İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası niyə son günlər “Neftçi” haqda yazır?

Son günlər Ermənistanın bir sıra nəşrləri  Bakının “Neftçi”  klubu ilə oyunda baş vermiş bir hadisə haqda yazırlar. Ermənilər 40 il əvvəl-1985-ci ilin aprel ayının 21-də Bakıda keçirilmiş  İrəvanın “Ararat” komandası ilə oyunu niyə indi yada salıblar, niyə o barədə yazırlar? Musavat.com xəbər verir ki, erməni mediasının diqqətinin əsas səbəb nəinki Ermənistanı silkələyən, bütün SSRİ futbolunun danışdığı həmin qalmaqalın “əsas qəhrəmanı” Xoren Ohenesyanın yanvarın 10-da 70 yaşının tamam olmasıdır. 1975-1985-ci illərdə “Ararat”da çıxış edərək 93 qol vuran Ohenesyanın  rekordunu hələ ki, heç bir erməni futbolçu təkrar edə bilməyib.   Erməni yarımmüdafiəçi SSRİ yığmasında da keçirdiyi  34 oyunda   6 qol vurmuş yeganə erməni futbolçudur. Amma onun karyerası Bakıda baş verən bir hadisə son qoydu. 

      

1985-ci ilin 21 aprelində “Neftçi” Bakıda prinsipial rəqibi “Ararat”ı qəbul edirdi. Oyunun 87-ci dəqiqəsinə kimi hesab  açılmamışdı və bu, ən çox erməni klubunun ürəyincə idi. Amma 88-ci dəqiqədə “Neftçi”nin hücumçusu Maşallah Əhmədov başla Ermənistan klubunun qapısına qol vurdu. Bu vaxt meydanın mərkəzində olan Xoren Ohenesyan “Neftçi”nin qolunu alqışlayıb.   

   

Oyun bitdikdən sonra klubun bəzi oyunçuları soyunub-geyinmə otağında Ohanesyana hücum çəkərək onu oyunu satmaqda ittiham ediblər. Qarşılıqlı ittihamlar yumruq davasına çevrilib.  Yalnız “Ararat”ın  məşqçisi Nikita Simonyanın müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Bu hadisə SSRİ çempionatında “bomba effekti” yaradıb. “Ararat”ın bir çox oyunçusu Ohenesyanın Bakıdakı satqınlığına görə qovulmasını tələb ediblər. Hətta tələblərinin yerinə yetirilmədiyini görüb öz meydanlarında Dnepropetrovskın “Dnepr”inə (3:5) və Odessanın “Çornomorets”inə (1:2)  bilərəkdən uduzublar.

Beləliklə, Ermənistanın ən güclü klubunun liderinin taleyi  qeyri-müəyyən qalır, heç bir sübut olmasa da,  diskvalifikasiyaya məruz qalır. Bundan sonra Ohanesyanın “Neftçi”dən 10 min rubl aldığı, onun  1000 rublunu “Ararat”ın qapıçı Aleksandr Podşivalovla bölüşdüyü barədə  iddialar yayılmağa başladı.  Podşivalov 1990-cı ilin sonuna qədər “Ararat”da qalsa da, Ohenesyanı heç kim klubuna götürmək istəmirdi. “Ararat”dan çıxarılandan dərhal sonra erməni futbolçu  Moskvaya gedir. “Spartak”ın baş məşqçisi Konstantin Beskov onu yaxşı qarşılayır. “Spartak” onu kluba götürmək istəsə də,  SSRİ Fubol Federasiyasının buna icazəsi lazım idi. Ohenesyan o günlər haqda belə deyir: “ Moskvada üç-dörd gün keçirdim... Mənə ümumiyyətlə oynamağı qadağan etdilər, kimin də qadağan etdiyi bəlli deyil. İrəvanda dedilər ki, Moskvadır, Moskvada dedilər ki, bunu İrəvanda istəmirlər ”.

 Beləliklə, Ohenesyan iki il futboldan ayrı qaldı,  bu müddət ərzində 11 kilo əlavə etdi. Özbəkistanın “Paxtakor”una keçmək fürsəti yarananda onun artıq 35 yaşı vardı. Lakin yeni komandada cəmi bir ilə yaxın oynadı. Xoren dizindən zədə aldı və futbolçu karyerası bununla da bitdi...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR