İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Baydenlə mübhəm görüşü: nələr dəyişəcək? - ABŞ Prezidentinin etirafları

Noyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə ticarət və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. ABŞ lideri Ukrayna limanlarından taxılın dünyaya daşınmasını təmin edən taxıl dəhlizinin yenidən fəaliyyətini bərpa etməsində vasitəçi roluna görə Türkiyə Prezidenti Ərdoğana təşəkkür edib.

Bundan başqa, İstanbulun İstiqlaliyyət küçəsində baş verən terror aktına görə də Bayden Ərdoğana başsağlığı verib. İki tərəf “F-16" təyyarələrinin Türkiyəyə satışını müzakirə edib, eyni zamanda ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya üzvlüyü baxımından Türkiyənin önəmli aktor olduğunu əlavə edib. Baydenlə Ərdoğanın indiki gərgin və həssas məqamda görüşü və müzakirə etdikləri məsələlər kifayət qədər ciddi məsələdir və bunun real nəticələri ola bilər. Əvvəla o baxımdan ki, ABŞ Türkiyə ilə hesablaşmadan regionda hansısa ciddi proseslər həyata keçirməyin mümkünsüzlüyünü başa düşür. Bayden görüşdə rəsmən Türkiyənin və Ərdoğanın böyük önəmini etiraf edib. Bu görüşdən sonra ABŞ-Türkiyə münasibətlərində, o cümlədən regionda gedən proseslərdə hansı dəyişikliklər, yeniliklər, gedişatlar ola bilər?

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu: “Türkiyə ilə münasibətlərin zəifləməsi Amerikanın maraqlarına ziddir”

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu gedişlə Ankaranın Vaşinqtondan daha da uzaqlaşacağını ehtimal edir: “ABŞ-ın Türkiyəyə ehtiyacı var. NATO üzvü olan Türkiyə Avrasiya bölgəsinin əsas ölkələrindən birinə çevrilib. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan müharibə aparan Moskva və Kiyevlə sıx təmaslara malikdir, girovların dəyişdirilməsində və "taxıl anlaşmasının" icrasında Ankaranın rolu əhəmiyyətlidir. Bu amillər Vaşinqton üçün də əhəmiyyətlidir. Buna baxmayaraq, Vaşinqtonun Fətullah Güləni Türkiyəyə iadə etməməsi, Suriyada PKK uzantılarına verdiyi dəstək Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir edir. Bundan başqa, pulu ödəndiyi halda ABŞ Türkiyəyə "F-35" döyüş təyyarələrini satmaq istəmir. Ankara bunun əvəzinə heç olmazsa "F-16" təyyarələrinin Türkiyəyə satılmasını istəyir. ABŞ Prezidenti Co Bayden Ərdoğana son görüşündə vədini təkrarladı. Ancaq Bayden əvvəlki görüşlərdə də vəd vermişdi, bunun yerinə yetirilməsi isə gecikir. Belə davam edərsə, Türkiyə ABŞ-dan daha da uzaqlaşacaq, Rusiya və Çinlə əlaqələrini genişləndirəcək. Bu, Amerikanın milli və təhlükəsizlik maraqlarına cavab vermir. Qərbin Türkiyəyə qarşı ikili standartları bu ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına yaxınlaşdırıb. Rusiya və Çin Türkiyə ilə müxtəlif ortaq layihələri reallaşdırmağa çalışırlar. Vaşinqtonun Türkiyə siyasətini korrektə edəcəyini düşünmürəm. Amerikada yunan və erməni lobbisi Türkiyə əleyhinə fəaliyyətini genişləndirib, Konqresdə Türkiyə əleyhinə çıxışlar edilir və biri onlara izah etmir ki, Türkiyə ilə münasibətlərin zəifləməsi Amerikanın maraqlarına ziddir".

Ermənistanın KTMT hikkəsi -

Mətləb Aslanov: “Ankaraya yönəlik addımlar atırlar”

AĞ Partiya başqanının köməkçisi, siyasi şərhçi Mətləb Aslanov tam şəkildə Türkiyənin Qərb ölkələri ilə əlaqələrinin yaxşılaşacağını düşünmür: “Baydenin bu etiraflarında qeyri-adi bir şey yoxdur. Zatən hər kəsə bəllidir ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan iqtidara gələndən ölkəsini dünyanın əsas güc mərkəzlərindən birinə çevirmək siyasəti yürüdür. Buna da artıq nail olub. Bu gün qardaş ölkə ələbaxımlı deyil, onunla hesablaşılan dövlətə çevrilib. Təbii ki, bunu dünya gücləri, o cümlədən Amerika həzm edə bilmir. Sadəcə, reallıqlarla barışmaq məcburiyyətində qalıblar. Azərbaycana belə bir güclü Türkiyə lazımdır. Çünki güclü Türkiyə olduğu sürəcdə Azərbaycan haqq davalarında hər zaman qalib gələcək. Bu görüş həm də ölkəmiz açısından çox mühümdür. Çünki yerləşdiyimiz regionda bəzi məsələlərin həllində bu görüşün də rolu ola bilər. Amma istənilən halda Amerika-Türkiyə münasibətlərinin tam şəkildə yaxşı olacağına inamım azdır. Dediyim kimi, Birləşmiş Ştatlar başda olmaqla, Qərb dünyası güclü bir türk dövlətinin mövcudluğunu istəmirlər. Sadəcə, indi qarşıdan soyuq qış fəsli gəlir və Ukraynadakı savaş səbəbindən Avropanı da çətin aylar gözləyir. Ona görə də Ankaraya yönəlik addımlar atırlar”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı: “Tərəflər problemləri kənara qoyub, hazırkı situasiyaya uyğun davranırlar” 

Siyasi analitik Asif Nərimanlı isə əsas müzakirə mövzusunun bu görüşdə Ukrayna olduğunu düşünür: “ABŞ-ın hazırkı administrasiyası ilə Türkiyə arasındakı münasibətlər müttəfiqlik münasibətlərindən daha çox, mövcud maraqlar üzərində qurulub. Bu o deməkdir ki, iki ölkə arasında problemlər var və bu problemlər həlledilməz olaraq qalır, lakin tərəflər problemləri kənara qoyub, hazırkı situasiyaya uyğun davranırlar. Ərdoğanla Baydenin bundan öncəki görüşlərinin gündəmi də belə olub. Əsas fikir ayrılığı da PYD/YPG terror təşkilatı ilə bağlıdır. Fikrimcə, ABŞ-Türkiyə münasibətlərində mövcud mənzərə qalacaq, yəni Vaşinqton Ankaranın istəyinin əleyhinə PYD/YPG terrorçularını dəstəkləməyə davam edəcək, o cümlədən qarşıdakı seçkilərdə Ərdoğan iqtidarının dəyişməsi üçün əlindən gələni edəcək. Amma bir sıra məsələlərdə ortaq addımlar da atılacaq. Bunlardan ən əsası Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasıdır. Türkiyə hazırda bir nömrəli qlobal məsələ olan bu prosesdə əsas vasitəçidir, hətta danışıqlarda Ankara rəsmi şəkildə iştirak etməsə belə, arxa planda aparıcı oyunçudur. ABŞ-da müharibənin başa çatdırılması, danışıqlar prosesinin başlanması haqda müzakirələr aparılır. Rusiyanın Xersondan çıxması, fikrimcə, həm də bununla bağlıdır, mümkündür ki, Vaşinqton və Moskvanın gizli təmaslarında bununla bağlı müəyyən uzlaşma olub. Mümkün danışıqlarda Türkiyə-Ərdoğan həlledici gücdür. Ərdoğanın Baydenlə görüşdən sonra Putinlə telefonda danışmağa hazırlaşması da onu deməyə əsas verir ki, əsas müzakirə mövzusu Ukrayna olub. Fikrimcə, bundan sonra fors-major situasiyalar yaranmasa, Ukrayna müharibəsində danışıqlar masasının qurulmasını görə bilərik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR