İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəbləri Bakıya gətirən sirr - diş həkimləri və botoks...

Ekspertlər də təsdiq edir ki, dünya üzrə müqayisə etdikdə Azərbaycanda bu xidmətlər ucuzdur

Bu ilin oktyabr ayında Azərbaycana 160 467 turist gəlib və bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 76% artım deməkdir. Oktyabr üzrə TOP-15 ölkə sırasında ərəb ölkələrinin xüsusi çəkisi var. Belə ki, bu siyahıda yer alan Səudiyyə Ərəbistanından 4 100, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) isə 2 200 vətəndaş səyahət üçün Azərbaycanı seçib.

2022-ci ilin digər aylarında bu siyahıda həmçinin Küveytin də adı yer alır. Region olaraq isə ərəb dövlətlərinin yerləşdiyi Yaxın Şərq regionu ümumi gəlmə turizminin 7,7 %-ni təmin edir.

Araşdırmalar son illər ərəb turistlərinin Azərbaycanın sağlamlıq turizminə marağın daha da artdığını təsdiq edir. Halbuki bir neçə il əvvəl ərəblərin Azərbaycana əsasən ov məqsədilə gəldikləri bildirilirdi. Ov turizmi istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Ərəb turistlər ov məqsədilə ölkəmizə Bəhreyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbistanından gəlirdilər.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”  İctimai Birliyinin sədr müavini Əhməd Qurbanov bildirib ki, hazırda Azərbaycana həm kosmetoloji, həm estetik, həm də stomatoloji prosedurları almaq üçün əsasən ərəb ölkələrindən olan turistlər səfər edir. “Xüsusən də stomatoloji xidmətlər bizim ölkəmizdə daha keyfiyyətli və sərfəli olduğu üçün ölkəmiz xarici turistlərə cəlbedici məkan olub.

Pandemiyadan sonrakı dövrdə digər turizm növlərində olduğu kimi sağlamlıq turizmində proqressiv inkişaf müşahidə edirik və hətta onların sayı bizim proqnozlarımızı da üstələdi. Hesab edirəm ki, sağlamlıq turizmini inkişaf etdirmək üçün regionlarda olan kurort zonaların təbliğatı aparılmalıdır, yaxud bu təbliğat daha da gücləndirilməlidir. Təbii ki, bu regionlara Avropadan da sağlamlıq turizmi ilə bağlı müraciət etmələrinə şərait yaradacaq". Görünən odur ki, Azərbaycana ərəbləri gətirən səbəblər sırasında stomatoloji xidmətin və estetik əməliyyatların ucuzluğudur. Amma bu xidmətlər doğrudan da ucuzdurmu?

İnsanlar əksər hallarda stomatoloji xidmətlərin bahalaşmasından şikayətlənirlər. O da iddia olunur ki, qiymətlərin qaldırılmasına səbəb xarici turistlərlə bağlıdır... 

65981dcd-5a56-40f4-96f1-4b01cf69.jpg (129 KB)

Stomatoloq Azər Aydınoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, müraciət edənlər daha çox Rusiya və Ukrayna vətəndaşlarıdır: “Bu günə kimi ərəb pasiyentim olmayıb. İslam ölkələrindən gələn pasiyentlər daha çox "İnstagram" üzərindən reklam olunan həkimlərə müraciət edirlər. Ola bilər ki, bizdəki  qiymətlər öz ölkələrindəki qiymətlərdən fərqlidir. Bəlkə də buna görə müraciət edirlər. Bizim istifadə etdiyimiz materiallar əsasən Avropa, Amerika kimi ölkələrin istehsalıdır və onlar da öz məzənnəsi ilə satdığına görə qiymətlərdə artma müşahidə olunur. Çünki materialları satan firmalar bizə bu məzənnəni manata çevirib satırlar. Bu səbəbdən də stomatologiyada  qiymət artımı qaçılmazdır".

Həkim implant dişlərin həddən artıq baha olması məsələsinə aydınlıq gətirdi: “Çünki implant dişlər xarici məzənnə ilə satılır və gömrük rüsumunu da onun üzərinə gələrək tam rəsmi şəkildə qeydiyyat aparırlar. Əlavə dəyər vergisi, klinika xərcləri də hesabladıqda qiymətlər baha olur. Amma ümumilikdə bizdəki implant qiymətləri müqayisə etsək, fərqi görərik. Tutaq ki, bizə gətirilən İsrail markası, alman markası Almaniyada beş qat baha satılır. Misal üçün, İsraildən gələn pasiyentlərimiz var ki, eyni markanı İsraildə deyil, gəlib Azərbaycanda tətbiq edirlər. Azərbaycanda implantla bağlı yerli istehsalımız yoxdur. Dünya üzrə müqayisə etdikdə Azərbaycanda qiymətlər aşağıdır. Bizim üçün qiymətlərin baha görünməsinə səbəb insanların gəlirlərinin aşağı olmasıdır”. 

Ölkəmizdə estetik proseduraların da olduqca bahalı olduğu bildirilir və bu qiymətlər hər klinikaya, həkimə görə dəyişir. Misal üçün, özəl klinikaların birindən əldə etdiyimiz məlumata görə, qaş qaldırma - 500-600 manat, mezoterapiyalar 250 manatdan başlayır, 350 manata qədər davam edir. Burun əməliyyatları əksər klinikalarda 3500 manatdan başlayır. Dodaq, yanaq, çənə dolğusu (təbii gel) 180-350 manat arasında dəyişir. Bu qiymətlər yerli sakinləri qane etməsə də, xarici turistlər üçün olduqca münasibdir...

ELŞƏN NƏSİBOV PLASTİK CƏRRAH. T.Ü.F.D. | Azərbaycan Tibb Ensiklopediyası

Elşən Nəsibov

Estetik cərrah Elşən Nəsibov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son dövrlərdə Azərbaycan səhiyyə sistemində olan peşəkarlıq Türkiyə ilə müqayisə olunacaq səviyyədədir: “Bu, istər estetik, istər ümumi cərrah, neyrocərrahiyə olsun, hansı sahə olursa-olsun inkişaf səviyyəsindədir. Xarici vətəndaşlar üçün xüsusi qiymətlər tərtib olunmayıb.  Amma o gün saytların birində gördüm ki, xarici vətəndaşlar üçün əməliyyatların qiymətləri tərtib olunub. Orada bizimkilərlə müqayisədə onların qiyməti iki qat artıqdır. Amma bizdə qiymət dəyişmir. Ola bilər onlar üçün bizim məbləğ az görünsün. Amma bizim üçün belə normal səviyyədir. Tutaq ki, 500 manat bizim üçün böyük görünsün. Amma ərəblər üçün o məbləğ aşağıdır.  Rusiya üçün də ucuzdur. Misal üçün, rinoplastika əməliyyatı Azərbaycanda hər yerdə 1500-2000 arasında dövr edirsə, Rusiyada 3000 dollardır. Qonşu ölkələrlə müqayisədə yenə ucuzdur. Bizə əsasən, son dövrlər Ukraynadan, Rusiyadan müraciət edənlər artıb. Yaxınlarda göz qapağı əməliyyatı etmişəm, o şəxs 500 manat pul köçürdü. Yəni onun Ukraynadan və ya Rusiyadan olmasının bizim üçün fərqi yoxdur, klinikanın təsdiq etdiyi standart qiymətlər var”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR