İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsinin “İrəvana yürüş” aksiyası ŞOK NƏTİCƏLƏR verə bilər

“Yeməklə doymayıblar, qazan dibi yalamaqla doymağa çalışırlar. Erməni dini liderinin çağırışı ilə Ermənistanın Tavuş rayonunun Azərbaycanla sərhədindən İrəvana yürüyən etirazçıların aksiyası bu aforizmi yada salır”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın xeyir-duası ilə başlayan İrəvana yürüş aksiyasını şərh edərkən belə deyib.

OGUZ.jpeg (277 KB)

Heydər Oğuz xatırladıb ki, 2020-ci ildən indiyədək erməni ordu birlikləri dəfələrlə Azərbaycan qarşısında məğlub olub, ardınca da xaricdəki havadarlarına sığınaraq yardım diləyiblər:

“Havadarları isə artıq bu giley-güzardan bezib onlara Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi, daha sonra kimdənsə imdad diləməyi məsləhət görüblər. Paşinyan da bu səbəbdən Azərbaycanla sülh danışıqlarına başlayıb. İndi isə başda erməni kilsəsi olmaqla İrəvandakı “5-ci kolon”un nümayəndələri etiraz aksiyası keçirməklə işğal etdikləri əraziləri əllərində saxlamağa çalışırlar. Halbuki, onların istəkləri Paşinyana qarşı mənasız aksiyalarla həll edilə bilməz. Məntiqlə, əllərinə silah alıb Azərbaycana qarşı müharibə edərək öz hədəflərini reallaşdırmaq imkanına sahibdirlər. Buna isə cəsarət edə bilmirlər. Çünki yenidən Azərbaycan Ordusunun dəmir yumruğu altında əziləcəklərini başa düşürlər”.

Bəs, həmin qüvvələr İrəvanda hakimiyyət dəyişikliyinə nail olarlarsa, Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlaya bilərmi?

“Məğlub pəhlivanın güləşə doymadığını” bildirən siyasi şərhçi növbəti müharibə təşəbbüsünün baş tutacağına inanmır:

“Əvvəla ona görə ki, müharibəyə hansısa keşiş qərar vermir. Bu qərarı böyük mənada xalqlar, kiçik mənada dövlət liderləri verirlər. Erməni xalqı isə növbəti dəfə öz övladlarını saxta “müqəddəs savaş”larda qurban vermək istəmir. Ölkədə keçirilən seçkilər, rəy sorğuları da bundan xəbər verir. Hətta 44 günlük müharibədən sonra keçirilən növbədənkənar parlament seçkilərində belə, erməni xalqı müharibə tərəfdarlarına səs vermədi. İnsafən, Paşinyan da həm Azərbaycanın gücünə, həm də öz havadarlarının kəramətinə bələddir. Bilir ki, ona verilən son şansı doğru dəyərləndirib Azərbaycanla sülh danışıqlarını davam etdirməsə, həm öz hakimiyyətini, həm də Ermənistanın suverenliyini, hətta bir dövlət kimi mövcudluğunu itirə bilər. Həyati instinktlər onu istər-istəməz savaş gündəmindən uzaqlaşdırır.

pasinyan.jpg (60 KB)

İkincisi, erməniləri savaşa çağıranların ictimai nüfuzları da yox səviyyəsindədir. Ermənilər əsasən köhnə rəhbərlərdən təşəkkül tapan bu zümrənin dabbaqxanada gönünə bələddir. Bilirlər ki, onların davası vətən uğrunda mübarizə deyil. Məqsədləri yenidən hakimiyyətə gəlib Ermənistanı talan etməkdir.

Üçüncüsü, beynəlxalq siyasət də savaş tərəfdarlarının lehinə deyil. Başı Ukraynada müharibəyə qarışan Rusiyanın hakimiyyət çevrilişi ilə iqtidarı ələ keçirməyə çalışan ermənilərin Azərbaycana qarşı aparacağı müharibəni dəstəkləyəcək gücü və iradəsi qalmayıb. Qərb ölkələri isə rusbaşlıların qiyamını müdafiə etməz. Əksinə, bayaq da qeyd etdiyim kimi, Paşinyana Brüssel görüşündə Qərb liderlərinin özləri deyib ki, Azərbaycanla savaşı bitirsin, Rusiyaya Cənubi Qafqazda qalması üçün əsas verməsin. Bu durumda Avropaya inteqrasiya prosesinə ekzistensial dəyər kimi yanaşan erməni ictimaiyyəti və hökuməti müharibə avantürasına sarılmaz”.

Məsələ burasındadır ki, erməni şovinizminin son 4 illik səylərindən fərqli olaraq budəfəki aksiyaya ruhanilər rəhbərlik edir. Xüsusilə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın canfəşanlığı və öncüllüyü diqqətdən yayınmır. Aksiyalarda dini ehkamların istifadə olunması İrəvandakı mənzərəni “5-ci kolon”un lehinə dəyişdirə bilərmi? Ümumiyyətlə, bəşəri dəyərləri əldə rəhbər tutan din xadimlərinin bu haqsız mübarizəni dəstəkləməsi nə qədər doğrudur?

Erməni Qriqoryan Kilsəsinin bəşəri dəyər daşıması iddiası ilə razılaşmayan Heydər Oğuz öz fikirlərini belə izah edib:

“Erməni dini görüşü öz xarakteri etibarilə həm katolik, həm də ortodoks xristianlığından ayrılır. Dini ehkamlarında Zərdüştçülük və qədim yunan inanclarına xas elementlər daşıyan bu din bəşəri dəyərlərdən çox, erməni millətçiliyini təbliğ edir. Bu baxımdan dini ehkamlar təkcə dindar ermənilər üçün yox, dünyəvi dəyərlərə önəm verənlər üçün də böyük anlam daşıyır. Bununla belə, son zamanlar Erməni Qriqoryan Kilsəsinin toplum nəzdindəki etibarlılığı yüksək səviyyədə deyil.

İREVAN SON.jpg (140 KB)

Aparılan rəy yoxlamaları da bunu təsdiqləyir. Bir çox erməni siyasilər öz kilsələrinin Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olduğunu açıq dilə gətirirlər. Din xadimlərinin Ermənistan əhalisinin böyük əksəriyyətini qorxudan müharibə tərəfdarlığı da onların nüfuzunu itirməsi ilə nəticələnir. Artıq ermənilərin böyük əksəriyyəti başa düşür ki, kilsə nə qədər siyasi proseslərdə yer alacaqsa, ermənilərin fəlakəti bir o qədər qaçılmaz olacaq. Bu baxımdan mən kilsənin İrəvana yürüşünün hansısa uğur qazanacağına inanmıram. Bunu “Gallup” Beynəlxalq Assosiasiyası adlı nüfuzlu rəy sorğu mərkəzinin bu yaxınlarda - 3 may 2024-cü ildə keçirdiyi rəy sorğuları da sübuta yetirir. Məlumata görə, Ermənistanda respondentlərin 36,8%-i heç bir halda hakimiyyəti dəyişmək üçün küçə döyüşlərində iştirak etməyəcəklərini bildiriblər. Respondentlərin 22.5%-i isə Azərbaycana torpaq veriləcəyi təqdirdə Paşinyan hakimiyyətinə qarşı mübarizəyə qoşulacağını vurğulayır”.

Bütün bunlara baxmayaraq, Heydər Oğuz Paşinyan hakimiyyətinin getdikcə nüfuzdan düşdüyünə və Ermənistanın tədricən vətəndaş qarşıdurmasına sürükləndiyinə inanır:

“Erməni kilsəsinin işə qarışmasıyla “İrəvana yürüş” aksiyasında olmasa belə, yaxın gələcəkdə Paşinyan hakimiyyəti devrilə bilər. Amma bu proseslərin Azərbaycana zərərinin olacağını gözləmirəm. Əksinə, bir tərəfdən xaricdəki diaspora, digər tərəfdən kilsə, bir başqa tərəfdən isə geosiyasi güc mərkəzləri arasında qalan Ermənistan getdikcə zəifləyəcək və imperialist qüvvələrin əlində oyuncaq olmalarının ağır bədəllərini ödəyəcəklər”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR