İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi Trampa və Harrisə qarşı: “Bizi aldadırlar...”

Ermənilər məyusdur və bilirlər ki, kimin prezident seçilməsindən asılı olmayaraq, əvvəlki səviyyədə dəstək olmayacaq

ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığı bir vaxtda bu ölkədəki erməni lobbisi hələ də hansı namizədə səs verəcəkləri ilə bağlı mövqelərini dəqiqləşdirməyiblər. “California Courier” nəşrində dərc edilən məqalə belə deməyə əsas verir.

“Yeni Müsavat”ın xəbərinə görə, məqalədə bildirilir ki, bir çox amerikalı erməni hər iki namizəddən məyusdur. “Tramp 2020-ci ildə prezident olarkən Azərbaycan "artsax"ın böyük hissəsini hücum edib işğal edəndə göz qapağını qırmadı. Türkiyəyə müharibə zamanı Azərbaycanda "F-16"ları yerləşdirdiyinə görə heç bir tədbir görmədi. O, həmçinin erməni soyqırımını tanımaqdan imtina edib və onun Konqresdə qarşısını fəal şəkildə alıb. Harris də 2023-cü ildə 120 min erməni məcburi köçkün edildiyi zaman vitse-prezident kimi heç nə etmədi", - deyə bildirilir.

O da vurğulanır ki, hər iki namizədin bu yaxınlarda Qarabağdan köçən ermənilərlə bağlı mövqeləri “gözdən pərdə asmaq” cəhdidir. Çünki Trampın dedikləri seçki kampaniyası tərəfindən yayımlanmayıb və onun rəsmi saytında yerləşdirilməyib. Harrisin bəyanatı isə seçki kampaniyasının blankında dərc edilib, lakin onun rəsmi saytında yerləşdirilməyib. “Tramp və Harrisi erməni məsələlərinə dair bəyanatlar verməyə məcbur etmək üçün Amerika Erməni Milli Komitəsi (ANCA) uzunmüddətli ictimai kampaniya aparıb, onları erməniləri müdafiə etməməkdə qınayıb və onlara uğursuz qiymət verib. Amerika erməniləri seçkilərdən sonra tez unudulan mənasız təşviqat vədləri əvəzinə namizədlərdən inandırıcı addımlar gözləyirlər. Ermənilər boş vədlərə görə səs verməməlidirlər”, - deyə məqalədə bildirilir.

Belə görünür ki, ermənilər əvvəlki ümidlərini itiriblər və həm Trampdan, həm Harrisdən gözləntiləri qalmayıb. İlk dəfədir ki, erməni lobbisi ABŞ-dakı seçkilərdə namizədlərə bu qədər inamsız mövqe göstərir. Xatırlatmaq yerinə düşər ki, Harrisin Ermənistanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının vacibliyini, bunun guya “Azərbaycanda sabitliyin bərpası üçün son dərəcə vacib olduğunu” vurğulaması ABŞ-dakı Erməni Milli Komitəsini məmnun etmişdi. ABŞ-dakı erməni diasporu hesab edir ki, Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. Ermənilər ümid edir ki, Harris qalib gələrsə, ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər. İndi isə hətta Xankəndinə qayıtmağa belə ümidləri yaranıb.

elman.jpeg (309 KB)

Elman Nəsirov

Deputat Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, prinsipcə erməni lobbisi daha çox Kamala Harrisə dəstək kampaniyası aparır. Onun fikrincə, bu da təsadüfi deyil: “Harris Kaliforniya ştatında baş prokuror olanda Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin bu məsələdə onunla tanışlığı müstəsna rol oynamışdı. Özü də etiraf edib ki, bu xanım rəfiqəsinin dəstəyini hər zaman hiss edib. Pelosinin ermənilər üçün necə saxta göz yaşları tökdüyünü yaxşı xatırlayırıq. Bütövlükdə ABŞ-da seçkilər öncəsi ermənilər favoritin kimliyinə baxırlar, sonra ona üstünlük verirlər. İndi isə erməni lobbisinin vəziyyəti qəlizdir”.

Deputat bildirir ki, “GALLUP”un keçirdiyi sorğuya əsasən, namizədlərin səsləri bir-birinə çox yaxındır: “Seçkilərin aqibətini 400 min səs həll edəcək və əsasən də Pensilvaniya, Şimali Karolina, Miçiqan kimi ştatlarda verilən səslər mühüm rol oynayacaq. Ermənilər isə görəndə ki, favorit seçmək çətinləşir, onda hər iki partiyaya dəstək siyasətini yürüdürlər. İndiki halda erməniləri məyus edən məqamlardan biri isə Harrisin onları parlaq şəkildə müdafiə etməməsidir. Tramp isə həmişə deyir ki, birinci Amerikadır. Yəni onun üçün miqrasiya, iqtisadi məsələlər daha sonra gəlir. Ona görə də ermənilər məyusdur və bilirlər ki, kimin prezident seçilməsindən asılı olmayaraq, əvvəlki səviyyədə dəstək olmayacaq. İndi bilmirlər ki, Donald Tramp, yoxsa Donaldın qızı Harris (atasının adı Donalddır) qalib gələcək...”

Fuad Əliyev vəzifəsinin icrasını dayandırıb » Avrasiya.Net

Fuad Əliyev 

Siyasi şərhçi Fuad Əliyev ermənilərin bütün hallarda Harrisə ümid bəslədiyini güman edir. Onun sözlərinə görə, Trampdan onlara ermənipərəst olmaz və son çıxışı da seçkiyə sayılı günlər qalmış bu elektoratın səsini almağa hesablanmışdı. Təhlilçi Respublikaçı namizədi Azərbaycan üçün qismən münasib sayır: “Harris tam ermənipərəstliyi ilə fərqlənir. Erməni lobbi və diasporu ümid edir ki, nə çıxsa, Kamaladan çıxacaq. Ümumiyyətlə, Demokratların əksəriyyəti ermənipərəst olur. Konqresdə Azərbaycan əleyhinə təşəbbüslər qaldıranların da böyük çoxluğu Demokratlardan olur. Bu mənada biz seçim etmək məcburiyyətində qalanda Trampa üstünlük verməliyik, ermənilər də Harrisin tərəfdarıdır. Doğrudur, ondan xüsusi diqqət görməyəcəklər, lakin Harris yenə də erməni məsələsini gündəmdə saxlamağa çalışacaq. Çünki onları itirmək istəməyəcək”.

F.Əliyevə görə, prezidentliyə namizədlər bu seçkidə erməni məsələsini çox da qabartmadılar: “Bir dəfə Harris "Dağlıq Qarabağ"a qayıtmağın vacibliyinə çağırıb, daha sonra bu haqda danışmayıb, seçkiyə az qalmış da Tramp eyni mövzunu təkrarlayıb. Sanki hər iki partiya erməni lobbisindən gələn maliyyənin əvəzini ödəyiblər. Yəni bir dəfə çıxış etdilər, kifayətdir. Ancaq deyim ki, Harris Kaliforniyanın baş prokuroru vəzifəsində çalışarkən də ermənipərəst çıxışlarla gündəmə gəlirdi. Böyük ehtimal, Harris prezident seçiləndən sonra da ermənilərə dəstəyini davam etdirəcək. Məsələ ondadır ki, bu cür şəxslər ABŞ-Azərbaycan münasibətlərinin də korlanmasına səbəb olurlar. Belə vəziyyətdə ikitərəfli münasibətlərin inkişafından danışmaq olmur. ABŞ Konqresində “Azərbaycanın Qarabağa təcavüzü” ilə bağlı cəfəng aktı müzakirəyə çıxarmaları da Kamala Harris və onun kimi “düşünənlərin” təxəyyülünün məhsuludur desək, yanılmarıq. Bu isə Harrisin ermənidən çox erməni, Baydendən çox ermənipərəst olduğuna dəlalət edir. Şübhəsiz, bu, həm də Harrisin timsalında Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq məqsədindən xeyli uzaq olan ABŞ-ın, eləcə də Qərbin bölgədə gərginlik yaratmaq ssenarisinin tərkib hissəsidir".

Emil SALAMOĞLU,  
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR