İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın BMT-dən elan etdiyi sülh pəncərəsi...

Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan növbəti dəfə bütün dünyaya açıq-aydın şəkildə mesaj verib ki, Azərbaycana dəstəyini davam etdirəcək. Qardaş ölkənin lideri bu dəfə BMT tribunasından Azərbaycanla bağlı prinsipial mövqeyini açıqlayıb.

O, Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxış edərkən mühüm açıqlamalar verib, xüsusilə Qarabağla bağlı sərt danışıb, yeni informasiya sayıla biləcək mesaj da verib. “Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb” deyən Ərdoğan  qeyd edib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında davam edən normallaşma proseslərini dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox önəmli addımlar atıb: “Son günlərdə yaşanan gərginlik bu gözəl mühitə kölgə salmış olsa da, iki ölkə arasında ən qısa zamanda hərtərəfli bir sülh sazişinin imzalanmasının mümkün olduğuna inanırıq. Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərinin inşası mövzusunda verdikləri mübarizədə daima yanlarında olmağa davam edəcəyik”. Ərdoğan bölgədəki nəqliyyat-kommunikasiyaların ən qısa zamanda açılmasının hər kəsin rifahına qatqı olacağını vurğulayıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı “bu, Ermənistanın boyunu aşan hadisədir” deyən R.T.Ərdoğan Azərbaycanın yanında olacağını qəti şəkildə bəyan etmişdi və ondan sonrakı dönəmdə bütün dünya buna şahidlirk etdi. Azərbaycan və Türkiyə liderləri daim “Bir millət, iki dövlət”in mövqeyindən çıxış edirlər. Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin qarasınca deyinənlərə reaksiyasında “Türkiyə burada yoxdursa, mən varam” deyərək, möhtəşəm mövqe nümayiş etdirmiş, 85 milyonluq qardaş Türkiyənin ürəyini fəth etmişdi. Odur ki, həm xoş günümüzdə, həm də ağır savaş dönəmində, eyni zamanda hər hansı başqa qüvvələrin təhdidləri zamanı Azərbaycanın yanında olan Türkiyəmizin liderinin BMT tribunasından səsləndirdiyi bəyanat şübhəsiz ki, bir çoxlarına dərs olacaq.

Qeyd edək ki, Ərdoğan bölgədəki nəqliyyat kommunikasiyaların ən qısa zamanda açılmasının hər kəsin rifahına qatqı olacağını vurğulayıb. Liderlərə xitabən “Ortaq taleyimizə təsir edən problemlərə qarşı ortaq bir gündəmlə hərəkətə keçməli olduğumuz bir dövrdəyik” deyən Ərdoğan BMT-nin yenidən qurulmasının daha ədalətli bir dünya üçün vacib olduğunu qeyd edib. Türkiyənin terror təşkilatlarına qarşı lazım olanı heç vaxt dayandırmayacağını vurğulayan Ərdoğan “Bir daha bildirirəm ki, biz terrora qarşı hər cür tədbir görməyə qadirik” deyib. İraqda mövcud şərtləri istismar edən terror təşkilatlarının Türkiyəni hədəf alan hərəkətlərinə imkan vermədiyini deyən dövlət başçısı bildirib ki, "terrorla mübarizədə müttəfiqlərindən həmrəylik gözləmək Türkiyənin ən təbii haqqıdır".

Yunanıstanın mühacirlərə qarşı zülmünün artdığını dilə gətirən prezident Ərdoğan bu ölkənin mühacirləri qanunsuz və ehtiyatsız şəkildə öz ərazilərindən çıxarması ilə Egey dənizini qaçqın məzarlığına çevirdiyini söyləyib. Dövlət başçısı iştirakçılara fotoşəkilləri göstərərək, “Keçən həftə 9 aylıq körpə Asim, 4 yaşlı Abdulvaham və ailəsi Yunanıstan sahil mühafizəçilərinin qayıqlarını batırması nəticəsində həlak oldular” deyib. Afina rəhbərliyini gərginlik və təxribat siyasətini bir kənara qoymağa, Türkiyenin əməkdaşlıq çağırışlarına qulaq asmağa dəvət edən Ərdoğan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin rəsmi şəkildə tanınmasının vacibliyinə də işarə edib. Prezident Ərdoğan İsrail-Fələstin məsələsində iki dövlət prinsipinə güclü dəstək verdiklərini əlavə edib. “Bölgədəki problemin həll olunması və hərtərəfli sülhə nail olmaq üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasından başqa bir yol yoxdur”, - deyə o bildirib.

Göründüyü kimi, dünyanın beşdən böyük olduğuna bir daha diqqət çəkən Türk lider bir sıra vacib məsələlərlə bağlı mövqeyini ifadə edib. Amma bu mövzumuz konkret olaraq Qarabağla bağlı səsləndirilən bəyanata həsr olunduğu üçün ekspertlərimizə müraciət etdik. Sentyabr döyüşlərindən sonra Ermənistan və Azərbaycan arasında XİN başçıları səviyyəsində bir görüş olub, amma hələ ki, sülhlə bağlı ciddi prosesdən söhbət gedə bilməz, gərginlik hökm sürür, Ermənistandakı reavnşistlər də sakit oturmaq istəmirlər. Bəs cənab Ərdoğan “yeni pəncərə” deyərkən konkret nəyi, hansı prosesi nəzərdə tutub?

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu: “Bu, sülhə çağırış və region üçün tamamilə yeni tarixi səhifənin açılmasının təşviqidir”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı bir çox mühüm və aktual məsələlərə toxundu: “Şübhəsiz ki, bu sırada onun "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq", fikirləri olduqca qiymətli və əhəmiyyətli idi. Rəcəb Tayyib Ərdoğan dünyanın ən müxtəlif regionlarında mövcud olan ziddiyyət və savaşlarda həmişə çox böyük sülhyaratma təşəbbüsləri ilə çıxış edən və bir çox hallarda buna nail olmağı bacaran bir siyasi liderdir. Belə olan halda Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında qalıcı sülhün yaradılmasının vacibliyindən danışması olduqca təbiidir. Çünki 44 günlük müharibədən sonra işğal faktına son qoyulması və beləliklə də sülh üçün şərtlərin yaranması həm də qardaş ölkənin prezidentinin birbaşa səyləri və siyasi-diplomatik dəstəyi ilə baş tutub". H.Babaoğlu qeyd etdi ki, Rəcəb Tayyib Ərdoğan dövlət ağılı və təmkini ilə hərəkət etməyi bacaran və  eyni zamanda həm də dövlət yaddaşı ilə düşünməyi bacaran bir siyasətçidir: “O, Qafqazın tarixini, Ermənistan-Azərbaycan münaqişəsinin köklərini və Ermənistan - Türkiyə əlaqələrini dərindən bilir. Hələ bu gün də Türkiyəyə qarşı  qondarma erməni soyqırımı iddiaları davam edir, Ermənistan konstitusiyasında heç bir dəyişiklik edilməyib və Türkiyəyə qarşı ərazi iddiaları hələ də orada öz əksini tapır. Ona görə də regionumuzda qalıcı və uzunmüddətli sülh üçün ümumi yanaşma lazımdır. Qardaş ölkənin prezidenti Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb deyərkən məsələnin bütün tərəflərini tarixi kontekstdə qiymətləndirərək, bu gün yaranmış reallığı yeni bir səhifəyə çevirmək üçün Ermənistanın şansı olduğunu bildirir. Bu, sözün əsl mənasında sülhə çağırış və region üçün tamamilə yeni tarixi səhifənin açılmasının təşviqidir”.

Deputat, Milli Məclisin Müdafiə, müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev də hesab edir ki, Türkiyə Prezidenti cənab Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında bir neçə mühüm məqamlara toxunub: “Əsas məsələlər sırasında bunlar var idi: ölkəsinin uğurlu vasitəçilik səylərini nəzərə çatdırıb və bunun davam edəcəyini də qeyd edib. Rusiya-Ukrayna, ərzaq təhlükəsizliyini təmin etmək üçün taxılın daşınması kimi problemin həlli məsələlər də gündəmdə idi. Təbii ki, ən prioritet istiqamət kimi Cənubi Qafqazdakı vəziyyət barədə danışıb və bildirib ki, Azərbaycanın işğal etdiyi torpaqlarını azad etməsi Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün tarixi pəncərə açır və bu pəncərədən sülh, gələcək naminə, iqtisadi, siyasi, mədəni və mənəvi gələcək naminə istifadə etmək hər bir dövlət üçün zəruri ola bilər”.

Arzu Nağıyev: “Suriyadan qaytarılan qadın və uşaqların gələcəyi üçün hansı  işlər görüləcək?” - VİDEO

Arzu Nağıyev: “Cənab Ərdoğanın çıxışı NATO üzvü olmaqla yanaşı, əsl sülh carçısı olan bir dövlətin başçısının çıxışı kimi yadda qaldı”

A.Nağıyevin fikrincə, başlıcası da odur ki, Türkiyə bu fürsətdən yararlanmağa çalışır və “Azərbaycanla Ermənistan arasında gedən prosesləri” dəstəkləyir: “Cənab Ərdoğan diqqətə çatdırıb ki, sərhəddə son toqquşmalar bu müsbət atmosferi pozub. Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin hələ də mümkün olduğuna ümid var. Mühüm amillərdən biri də dünyada baş verənlərin taleyini tək 5 dövlətə həvalə etmək düzgün deyil, yəni təkcə beş ölkədən - BMT-nin daimi üzvləri - ibarət deyil, beynəlxalq ictimaiyyət də mövqeyini bildirməlidir. Bir sözlə, cənab Ərdoğanın çıxışı NATO üzvü olmaqla yanaşı, əsl sülh carçısı olan bir dövlətin başçısının çıxışı kimi yadda qaldı”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR