Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu TV Müsavat kanalında yayımlanan canlı efirdə aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com-un məlumatına görə, verilişdə müzakirə olunan əsas mövzulardan biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər olub.
Rauf Arifoğlu bu açıqlamalara münasibət bildirərək qeyd edib:
“Şah İsmayıl Xətai Türk dünyasının, Azərbaycan tarixinin və ümumtürk kimliyinin möhtəşəm simalarından biridir. Biz ona bir məzhəbin gözü ilə baxmırıq. O, Azərbaycanın böyük sərkərdəsi, dövlət xadimi, şairi və ozanıdır. Hörmətli Prezident Ərdoğanı da Türk dünyasının dəyəri hesab edirik. O, 44 günlük Vətən müharibəsində Azərbaycana möhtəşəm və həlledici dəstək vermiş, bütün gücü ilə Azərbaycanın yanında olmuş və artıq Türk dünyasının simvoluna çevrilmiş nəhəng şəxsiyyətdir.”
Rauf Arifoğlu əlavə edib ki, Ərdoğanı Türk dünyasının qüruru və dəyəri kimi qiymətləndirir:
“Mənim üçün Ərdoğan – Əmir Teymur, Atatürk, Şah İsmayıl Xətai, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevlə yanaşı, Türk dünyasının böyük liderləri arasında yer alır. Onlar hamısı bizim ortaq dəyərlərimizdir.”
“Biz istəyərdik ki, Türkiyədə də bu məsələlərə ortaq düşüncə və milli birlik prizmasından yanaşılsın. Türk dünyasının böyük simaları heç vaxt hansısa etnik və ya dini qrupların ayağına atılmamalıdır. Kürdün, ərəbin və ya başqa bir qrupların simpatiyasını almaq naminə ortaq dəyərlərimizi gözdən salmaq olmaz. Biz bir millət, bir tarix və bir gələcəyin övladlarıyıq.”
Rauf Arifoğlu həmçinin əlavə edib ki, bu cür hallarda bölgədə parçalanma yox, birləşmə, təfriqə yox, həmrəylik ruhu önə çıxarılmalıdır. Onun fikrincə, Türkiyə-Azərbaycan münasibətləri tarixi zirvədədir və bu möhtəşəm qardaşlıq münasibətləri hər kəs tərəfindən qorunmalıdır.
Verilişin sonunda Rauf Arifoğlu qeyd edib ki, şəxsi və ictimai baxışından asılı olmayaraq, Türk liderləri arasındakı qarşılıqlı hörmət və dəstək, Türk dünyasının gələcəyi üçün əsas sütunlardan biridir.
Verilişin bu hissəsinin davamını aşağıdakı videodan izləyə bilərsiniz.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ