Onlayn ictimai-siyasi qəzet
“32 erməni əsirinin qaytarılması ilə bağlı razılığın əldə olunmasının bir neçə tərəfi və aspektləri var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin eyni adlı fraksiyasının üzvü Armen Rüstəmyan tərəfindən səslənib.
Deputat hesab edir ki, erməni əsirlərin qaytarılması ilə bağlı Bakının öz hesablamaları var.
“İlk növbədə, bu addım məhbusların saxlanması məsələsində beynəlxalq ictimaiyyətin təzyiqlərini bir qədər azaldacaq. Bundan əlavə, Azərbaycan ikitərəfli danışıqlar formatının effektivliyini nümayiş etdirməyə çalışır. Onlar ikitərəfli formatın daha düzgün olduğunu sübut etməyə çalışırlar, çünki Bakının məqsədi danışıqlardakı hazırkı dalana dirənmiş vəziyyəti başqa, daha sərfəli sahəyə keçirməkdir”, - deyə Rüstəmyan bildirib.
O qeyd edib ki, bu tədbirlər gələcəkdə ikitərəfli münasibətlərin bütün koordinasiya prosesini ikitərəfli formata çevirə bilər. Yəni bütövlükdə danışıqlar bu formatda aparılacaq.
“Bu format Ermənistan üçün sərfəli deyil. Bu, daha çox qaliblə uduzan arasında söhbət olacaq. Bundan əlavə, ikitərəfli format o deməkdir ki, ortada razılaşdırılmamış məsələ yoxdur. Çünki məhz bu cür məsələləri koordinasiya etmək üçün vasitəçilər gətirilir. Vasitəçilər təkcə mübahisəli məsələlərdə razılığa gəlməyə kömək etmir, həm də razılaşmaların həyata keçirilməsinin təminatçısıdırlar. Yəni ikitərəfli format şəraitində beynəlxalq təminatlar məsələsi də bulanıqlaşır”, - deyə erməni deputat bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ