İnsanlara hürriyət, millətlərə istiqlal!

Əri narkotik çəkib elə HƏRƏKƏTLƏR etdi ki... - Azərbaycanda qadınların ŞOK HEKAYƏLƏRİ - VİDEOREPORTAJ

Bakıdakı sosial sığınacaqlara Azərbaycanın müxtəlif bölgələrindən onlarla qadın pənah gətirir. Onlar ailələri, yaxınları tərəfindən tərk edildikləri və ya şiddət gördükləri üçün bu məkanlara üz tutmalı olurlar.

İki uşaq anası olan həmsöhbətimiz Samirə Şahbazovaya (ad, soyaq şərtidir) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sahib çıxıb.

Samirə Sumqayıt sakinidir. 10 il evli olduğu həyat yoldaşından daima fiziki zorakılıq gördüyü üçün evini tərk edərək sığınacağa üz tutub.

sh1.jpg (122 KB)

Samirə Şahbazova: “Sonuncu dəfə həyat yoldaşım məni çox pis döydü. Elə zərbələr vurdu ki, özümdən getdim. Gözümü açanda özümü yoldaşımın əmisi gildə gördüm. Onlar sağalmağım üçün məni bir neçə gün evlərində saxladılar. Telefonumu da əlimdən almışdılar ki, yaxınlarıma xəbər verməyim. Təsadüf nəticəsində əmim məsələni bildi və qardaşıma xəbər verdi. Qardaşım gəlib yoldaşımı 102-yə şikayət etdi və polis onu apardı”.

Həmsöhbətimiz deyir ki, ona edilən psixoloji təzyiq nəticəsində sonradan şikayət ərizəsini geri götürüb. Ancaq qarşı tərəf bununla sakitləşməyib. Onu və övladlarını taksiyə otuzduraraq gecə ilə doğulduğu Yardımlı rayonuna göndərib.

sh2.jpg (77 KB)

Samirə Şahbazova: “Üstümdə nə pulum, nə də telefonum var idi. Yardımlıda yaşayan qardaşıma belə xəbər verə bilmədim. Yoldan keçən maşınlardan birindən xahiş etdim bizi Sumqayıta gətirdilər. Oradan isə Xırdalan Şəhər İcra Hakimiyyətinə gəldim. Onlar məni bura göndərdilər. Burada çox rahatam, güvəndəyəm”.

Samirə deyir ki, anası və qardaşları onu uşaqla qəbul etmirlər. Deyirlər ki, uşaqları atasına ver, sonra gəl biz sənə baxarıq.

Samirə Şahbazova: “Ailəm məni uşaqlarsız qəbul edir. Mən isə uşaqlarımı ata bilmərəm. Anam maddi yardım edirdi, amma boşanmağa qoymurdu. Deyirdi, hər bir evdə belə problemlər olur, otur uşaqlarını saxla.

sh3.jpg (70 KB)

İndi də uşaqlarımın sənədini vermirlər ki, məktəbə yazdırım. Uşaqlarım çox yaxşı oxuyurlar. Boşanıb uşaqlarıma özüm baxacağam”.

Nərgiz Ramazanova (ad, soyad şərtidir) Yevlax sakinidir. 34 yaşı var. Çox kiçik yaşlarından valideynlərini itirib. Onu və bacısını dayısı böyüdüb. Nərgiz 8 il bundan öncə ailə qurmaq məqsədi ilə Lənkərandan olan oğlana qoşulub qaçıb. Hər şey elə bundan sonra başlayıb. Bir aydan sonra məlum olub ki, həyat yoldaşı narkotik istifadəçisidir.

Nərgiz Ramazanova: “Nəşədən istifadə edirdi, öz-özünə gülürdü. Mənə şiddət göstərmirdi. Sadəcə olaraq evə gəlmirdi, maraqlanmırdı”.

sh5.jpg (87 KB)

Həmsöhbətimin rəsmi nikahı olmasa da, bu izdivacdan bir qız övladı var. O, azyaşlı qızını da götürərək ər evini tərk edib və Yevlaxa gəlib. Uzun müddət bacısının yanında yaşayıb. Lakin bacısı ailəsi ilə Gürcüstana köçdükdən sonra kimsəsiz qalan qadın sığınacağa üz tutub.

Nərgiz Ramazanova: “Yoldaşım indi də mənimlə maraqlanmır. Gələcəyim qızımla bağlıdır. İstəyirəm ki, o mənim həyatımı yaşamasın, oxusun”.



Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR