclasında dövlətlərin mövqeyi də göstərdi ki, Azərbaycan diplomatiyası nə dərəcədə dişli və effektlidir. Ona görə erməni tərəfi reallıqları görərək təxribatlarla bölgədə yeni mənzərə yaratmaq istəyirdi, bu da iflasa uğradı. Onlar üçün sülhün alternativi yoxdur və bunu anlamalıdırlar. Səmərqənddə gündəm olan foto, liderlərin toplantısı da İrəvana bir mesaj olmalıdır”.

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir: “Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq siyasi qələbələrə imza atıb. Ona görə də bu gün dünya dövlətləri, beynəlxalq qurumlar Azərbaycanla sıx əməkdaşlıq edir, dövlətimizin siyasi proseslərdəki rolunu yüksək qiymətləndirirlər”.

Deputatın fikrincə, son günlər Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistan silahlı qüvvələri dövlət sərhədində Azərbaycana qarşı yenidən genişmiqyaslı təxribatlara əl atdı: “Dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, Ermənistan tarixi ”missiyasına" uyğun olaraq, yenidən xəyanət, fürsətçilik taktikası seçdi. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu iki il əvvəl olduğu kimi, yenə də Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi. Bu hadisələrdən sonra olduqca çətin vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan etdi. Bu da gözlənilən idi. Çünki dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdı. Bu, onun növbəti oyunu, növbəti avantürasıdır. Biz artıq Paşinyanın bu cür davranışlarına, addımlarına öyrəşmişik. Çünki bu, ilk dəfə deyil. Və bu addımların heç birinin perspektivi yoxdur, yəni Paşinyan anlamalıdır ki, konstruktiv mövqe nümayiş etdirərək münaqişənin tənzimlənməsinə töhfə verməlidir. Ona görə bu addımlar, hesab edirəm ki, Ermənistana uğur gətirməyəcək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR